Vəfa Quluzadənin ölümü bütövlükdə millətimizin itkisidir. Allah ona rəhmət etsin.
Vəfa müəllim ilə qonşu idik. Çox mehriban ünsiyyətcil insan idi. Tanışlığımız isə 1992-ci ildən başlanmışdı. Vəfa müəllim Əbülfəz Elçibəy hakimiyyəti zamanı da xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində çalışırdı. O zamandan xoş, işgüzar münasibətimiz formalaşmışdı.
Bizim hökumət devrildikdən sonra da Heydər Əliyev hökumətində 1999-cu ilə qədər həmin vəzifədə çalışdı. Amma YAP hakimiyyətində təmsil olunduğu 6 il ərzində nə daxili siyasət (YAP hakimiyyətində daxili siyasət isə daha çox müxalifəti söyüb-yamanlamaqdır) məsələlərinə qarışdı, nə həmkarları kimi korrupsiyaya bulaşdı, nə də xarici siyasət prinsiplərini dəyişdi. Hər zaman Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, Qarabağın işğaldan azad edilməsi uğrunda çalışdı.
Vəfa müəllim ümumxalq məhəbbətini daha çox o zaman qazandı ki, Azərbaycan hakimiyyətinin Qarabağla bağlı ciddi güzəştə hazırlaşdığı ATƏT-in İstanbul sammiti (1999-cu il) ərəfəsində bu xəyanətdə iştirakdan imtina edərək dövlət müşaviri vəzifəsindən istefa verdi. İctimaiyyət hazırlıqlardan xəbər tutdu. Ardınca da baş verən sisilə hadisələr Qarabağın itirilməsinin hüquqi cəhətdən də təsbit edilməsi planlarını pozdu.
Düz 16 il idi ki, dövlətimiz zəngin təcrübəyə, ensiklopedik biliyə malik, vətəninə, millətinə hədsiz bağlı olan bu insanın bilik və bacarığından istifadə etmədi. Vəfa müəllimin ölümü bütövlükdə millətimizin itkisidir. Vəfa müəllimə Allahdan rəhmət diləyirəm.
Daha bir layiqli oğlunu itirdin, başın sağ olsun, Azərbaycan!