Xaliq Bahadır xanbahadir@mail.ru
Hə, gəlib bu yerə çıxdıq. Daha doğrusu, ABŞ hökuməti, ABŞ prezidenti Obama özlərinin çoxillik yanlış “daxili və xarici” siyasətləri üzündən işi gətirib bu yerə çıxardılar: biz indi ABŞ-la qaçılmaz savaş durumundayıq. Hər nə olmuşdu – olmuşdu, Obama gərək o çıxışı etməyəydi: “insan hüquqlarının vəhşicəsinə tapdandığı ölkələr: Rusiya, Çin, Venesuela, Azərbaycan”. Üstəlik: “Azərbaycan kimi yerlərdə (aşağılamağa bax: dövlət demir, ”yer” deyir! – X.B.) qanunlar QHT-lərin işini inanılmazca çətinləşdirir”. Ən başlıcası, görün nə deyir, qısaca yazıram: “Demokratik prinsiplərin tapdanması toplumda acıq doğurur, öcalma duyğularını alovlandırır. Bu baxımdan Amerikanın yurddaş toplumlarına yardımı ulusal güvənlik işidir”. Birincisi, Obama çıxışında Azərbaycanın adını çəkməyə bilərdi – çəkib. Ikincisi, Obama yersiz yerə ulusal güvənlik – milli təhlükəsizlik kimi qorxunc bir anlayışı ortaya atmaqla açıq-aydın bizə düşmənçilik sərgiləyib.
Biz nə etmişik? Biz “Ermənistan”, Rusiya kimi özgə torpaqlarını tutmamışıq, IŞID sayağı işlər də görməmişik. Bütün bunlarla belə biz niyə ABŞ-ın qorxulu düşmənləri sırasına salınmalıyıq? Bəlli olduğu kimi, ABŞ özünün ulusal güvənlik – milli təhlükəsizlik güdüyü olan yerdə dövləti çökürdüb-dağıtmağa yönəlik ekonomik sanksiyalara, bombardmana əl atır. Axı, biz erməni, rus kimi başqalarının topraqlarını tutmamışıq, IŞID kimi terror yoluyla islam dövləti yaratmaq istəməmişik. Biz eləcə Astaradan Ağstafayadək öz doğma Azərbaycanımızı ələ keçirməklə özümüz üçün regional rejim qurmuşuq. Düzdür, bir sıra yalançı jurnalistlər bu rejimi IŞĞALÇI adlandırırlar, ancaq biz belə düşünmürük. Biz burada parlamentin, məhkəmənin, ayrıca olaraq hökumətin bütün hüquqlarını könüllü olaraq yığıb prezidentə verməklə özümüzün suveren demokratiyamızı qurmuşuq. Bizim suveren demokratiya normalarına uyğun olaraq prezident dayanmadan, gecə-gündüz bilmədən məktəb, xəstəxana, körpü, göydələn, “Bizim market” tikdirir, yol çəkdirir, döngə-dalan düzəltdirir, məktəb, ev təmir etdirir, onların açılışını eləyir… sonra da buldozerin qabağına verib dağıdırıq. Bizlərsə suveren demokratiya prinsiplərinə uyğun olaraq kabinetlərimizdə oturub suveren biznesimizi INKIŞAF ediririk.
QHT-lərə – yurddaş toplumuna gəlincə, o bizim DAXILI işimizdır. Suveren demokratiya normalarına uyğun olaraq biz bütün bu işləri Milli təhlükəsizlik nazirliyinə, Daxili işlər nazirliyinə, Baş prokurorluğa, Ədliyə nazirliyinə, ayrıca olaraq məhkəmələrə tapşırmışıq. Tutulana güzəşt yoxdur: qanun qarşısında hamı bərabərdir – istər Tofiq Yaqublu olsun, istər Leyla Yunus, istər Intiqam Əliyev, istərsə də onlar kimi bir çox başqaları!
Iş elə gətirib, açıq danışmaq gərəyi yaranıb. Bizim üçün istər Avropa Parlamentinin qərarı, istərsə də Barak Obamanın indiki çıxışı gözlənilməz oldu. Biz bu sayaq qərarların, çıxışların qarşısını almaq üçün illərlə Avropaya, Amerikaya milyonlar ötürdük. Göründüyü kimi, biz o itirilmiş milyonlarla xalqı dirçəldib özümüzə dost edə bilərdik. Indi bizim durumumuz belədir: it də getdi, ip də. Tonlarla kürü də! Bu yerdə ən çox acıq doğuran Şafferdir. O amrikalı arvadı deyirəm: Brenda Şafferi. Amerikada bizim yaxşı imicimizi yaratması üçün onu Rövnəqə tapşırmışdıq. Rövnəq ona illərlə böyük-böyük pullar, nələr ötürdü. Indi, Obamanın çıxışından belə görünür, Şaffer bizə atıb. Deputatımız Gülər Əhmədova Elşad Abdullayevə, Ağır Cinayətlər Məhkəməmizin hakimi, çox dəyərli Həsən Əliyev Ramazan Səlimova atdığı kimi. Əli Həsənov düz deyir: Amerikada demokratiyadan əsər-əlamət yoxdur. Belə olmasaydı, Obama beş-üç adamın yazı-pozusuna görə Azərbaycanı qaralamazdı. Bizim də prezidentimiz var. Bizim prezidentimizə də məktublar gəlir. O onların birinə də baxmır – nəyinə gərəkdi? Prezident Növruzəli deyil, məktub dalınca düşə…