Avropa Parlamentinin qətnaməsinə rejim təmsilçilərinin reaksiyaları başdan-ayağa özünüifşadı
YAP-çıların, hökumət rəsmilərinin Avropa Birliyi parlamentinin qətnaməsinə reaksiyalarından xəbəriniz var? Avropa Parlamentinin Azərbaycandakı repressiyaları pisləyən, siyasi məhbusların qeyd- şərtsiz azad olunmasını tələb edən, insan haqlarının pozulmasında xüsusi rolu olan vəzifəli şəxslərə qarşı hətta konkret sanksiyaların tətbiq olunmasını tövsiyə edən qətnaməsinə rejim təmsilçilərinin reaksiyaları başdan-ayağa özünüifşadır, arqumentsizlikdən və çaşqınlıqdan xəbər verir.
1. İddia edirlər ki, AB parlamentinin qətnaməsi ermənilərin işidir, qərəzlidir. Söhbətin qeyri-ciddiliyini, absurdluğunu qoyaq bir tərəfə. Təsəvvür edək ki, onların dediyi kimidir. O halda da xeyli suallar yaranır.
Avropa qitəsinin 28 dövlətini (o cümlədən Böyük Yeddilik dövlətlərindən dördünü), 500 milyondan artıq avropalını təmsil edən Avropa Parlamentini “acından ölən, kasıb” ermənilər öz təsirlərinə salıb idarə edirlərsə, bəs 100 milyard neft pulu ilə siz nə işlə məşğulsunuz?
Əgər Avropa Birliyi, ABŞ, ATƏT, Avropa Şurası, BMT – bütün dünya sizin hökumətə qarşı qərəzlidirsə, bəs harada qaldı sizin “müdrük, balanslı” xarici siyasətiniz? Nə etmisiniz ki, bütün dünya sizə qarşı qərəzli olub? Ən azı xarici siyasətinizin iflas etdiyini etiraf edirsizmi?
Həmin AB parlamenti bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək verən qətnamələr qəbul edib. Əgər erməni lobbisi sizin iddia etdiyiniz kimi, Avropada külli ixtiyar sahibidirsə, niyə AB parlamentinin, NATO sammitinin Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsinə mane ola bilmir?
Bir halda ki, bütün Avropa başdan-ayağa ermənipərəst imiş, onda niyə bu xalqın pullarını “ermənipərəstlər”ə muzey, kilsə, qəsr təmir etdirməyə, parklar salmağa xərcləyirdiniz? Ümumiyyətlə, bu qədər işləri ermənilərin aktivinə yazmaqla düşmənin təbliğatını apardığınızın, onu şişirtdiyinizin fərqindəsinizmi?
2. İddia edirlər ki, bu qətnamənin bizə təsiri olmayacaq. Heç kim bunlara təsir edə bilməzmiş. Yeni sözlər deyil, heç təəccüblənmədim. Səddam Hüseynin, Miloşeviçin, Hüsnü Mübarəkin, Qəddafinin, Bəşər Əsədin, Yanukoviçin və daha neçə diktatorun məmurlarının da eynən bu şəkildə danışdıqlarını unutmamışıq. Sonları məlum.
Adama deyərlər ki, sən dünyada heç kimlə hesablaşmaq fikrində deyildinsə, niyə ATƏT, Avropa Şurası, Avropa Birliyi qarşısında insan haqlarına hörmət edəcəyinlə bağlı bu qədər öhdəlik götürürdün? Əlbəttə, Avropa strukturlarının böyük səhvləri var. Onlar hər zaman prinspial olsaydılar, xirtdəyinə qədər korrupsiyaya bulaşmışlar, xalqdan oğurladıqları pulları da valyuta və ya daşınmaz əmlak şəklində Qərbdə saxlayanlar Avropa strukturlarına belə meydan oxuya bilməzdilər. Amma nəhayət, zaman dəyişib. Maddi təmənna müqabilində sizin korrupsioner hökumətinizə lobbiçilik edən vicdansızları indi Qərb özü bir-bir ifşa edir. Bu gedişlə sizin oğurluq pullarınızın üzərinə həbs qoyulacağı gün də uzaqda deyil.
Bütün günü xalqa şikayət edirsiz ki, dünya hələ də Qarabağın işğalı kimi bir ədalətsizliyə susur. “Biz dünyanı saymırıq” deyəndə, dünya da bizi saymaz də. Bunu başa düşmək çoxmu çətindir? Yoxsa, artıq Qarabağın işğal altında olduğunu unutmusunuz?
3. Dil boğaza qoymurlar ki, bizim parlamentin qəbul etdiyi qanuna heç kim heç nə deyə bilməz, bizim hüquq mühafizə orqanlarının quraşdırdığı cinayət işlərini, məhkəmələrin çıxardığı hökmləri heç kim şübhə altına ala bilməz.
Parlament seçkilərini saxtalaşdıranda, xalqın seçmədiyi adamları deputat təyin edəndə, mandatları pulla satanda bilmirdiniz ki, saxta parlamentə nə xalqın, nə də beynəlxalq aləmin hörməti olar? Siz Azərbaycan məhkəmələrinə hörmət edib, onların normal fəaliyyətinə imkan verdinizmi ki, dünya da həmin məhkəmələrə hörmət etsin? Çaşqınlığınız başa düşüləndir. Daha dünyanı öz yalanlarınızla aldada bilmirsiz. Amma özü yıxılan ağlamaz.