Misirdə sabiq prezident Məhəmməd Mursi və “Müsəlman qardaşlar” hərəkatının 35 öncül şəxsinin mühakiməsi başa çatmaq üzrədir. “Media forum” saytı xəbər verir ki, noyabrın 19-da prokuror mühakimə olunanların hamısına ölüm cəzası istəyib.
Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-ın Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib.
1992-ci ildə “Müsəlman qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər, 2012-ci il iyunun 17-də Misir prezidenti seçilib.
2013-cü il iyulun 3-də ordunun devirərək həbsə aldığı Məhəmməd Mursi və silahdaşları xarici ölkələrin, o cümlədən İranın xüsusi xidmət orqanlarına casusluqda, onlara məxfi sənədləri ötürməkdə, Fələstinin “Həmas” hərəkatı ilə əməkdaşlıq edib ölkədə vəziyyəti gərginləşdirməkdə ittiham olunurlar.
Məhəmməd Mursi 19 noyabr prosesində məhkəməni tanımadığını vurğulayıb, ancaq noyabrın 26-da keçiriləcək iclasda müdafiə çıxışı edəcəyini bildirib.