Bu rejim həm də anti-millidir, xalqın bütün savadlı, əqidəli, demokratik dəyişiklik arzulayan işıqlı övladlarını özünə təhlükə sayır
Bu gənc hüquq müdafiəçisini tanıyırsınız? Rəsul Cəfərov ölkəmizdə demokratik dəyişikliklər üçün çalışan mütərəqqi gənclərimizdəndir. Bu gün onu qurama ittihamlarla 6 il 6 ay müdddətinə azadlıqdan məhrum etdilər. Siz hökmdə yazılanları boş verin, əsl “cinayəti” siyasi məhbusları müdafiə etməsi, demokratik dəyişikliklər üçün çalışması idi. Ölkəmizdə Avroviziya yarışması keçirilən ərəfədə Rəsul bəy “Demokratiya üçün oxu” kampaniyasını təşkil etdiyi üçün hökumətin qara siyahısına düşüb.
Rəsul Cəfərovun demokratik dəyişikliklər uğrunda mübarizəsində özünəməxsus, olduqca sakit bir üslubu var idi. O, Xədicə xanım kimi hakim ailənin korrupsiya əməllərini araşdırmırdı, Seymur Həzi kimi hər yazısında, çıxışında İlham Əliyevi şəxsən tənqid etmirdi, Leyla Yunus kimi ölkədəki siyasi məhbus probleminə görə dövlət başçısının şəxsi məsuliyyətindən danışmırdı, Asif Yusifli kimi Qarabağ qazisinin özünü öldürmə həddinə çatdırıldığına görə şəhərin mərkəzinə mitinq təyin etmirdi. Amma Rəsul bəy də ardıcıl olaraq demokratik dəyərlərin möhkəmlənməsi üçün çalışırdı. Nəticəsini artıq bilirsiniz.
Rəsul Cəfərovun uzun müddətə azadlıqdan məhrum olunduğu gün diqqəti niyə onun mübarizəsində seçdiyi olduqca sakit, normalda heç kimi qıcıqlandırmalı olmayan üslubuna cəlb etdim? Uzun müddət demokratiya uğrunda mübarizəyə yeni qoşulan bəzi dostlarımızda belə yanlış təsəvvür formalaşmışdı ki, guya bu mübarizənin bir çox iştirakçıları öz sərt mübarizə tərzləri ilə hökuməti aqressiv hərəkətlərə sövq edirlər. Azərbaycanlılara tanış olan “günah öləndədir” düşüncə tərzi siyasətə yeni başlayan bir çox dostlarımıza da sirayət etmişdi. Hətta bir çoxları ölkədəki repressiyalara “şərait yaratdığına” görə prinspial müxalifət təşkilatlarını qınamağa da başlamışdılar. Biz o zaman da izah edirdik ki, ölkədə status-kvonu dəyişməyi arzulayan, buna çalışan hər bir kəs rejimin hədəfindədir. Acı təəssüf hissi ilə qeyd etməliyəm ki, son illərdə rejimin həyata keçirdiyi silsilə həbslər bizim haqlı olduğumuzu sübut etdi. İntiqam Əliyevin, Anar Məmmədlinin, Arif Yunusun, Rauf Mirqədirovun, Yadigar Sadıxlının, Pərviz Həşimlinin, o cümlədən bu gün haqqında hökm elan edilmiş Rəsul Cəfərovun və bir çox başqalarının belə sərt cəzalandırılmasını necə izah edəcək hər zaman repressiya qurbanlarının özünü haqsız çıxaranlar?
Rejim təkcə oğru və korrupsioner deyil, həm də anti-millidir. Bu xalqın bütün savadlı, əqidəli, demokratik dəyişiklik arzulayan işıqlı övladlarını özünə təhlükə sayır, fürsət düşdükcə onları əzib sıradan çıxarmağa çalışır. Amma bu repressiyalar həm də xalqımızın böyük demokratik potensialını ortaya çıxarır. Narahat olmayın, biz çoxuq, bizi həbs edib qurtara bilməzlər, tam əksinə, biz ölkəni dəyişikliklərə sövq edəcəyik. Bütün siyasi məhbuslarımız da haqq etdikləri azadlıqlarına qovuşacaq!