Bu gün dostlarla birlikdə Seymur Həzinin məhkəməsində iştirak etdik. Prokuror sifarişə uyğun olaraq Seymur Həzinin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Cinayət işindən, onun necə quraşdırılmasından bəhs etməyəcəyəm. Aydın məsələdir ki, Seymur bəy sifarişlə həbs olunub. “Azərbaycan saatı”ndakı cəsarətli çıxışlarına, “Azadlıq” qəzetində rejimi ifşa edən tirajlı yazılarına görə ondan qisas alırlar. Seymur bəy həm də cəmiyyəti susdurmaq kampaniyası çərçivəsində həbs olunan dostlarımızdandır. 100 minlərlə insanın danışan dili olan yazarı, cəsarətli müxalifətçini həbs edirlər ki, digərlərini də qorxutsunlar. Əminliklə deyə bilərəm ki, rejim Seymur bəyi həbs etməklə qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilməyəcək. Seymur bəy çox mərd və cəsarətli mübarizə adamıdır.
Bu gün gərək məhkəmədə olub, prokurorun 6 il həbs istəyini onun necə saymazyana qarşıladığını görərdiniz. Seymur bəylə məsələ aydındır. Onu tanıyanların başqa gözləntiləri yoxdur. İnanıram ki, o bütün bu sınaqlardan şərəflə, daha da möhkəmlənərək çıxacaq. Seymur bəyin valideynləri də çox cəsarətli, iradəli, mərd insanlardır. Onlar haqlı olaraq oğulları ilə, oğullarının mübarizə əzmi ilə fəxr edirlər. Onun doğru yolda olduğuna və sonda qalib olacağına inanırlar. Ürəklərində acı çəksələr də, övladlarına zülm edənlərin qarşısında sızıldamırlar. Seymur bəyin atası Qarabağ uğrunda döyüşlərin könüllü iştirakçısı olub. Vətən, millət sevgisinin nə demək olduğunu, insanı nələrə sövq etdiyini yalnız kitablardan oxumayıb, özü yaşayıb. Ona görə də oğlunu yaxşı başa düşür.
Ölkəmiz üzərindəki bu qara buludlar dağılacaq. Dövlətimiz və millətimiz aydınlığa çıxacaq. Amma təəssüf ki, bütün bunlar qurbanlarsız, məhrumiyyətlərsiz olmur. Bu ağır irtica illərində xalqın yolunu aydınlatmaq üçün özlərini şam kimi yandıran, xalqımızın bu mərd, mübariz övladlarını tanıyaq, onlara arxa, dəstək olaq!.