Avtoritar rejimlər ən güclü göründükləri zamanlarda iflas edirlər
Ölkədə nə baş verir? Bu səs-küylü həbslərdən insanlar hansı nəticələri çıxarır və ya çıxaracaq? Repressiyanın yeni dalğasının nəticəsi nə olacaq? Indi xeyli adamı bu və buna bənzər suallar düşündürür.
Hökumət qorxuya düşüb ki, Ukraynadan sonra demokratik dəyişiklik sırası Azərbaycana çatacaq. Indi öz aləmində dəyşikliklərin qarşısını almaq, cəmiyyətdə qorxunu daha da artırmaq üçün ciddi beynəlxalq qınaqlara rəğmən, həbsləri davam etdirir. Hazırda dünyanın başının Ukraynaya qarışmasına bir neçə aylıq fürsət kimi baxır. Rusiya himayəsinə də arxalanaraq müxalifəti və vətəndaş cəmiyyətini fürsət düşmüşkən maksimum zəiflətməyə çalışır.
Bəli, vətəndaş görür ki, hökumət istədiyi adamı həbs edir. Indi adamları həbs etmək üçün heç bir səbəbə ehtiyac yoxdur. Əsas tutmaq niyyətidir. Belə bir niyyət varsa, bəhanəni düzüb-qoşmaq çətin deyil. Vətəndaş görür ki, hökumət zorakı repressiyalarla müxalifəti və vətəndaş cəmiyyətini zəiflədir. Bütün bu zorakılıqlar bəzi adamları qorxudur. Bəzi zəif xarakterli, ya da asan qələbə gözləyən rejim əleyhdarlarında ümidsizlik yaradır.
Barmaqla sayıla biləcək qədər az olsa da, hər halda düşərgəsini dəyişib hökumət tərəfə keçənlər də olacaq. Belələri düşünəcək ki, transfer üçün uyğun vaxtdır. Demokratik düşərgənin başı özünə qarışıb, qınayan az olacaq. “Vaxtında” dönüklük etmiş bəziləri də indi özlərinə gəliblər. Fikirləşirlər ki, “uzaqgörən” olublar. Indi “konstruktivləşmək” fikrinə yeni düşənlərə bələdçilik edirlər. Hökumət də məhz bunlara nail olmaq üçün repressıyaları davam etdirir.
O zaman demək olarmı ki, hakimiyyət məqsədinə nail olub? Xeyr, ola bilməyib. Çünki sadaladığım neqativ nəticələr ayrı-ayrı faktlarda ifadə olunsa da, heç biri cəmiyyətdə aparıcı tendensiyaya çevrilə bilməyb. Əksinə, repressiyalar uzunmüddətli planda, strateji baxımdan rejimin məğlubiyyətini şərtləndirən tendensiyaları gücləndirib:
1. Haqsızlığın irimiqyaslı olması, xaqın etimadını qazanmış daha çox sayda insanın şərlənib həbs edilməsi, rejimin əsas dayaqlarından olan hüquq mühafizə sistemini tamamilə ifşa edib gözdən saldı. Indi onların iddialarını cəmiyyət birmənalı olaraq rədd edir.
2. Hökumətin törətdiyi haqsızlığın miqyası böyük olduqca, rejim mənsublarının hakimiyyətlərini və vəzifələrini qorumaq üçün nələrə əl atdıqları aydın göründükcə, daha çox sayda insan daxilən bunlardan qopur, başa düşür ki, övladlarımızı, gələcəyimizi ədalətdən, insafdan bu qədər uzaq olan adamlara ümid etmək olmaz.
3. Demokratik düşərgə sınağa çəkildikcə, mənəvi gücü daha aydın şəkildə üzə çıxır. Repressiyalar və fiziki zorakılıqlar bir tərəfdən hakim komandanın saxtakarlığını, qəddarlığını, antiinsani mahiyyətini üzə çıxarırsa, digər tərəfdən alternativ elitanın necə fədakar, səmimi, ardıcıl və cəsarətli insanlardan formalaşdığını sübut edir.
4. Repressiyaların davam etməsi rejimi beynəlxalq aləmdə ciddi şəkildə təcrid edir. Rejimin lobbiçiləri hər yerdə ifşa olunur. Eybəcər hərəkətləri dünyaya yayıldıqca, kürü və neft müqavilələri də aciz qalır. Kimsə bunları müdafiə etmir.
5. Insanlar aydın şəkildə görürlər ki, nə qədər bacarıqlı, nə qədər cəsarətli olsalar belə, nə müxalifət, nə də ictimai fəallar özləri bu repressiya maşınını durdurub, onları xilas etmək iqtidarındadır. Bəlkə də bu sözlərimə kimlərsə təəccüblənəcək, amma açıq deməliyəm: Geniş kütlələrin iştirakı olmadan, yalnız müxalifətin gücü ilə rejimdən xilasın mümkün olmadığını xalqımız nə qədər tez qəbul etsə, ölkəmizin rejimdən xilası da o qədər tezləşəcək.
Təəccüblənmək lazım deyil. Hər zaman belə olur. Avtoritar rejimlər zahirən ən güclü göründükləri zamanlarda iflas edirlər. Rejimlərin çöküşünü labüd edən faktorlar, tendensiyalar isə bir qayda olaraq rejimlərin öz səhv siyasətləri nəticəsində güclənir.