Batıda aktiv siyasətdən gedən liderlərin memuar yazmaları az qala qanuna çevrilib. Yazarına yaxşı pul qazandıran bu memuarların arxasında, ola bilsin, kommersiya güdüyü də dayanır, ancaq, məncə, başlıca güdük bu deyil. Məncə, içindən-qaynarından keçib gəldiyi çağ axarına dönüb baş vurmaq, olub-keçənlərə qayıtmaq, baş verənləri dinc düşüncə süzgəcindən keçirmək, onları qıraqdan, çağ ayrılığından, çağ uzaqlığından dəyərləndirmək hər bir gerçək siyasətçi üçün vazkeçilməz bir istəkdir. Yazıldığı dövlətin böyük-balacalığından asılı olmayaraq bu memuarlar istər içdə, istər dışda, istər yaxında, istər uzaqda çox önəmli gərəkçələrə çevrilə bilir: dövlət adamları üçün, bütün kateqoriyalardan olan siyasətçilər üçün, eləcə də politoloqlar, siyasi yönümlü jurnalistlər üçün. Ancaq… siyasi memuarları oxumağa girişəndən qabaq bilməliyik: oxduğumuz yalnız baxıb düşüncəyə daldığımız keçmişin qala divarları deyil, eləcə də bizim quracağımız, qurmağı dilədiyimiz gələcəklə bağlı tikinti materialıdır. Lap belə olmasa da, oxuduğumuz siyasi memuralardan biz ən azı özümüz, ulusumuz, ölkəmiz, dövlətimiz üçün gərəkən sonucları çıxara bilərik. Sizcə, bu azdırmı?!
Bizim çağlarda superdövlətin – ABŞ-ın dövlət katibi olmuş Hillari Klinton da memuar yazıb. Onun memuarı ilə tanışlıq yalnız ABŞ-ın bütövlükdə dünyada, özəlliklə də bizim bölgə, ayrıca olaraq Azərbaycanla bağlı yürütdüyü siyasət baxımından deyil, eləcə də xanım Klintonun ölkəsində prezident postuna yiyələnmək istəyi baxımından önəmlidir; pezident olaraq, onun gələcək siyasətinin konturlarını memuarından sezmək olar. Siyasətdə belə sezmələr çox da az rol oynamır – başlıcası da bu, güclü-aparıcı dövlətlərlə bağlı olanda…
Azərbaycan olaraq bizim üçün ən ağrılı soruna – Dağlıq Qarabağ sorununa – xanım Klintonun baxışı (memuarında) yalnız ABŞ-ın deyil, bütün Batının ölkəmiz, bölgəmizlə bağlı yürütdüyü siyasət baxımından olduqca xarakterikdir. Xanım Klinton ABŞ-ın Rusiyadan enerji asılılığını aradan qaldırmaq üçün doğal qazı Orta Asiyadan Avropaya axıtmaq yolunda Dağlıq Qarabağ çəkişməsinin əngələ çevrildiyini vurğulayır. Olduqca DÜZGÜN baxışdır, ancaq… dünya liderliyinə çalışan, can atan ABŞ-ın MILLI MARAQLARI baxımından. Azərbaycana gəlincə, canı çıxsın… özü öz gününə ağlasın. Bəlli olduğu kimi, hələ bir çox illər öncədən, (indi bilinəni: Sovet dövləti dağılandan da qabaq) ABŞ Azərbaycan başda olmaqla bütün Qafqazı özünün MILLI MARAQ ZONASI olaraq bəlirləyib. Bu fakt bizdəki hansısa çay evində kimlərisə qıcıqlandıra-acıqlandıra bilər: yersiz yerə. Bizim ölkə-dövlət dışı bir yana, ölkə-dövlət içində belə, MILLI MARAQ adına ellik bir çolpamız da yoxdursa, kimliyimiz, necəliyimiz yaxın-uzaq kimin nə vecinə?! Biz özümüz özümüzü düşünməzkən başqaları bizi niyə düşünməlidirlər?! Bizdəki Prezident Administrasiyasında işləyən birisi – adına “dövlət qulluqçusu” deyərmişlər – “Ailəmin MALIK olduğu şirkətlərlə fəxr edirəm”, deyibən arxayınçılıqla KORRUPSIYA qanunçuluğu sərgiləyirsə, bu ölkədə, bu dövlətdə hansı cəhənnəmlik milli maraqlardan danışmaq olar?!
Azərbaycan kimi doğal resurslarla dolu, üstəlik, özünə özgə ölkələrdə ayrılıqda ABŞ, bütövlükdə Batı üçün demokratiya daha çox kamuflyaj rolunu oynayır. Bizlər el arasında buna “xala xətrin qalmasın” deyərik. Sözü gedən güclər-subyektlər üçün demokratiyanın necə kamuflyac rolu oynadığını xanım Klintonun yazdıqlarından açıq-aydın görmək olar. ABŞ diplomatları illərlə ölkələrinin ölkəmizdəki maraqlarını sıralayarkən demokratiya, insan hüquqları anlayışlarını sıranın sonuna sıxışdırıblar. Əliyevlər bizim incəliyinə varmadığımız bu sıralamanın incəliyinə çağındaca varmaqla özləri üçün çox böyük qazanclar əldə ediblər. Ortadakı bəlli çoxillik anlaşmaların başlıca nədəni budur…