Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün “sosial-iqtisadi inkişafının yekunları, qarşıda duran vəzifələrlə bağlı” yığıncağı keçirildi – Ilham Əliyev başçılığında. Ilham Əliyev başçılığında rüşvət-korrupsiya bataqlığına batırılmış ölkədə keçirilən “sosial-iqtisadi inkişaf” yığıncağı!
I.Əliyev: “Mənə məmurların yaratdığı problemlərlə bağlı siqnallar gəlir. Biz problemləri aradan qaldıracağıq. Hər yerdə qanun, qanunçuluq olmalıdır. Monopoliyalara son qoyulacaq. Azərbaycanda hamı hər şeyi bildiyindən burada nəyisə gizlətmək çətindir”. I.Əliyev bu sözləri hakimiyətə yiyələnəndən azacıq sonra, 2004-cü ilin başlanğıcında demişdi. Onda, bəlkə də, ona inanmaq olardı, indi ona azacıq da inanılası deyil. O çağlar “gənc, perspektivli lider” deyə xalqa sırınan adam elə xalqa yalan danışa-danışa da qocaldı. Onun çoxsaylı “sonuncu xəbərdarlıqları”, “qudurğan məmurları işdən qovacağam”, “rüşvətə, korrupsiyaya qarşı ciddi mübarizə aparılmalıdır”, “monopoliyalar aradan qaldırılmalıdır” tipli çıxışları indi ölkənini ən ucqarlarında belə acı gülüş doğurur. Onun bu sayaq çıxışları o başdan bu başa tərsinə effekt doğurub: rüşvət-korrupsiya, oğurluq-soyğunçuluq-monopoliya açıqcasına LEGITIMLƏŞƏRƏK DÖVLƏT SIYASƏTINƏ çevrilib. Bu yerdə BMT-nin keçmiş baş katibi Butros Qalinin dediyi yada düşür: “Damağında siqaret tutmaqla siqareti atmaqdan danışmaq olmaz”.
Bütün qabaqkı oxşar yığıncaqlarda olduğu kimi, I.Əliyev danışır, nazirlər ağzına baxır: damaqda SIQARET… ortada siqareti atmaq söhbəti; baxanlar görə-görə dinləməkdə…
I.Əliyev ağac qırmağı çox düzgün olaraq CINAYƏT adlandırdı. Bundan bir neçə il qabaq o, Bakıda ağac qırıb ev, obyekt tikənlərin evlərini, obyektlərini buldozerlə dağıtdıracağını demişdi. Onun bu “ciddi xəbərdarlığından” sonra Bakıda ağac qırğını daha da artdı: Binəqədinin icra başçısı Azadlıq prospektinə çıxan böyük bir yaşıllığı, yüzlərlə, bəlkə də, minlərlə ağacı qırdırdı; yasamal IH başçısı Ibrahim Mehdiyev o “ciddi xəbərdarlığın” ardınca Respublika xəstəxanasının çevrəsindəki, 20 Yanvar metrosunun çıxacağındakı çox böyük yaşıllığı – uzaqlardan görünən hündür şamlığı qırdırıb özünə böyük obyektlər tikdirdi, qalan yerləri də başqalarına satdı. Oralarda indinin özündə də ağac qırğını, tikinti işləri gedir. Üstəlik, Ibrahim Mehdiyev bizim yaşadığımız Yeni Yasamalda ağac qırğını içində, demək olar, satmadığı yer qoymayıb. “Azadlıq” qəzeti olaraq burada göstəriləndən qat-qat artıq faktları dönə-dönə işıqlandırsaq da, bir dənə də gərəkən reaksiya olmayıb. Biz qəzetimizin Prezident Administrasiyasında bütünlüklə oxunduğunu bilirik. Belədirsə, qəzet orada bütünlüklə oxunursa, ağac qırğını – açıq CINAYƏT faktları niyə reaksiya doğurmur?
Gəlin belə düşünək: I.Əliyev “Azadlıq” qəzetinə düşmənçiliyini, özü də barışmaz düşmənçiliyini dönə-dönə sərgilədiyindən, “Azadlıq” qəzetinin geniş yayılmaması, qapanması yönündə yorulmaz çalışmalarda bulunduğundan “Azadlıq” qəzetini Prezident Administrasiyasında kimsə oxumur, Əli Həsənov başda olmaqla Administrasiya adamları “Azadlıq” adında qəzetin varlığından bütünlüklə soraqsızdırlar. Onların əllərində olan çoxsaylı qəzetlər, teleradiolar isə Bakıdakı böyük ağac qırğınını görüb göstərmək gücündə, demək istəyində deyillər. Belədirsə, sayğılı xanımlar, sayğılı bəylər, onları – Azərbaycan bir yana, Bakıda baş verənlərdən soraqsız DƏVƏQUŞU dövlət qulluqçularını – necə qınamaq olar? Yox, onları qınamaq olmaz, ancaq… onları CINAYƏTDƏ suçlamaq olar. Hansı cinayətdə? Cinayəti bilib, bildirməmək cinayətində. Bəlli olduğu kimi, Prosessual Cinayət məcəlləsində bu var…
20 Yanvar metrosundan Novxanıya gedən yol. Bu yolla hər gün bir qrup “dövlət adamı”, deputat evdən işə, işdən evə gedib-gəlir. Gəlin sizinlə birgə metrodan Novxanıya üz tutaq. Yolun sağında metrodan başlamış üzü Biləcəriyə uzanıb gedən böyük şamlıq vardı. Neçə ildir yol boyunca bu şamlığı qırıb yerində necə gəldi, plansız olaraq irili-xırdalı obyektlər tikirlər. Bu vəhşi davranış hələlik Masazır DUZ GÖLÜylə başa çatır. O gölün necə vəhşiliklə ÖLDÜRÜLDÜYÜNÜ yaxınlarda yazmışdım. Öldürən də özgəsi deyil, pulsuzluqdan, YOXSULLUQDAN, dolanışıq çətinliyindən Masazır DUZ GÖLÜnün umuduna qalan “Azərbaycan prezidenti” Ilham Əliyevin öz kompaniyası – “Azərsun”dur. Başqa cür desək, “Azərsun”dan çıxan “Azərduz”. Deyirəm, bir az uzun olsa da, başlamışıq sonadək deyək: Azərneft, Azərqaz, Azərsu, Azərqızıl, Azərgümüş, Azərbalıq, Azərkürü, Azərpambıq, Azərtaxıl, Azəraqrar, Azərlizinq, Azəraviasiya, Azərkimya, Azərsənaye, Azərservis, Azərrestoran, Azərbinə, Azərsədərək, Azərgöydələn, Azərbizimmarket, Azərməktəb, Azərnəqliyat, Azəryolpolis, Azərmetro, Azərrüşvət, Azərkorrupsiya, Azərantikorrupsiya, Azərgömrük, Azərvergi, Azərsöküntü, Azərtikinti, Azərdaxiliişlərnazirliyi, Azərmillitəhlükəsizliknazirliyi, Azərordu, Azərprokurorluq, Azərədliyyə, Azərməhkəmə, Azərvəkil, Azərtürmə, Azərdin (bütün dinlər-təriqətlər!), Azərşərab, Azərradio, Azərteleviziya, Azərqəzet, Azərmətbuatyayım, Azərmətbuatşurası, Azərprezidentadministrasiyası, Azərdağ, Azərmeşə, Azərdəniz, Azərgəmi, AzərÇay, Azərgöl, Azərçöl, Azərturizm – bütün bunlar unutduqlarımızla birlikdə Ilham Əliyevin, Əliyevlər ailəsinin irili-xırdalı, az-çox gəlirli kompaniya-holdinqləridir. Son çıxışdan göründüyü kimi, yaxınlarda bunların üstünə biri də gələcək – Azərparkinq! Görün prezident yığıncaqda nə dedi: “Bakı kimi supermüasir şəhərdə kimlərsə əllərində çubuq, çubuğu qaldırıb-endirməklə parkovka işi görürlər: maşını burda saxlama, orda saxla. Bilmək də olmur onların yığdıqları pullar hara gedir. O pulların hamısının bəlli bir yerə gəlməsi üçün (başlıcası budur!) avtomat parkinqlər yaradılmalıdır”.
Gəldiyimiz yolla geriyə qayıdaq. Yenə yolun sağına baxa-baxa gedək. Yolboyu şamlıqlar qırılıb, qırılır, ta Respublika xəsətxanasının çevrəsindəki, yaxınlığındakı şamlığadək. Indi baxaq görək bu yolu hər gün sağ-sol evdən işə, işdən evə gedib gələnlər kimlərdir: deputatlar – Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva. Dövlət yetkililəri: PA müdiri – administrator-akademik-filosof Ramiz Mehdiyev, Nazirlər Kabinetində baş nazirin birinci yardımçısı, dünyalarca ünlü Əli Əhmədov, Daxili işlər naziri Ramil Usubov, eləcə də adlarını burada çəkmək istəmədiyim bir çox başqaları. Bu adamların prezidenti Bakıda bir ağac kəsilməsini çox düzgün olaraq CINAYƏT adlandırır, bunlarsa hər gün o baş, bu başa gedib-gəldikləri yolun sağ-solunda ağac qırğınını, demək, çoxsaylı CINAYƏT faktını görürlər, ancaq… üstünü vurmamaqla faktiki olaraq CINAYƏTƏ (lərə!) göz yummaqla onun daha da geniş yayılmasını stimullaşdırırlar. Yeri gəlmişkən, Prezident Administrasıyasının bağ evləri o yolun qurtaracağında, Novxanıdadır.
Prezident Bakıda ağac kəsilməsini gerçəkdən CINAYƏT sayırsa, yalnız Ekologiya nazirliyi deyil, bütün hakimiyət strukturları, bu strukturların başında duranlar hamılıqla ağac kəsiləmisinə yol verməməlidirlər. Onlar buna yol verir, fakta göz yumurlarsa, onda nə prezidentin ağac kəsilməsini CINAYƏT saymasına, nə də bu yöndə etdiyi mininci – “sonincu ciddi xəbərdarlığa” inanırlar. Belədirsə, yaşasın qanunsuzluq! Yaşasın hakimiyətsizlik!
Yox, belə olmamalıdır: istər Birey (fərd), istərsə də Ulus (millət) olaraq bizim uğurlu gələcəyimiz doğru-düzgünlüyə, qanunçuluğa bağlıdır; Ölkəmizin, Dövlətimizin uğurlu gələcəyi də eləcə – bunu hamılıqla anlamağımız hamılıqla qazancımıza çevrilərdi…