Dostlar, bağışlayın ki, sizləri bayram ovqatından ayırıb, ciddi bir söhbətə cəlb etməli oluruq. Nə edək, söhbət insan həyatından gedir. Şərlənərək həbs edilmiş hüquq müdafiəçisi Leyla Yunusun səhhəti ciddi şəkildə pisləşir. Hələ həbsindən əvvəl Leyla xanımın ağır xəstəliklərdən əziyyət çəkdiyini, bu xəstəliklərin onun həyatına təhlükə yaratdığını rejimin öz nəzarətində olan mətbuat orqanları da yazırdı.
Rejimin Leyla xanımı və həyat yoldaşını tamamilə məhv etmək niyyəti göz qabağındadır. Xalqımızın və beynəlxalq ictimaiyyətin təsirli müdaxiləsi olmasa, işlər buna doğru gedir. Həm Leyla xanım, həm də onun həyat yoldaşı Arif Yunus (yeri gəlmişkən, onun da ciddi ürək xəstəliyi var) uydurma da olsa, elə ağır cinayətlərdə ittiham edilir ki, bu ittihamlara görə onları çox uzunmüddətli həbs gözləyir. Bu isə onların həbsdəcə ölməsinə gətirib çıxara bilər.
Gözümüzün qabağında bir ailə məhv edilir, 37-ci ilin dəhşətləri yenidən təkrar olunur. Həm də Leyla Yunus bu faciəni yalnız ona görə yaşamalı olur ki, insan hüquqlarını müdafiə edib. Hökuməti Leyla xanımın əsasən iki kampaniyası özündən çıxardı.
1. Leyla xanım ona nail olmuşdu ki, Bakıda hökumətin bazar qiymətini deyil, istədiyi qiyməti verərək 10 minlərlə insanın evini başına uçurması BMT də daxil olmaqla, bütün nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qınanılmışdı.
2. İlham Əliyev yüksək beynəlxalq tribunalardan “Azərbaycanda siyasi məhbus yoxdur” deyəndə, Leyla xanım ölkədəki siyasi məhbusların siyahısını təkbaşına hazırlayıb bütün dünyaya yaymışdı.
Leyla Yunus bir çox beynəlxalq mükafatların laureatı olmuş, dünyada tanınan, yüksək təhsilə və geniş dünyagörüşünə malik bir şəxsdir. O istəsəydi, nəinki özünü bu şərlərdən qoruya bilərdi, hətta hökumətin sevimliləri cərgəsinə qoşulub, deputat da təyin olunardı. Bəli, Leyla xanım ciddi beynəlxalq nüfuzunu, yüksək elmi səviyyəsini rejimə xidmətə həsr etsəydi, əzilən xalqın deyil, hakimiyyətin təəssübkeşi olsaydı, indi məhbəsdə son günlərini gözləməkdənsə, televiziyalardan xalqa “ağıl verərdi”. Amma Leyla xanım rejimə deyil, xalqa xidməti seçdi. Ona görə indi qanunsuz həbsdə, həyatı təhlükədədir. Bəs biz, xalq olaraq, bu sadə həqiqətlərin fərqindəyikmi, yoxsa hər zaman yalan danışdığını bildiyimiz hökumətin Leyla xanıma qarşı apardığı aqressiv qara piar kampaniyası bizə də təsir edib? Ağır xəstəliklərin həbsxana şəraitində Leyla xanımı hər gün bir az da öldürdüyünü fikirləşəndə, yadıma Cinayət Məcəlləsinin 143-cü maddəsi düşür. Bu maddə “təhlükədə qoyma” adlanır. Bu maddəyə görə “həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma” cinayət əməli kimi təsbit olunur. Mənə elə gəlr ki, hazırda biz toplum olaraq hamımız bu maddədə nəzərdə tutulan cinayəti törədirik. Yeri gəlmişkən, heç kim “mən heç bir qanunsuz hərəkət etməmişəm” deyib, yaxasını qırağa çəkməsin. Təhlükədə qoyma cinayəti məhz hərəkətsizliklə törədilir. Hərəkət etməli olduğun halda, hərəkət etməməklə yəni…
#FreeLeyla #Leylaniazadet