Fərqinə vardıqmı ki, bu şər maşını durdurulmasa, sıra hamımıza çatacaq
İbrahim Novruzovun ölümündən çox təsirləndim. Təqrbən 50 yaşında, zahirən sağlam və enerjili görünən bir şəxs idi. NİDA-çıların məhkəməsində tanış olmuşduq. İbrahim bəy 17 yaşında həbs olunmuş NİDA-çı Şahin Novruzlunun atası idi. Şahin 2 il bundan qabaq, “Əsgər ölümlərinə son!” tələbilə keçirilən aksiyalardan sonra, digər NİDA-çılarla birlikdə şərlənərək həbs olunmuşdu. Hələ o zaman heç həddi-buluğa çatmamış bu gəncin başına gələnlər xeyli adamı sarsıtmışdı. Amma belə hallarda ata-ananın çəkdiyi acını heç kim çəkə bilməz. İbrahim bəyin ürəyi bu yükü qaldıra bilmədi. Çox təəssüf…
Bundan əvvəl də xeyli siyasi məhbusun ata-anaları övladları həbsdə ikən, övlad həsrəti ilə dünyalarını dəyişmişdilər. Şahini isə heç atasının dəfnində iştirak üçün də buraxmadılar.
Şahin həbs ediləndə onun ailəsi başqa bir bəlaya da tuş gəlmişdi. Bəli, məhz bəlaya. Şahini tutanlar üstəlik evdən götürdükləri, ailəyə – İbrahim Novruzova aid 94 min manat pulu da müsadirə etmişdilər. Heç evi, sabit qazancı olmayan ailə üçün (biznes başlatmaq məqsədilə) bir hissəsi başqalarından borc alınmış 94 min manatın nə qədər böyük vəsait olduğunu təsəvvür etmək çətin deyil. Heç şübhəsiz ki, İbrahim bəy bir tərəfdən Şahinin əsassız həbsinin dərdini çəkirdisə, digər tərəfdən də borcları necə qaytarmağın dərdini çəkirdi. Bəlkə də vaxtında əməliyyat olunmağa pulu olmamışdı. Gözümüzün qabağında gerçək bir ailə faciəsi yaşandı.
Bədii əsərlərdə, filmlərdə təsvir olunan (çox vaxt da yazar təxəyyülünün məhsulu olan) insan dramlarına həssaslıqla acıyan, bəzən ağlayan həmvətənlərim gözümüzün qabağında baş vermiş bu gerçək faciədən xəbər tutdularmı? Bu faciəyə acıdılarmı? Günahkarları lənətlədilərmi? Gənclər özlərini Şahinin, orta yaşlılar, valideynlər isə İbrahim bəyin yerinə qoymağa cəhd etdilərmi? O barədə düşündükmü ki, bu qədər günühasız insana, onların ailələrinə bu acılar onun naminə yaşadılır ki, bu sülalə hakimiyyətdə bir az da artıq qalsın, bu acgöz korrupsionerlər daha artıq oğurlaya bilsinlər. Fərqinə vardıqmı ki, bu şər maşını durdurulmasa, sıra hamımıza çatacaq.
Allah İbrahim bəyə rəhmət etsin! Şahinə isə güc-qüvvət, səbr və dəyanət versin!