Dostlar getdikləri yerlərdən mənə qəzetlər gətirirlər: Berlindən, Parisdən, Londondan, Vaşinqtondan. Mən o qəzetləri birər-birər oxuyuram, daha doğrusu, o qəzetlərə birər-birər baxıram. Türk dili ilə rus dilindən savayı dil bilmədiyimdən onları oxuya bilmirəm. Düzünə qalsa, mən ərəb-fars qarışıqlı “Azərbaycan dilini” də bilmirəm. Buna görə də mən rejimə bağlı qəzetləri də oxumuram – onların dilini bilmədiyimdən!
Dünyanın bir çox ünlü qəzetlərini, deyək, “Nyu-York Tayms”, “Vaşinqton Post”, “Liberasyon”, “Independet” kimi qəzetləri şəkillərinə baxmaqla, dilimizə keçən Avropa sözləri üzərində baş sındırmaqla oxumağa çalışıram. O qəzetlərdə Ilham Əliyevin iki cür şəkilləri gedir: birində ürəkdən gülüb-sevinən, o birində olduqca acıqlı. Onun ürəkdən gülüb-sevindiyi şəkillər Rusiya prezidenti Putinlə, erməni prezidenti Sərkisyanla görüşürkən çəkilən şəkillərdir. Bunlar hər iki düşmənimizə – erməniliyə də, ona arxa durmaqla bizi yenən Rusiyaya da dağ çəkən şəkillərdir. Onlar I.Əliyevin o ürəkdən gülüb-sevinən şəkillərinə baxdıqca bizim necə güclü olduğumuzu görərək pisikir, qorxuya düşürlər. Hələ bəlkə, gizlində başqa işlər də baş verir: deyək, qorxudan Putini titrətmə tutur, Sərkisyan Xocalıda törətdiyi qırğınları yadına salıban sarısını udur…
I.Əliyevin acıqlı şəkillərinə gəlincə, sözsüz, bunlar Azərbaycan müxalifəti anılan, göz önünə gətirilən, onlardan danışılan çağlarda çəkilən şəkillərdir – nifrət dolu şəkillər. Bu nifrətin nədənini anlamaq çox da çətin deyil: I.Əliyevin müxalifətlə bağlı bir çox çıxışları, başlıcası da, YAP-ın sonuncu qurultayındakı (7 iyun 2013) çıxışı parlaq foto-portret yerindədir. O çıxışında I.Əliyev müxaliftlə bağlı demişdi: “onlar satqındırlar, xaindirlər, ermənilərə işləyirlər…” Bunu yoldan keçənin biri demir, “Azərbaycan prezidenti” adlanan kimsə deyir. O çıxışın ardınca baş prokuror Z.Qaralov yoldaş demişdi: dövlətçiliyə qarşı çıxanları tutub türməyə dolduracağıq.
Elə də oldu: “satqın, xain, ermənilərə işləməkdə” suçlanan müxalifət adamlarını tutub türməyə doldurmağa başladılar. Düzü belə də olmalıdır: dövlət regionun lider dövlətidirsə, demək, o dövlətin başında duran adam da regionun lider dövlət baçısıdr, belədə necə olmalıdır? Belədə liderin “satqın, xain, ermənilərə işləməkdə” suçladığı müxalifətçilərin hamısı tutulub türməyə gönərilməlidir. Yoxsa, öz aramızdır, belə olmasa “Azərbaycan prezidenti” adlanan kimsəni kim sya salar?!
Bugünlərdə “barı Naxçıvanda” bir müxalifətçini – hüquq savçısını az qala ölənədək döydülər. Düzü, mən də bir çoxları kimi yanılaraq sifarişin Bakıdan verildiyini düşünmüşdüm. Nə yaxşı, bizim sevimli Xalq daxili işlər nazirliyimizin öncül filialı olan Naxçıvan Xalq daxili işlər nazirliyi əlüstü bütün quşquları dağıdan olduqca önəmli açıqlama verdi. Sən demə, müxalifətçi (Cəbhəçi) oğlu Fərid Əsgərov insan hüquqları savçısı-müxalifətçi Ilqar Nəsibovu MƏIŞƏT ZƏMININDƏ tutub ölüncə döyüb! Ə bə de də bə!!! Neçə müxalifətçi ağzıbaşına danışan mənə müxalifətçini o sayaq qorxu-hürküsüz döyənin hansısa gizli qurumlarla işbirliyində olduğunu demişdi. Düzü, az qala mən bu yalana inanacaqdım, nə yaxşı, Filial yubanmadan sözügedən açıqlamanı yaydı. Özü də bu, indiki sosial-siyasi ortamda olduqca inandırıcı versiyadır. MƏIŞƏT ZƏMININDƏ versiyasını deyirəm.
Bu gün bizdə adamlar MÖHTƏRƏM, CƏNAB prezidentin SƏRƏNCAMI ilə tikilən çoxsaylı körpülərdən özlərini atıb öldürürlər – MƏIŞƏT ZƏMININDƏ. Bu necə baş verir? Adamlar MƏIŞƏT ZƏMININDƏ yaşayış-dolanışıq dözülməzliyi ilə üzləşirlər… sonra da daha çox borc-kredit ILGƏYINDƏ boğulmaqdan qaçaraq ASAN XIDMƏT körpülərinə üz tuturlar. Adam sağa-sola, aşağı-yuxarı baxaraq dərin nəfəs almaqla, yaşının sonundasa bircə yol geniş qol-qanad açmaq üçün… boşluğa atılır!..