İraqın şimalındakı Mosul şəhərini İslam Dövləti iyun ayında ələ keçirib. O vaxtdan şəhər əhalisi cihadçıların sərt idarəçiliyi şəraitində yaşayır.
Silahlılar şəhərdə qısa bir zamanda qəddar cəza rejimi, qadınlarla sərt davranış və etiraz bildirənlərə qarşı dözümsüzlüyü ilə seçilən üsul-idarəsi qurublar.
Mosul sakinlərinə məxsus gündəliklərdən xüsusi silsilə formatında dərc edilən ilk hissə İD üsul-idarəsi altında Mosulda yaşamağın nə olduğuna işıq salır.
Müəlliflərin adı onların təhlükəsiziyini təmin etmək məqsədilə dəyişdirilib.
Feyzalın qeydləri
İslam Dövləti hakimiyyətinin qurulmasından 4 ay keçib, dostlarım hələ də gizlənməkdədir.
O, Mosulda bəzi hakimlər üçün cangüdən işləyirdi. İD gələndən sonra hakimlər qaçdı, dostum isə gizlənməyə məcbur oldu.
O, evində qalmır, heç kim onun harada olduğunu bilmir.
Hara baxsan, hər yerdə İD döyüşçüləri gözə dəyir, odur kı dostum bayıra çıxa bilmir.
Bəzən onlar səyyar yoxlama postları quraraq insanların sənədlərini yoxlamağa başlayırlar. İD silahlıları keçmiş təhlükəsizlik əməkdaşları, hakimləri, İD-ə qarşı vuruşanları, siyasətçiləri və dövlət idarəçiliyində işləyənləri axtarır.
Axtarışda olanların əksəriyyəti İD edamından ehtiyat edərək qaçıb. Bu cür aksiyalar insanları İD-dən çəkindirir.
Onların cinayət hərəkətləri dinc sakinləri terrora məruz qoyur.
İD döyüşçüləri edamları hamının gözünün qabağında küçədə keçirir. Onlar qara paltar geyir, saç-saqqal buraxır – bəziləri sankı illərlə yuyunmayıb kimi görünür.
Onların sayı günbəgün artır, koalisiyanın hava zərbələri onları qorxutmur və bu zərbələr heç nəyi dəyişmir.
Gerçəklik budur və vəziyyət getdikcə dəhşətləşir.
Meysin qeydləri
Sevdiyim Mosul şəhərində mən məktəbdə dərs deyirəm. Bütün iraqlı analar kimi mən də ərimə maliyyə cəhətdən kömək etmək istəyirəm ki, ailəmiz bu dərəcədə bahaçılıq şəraitində həyatın çətinliklərinin öhdəsindən gələ bilsin.
Bu yay dərs tətilləri başlayanda Bağdada, qohumları görmək, ailə mərasimində iştirak etmək üçün yollandım.
Qonaqlıqdan sonra, hələ xoş təəssüratlar içərisində olarkən Mosulda komendant saatının elan olunduğu və İD ilə hökümət qüvvələri arasında davanın başladığı xəbəri gəldi.
O andan bəri hər gün Mosulda qalmış ərimlə telefonla danışıram, son xəbərləri öyrənirəm.
‘Dəhşət və vahimə’
Uşaqlıq illərimin keçdiyi Bağdadda ən dəhşətli anları yaşadım. Mosulda 5 gün döyüşlər getdiyi zaman qorxu və vahimə içərisində, ərimdən nigaran idim.
İD döyüşçülərinin Mosula daxil olmasından sonra mən və ərim şəhərə necə dönəcəyim barədə düşünməyə başladıq.
Döyüşlər davam etdiyinə görə Bağdadla Mosul arasında bütün yollar bağlı idi.
Hökümət qoşunları silahı atıb döyüş meydanından qaçdıqdan sonra hamını məəttəl qoyan İD, şəhərləri bir-birinin ardınca alırdı.
Bir neçə cəhddən sonra Bağdaddan şimal istiqamətinə uçan təyyarəyə bilet sifariş edə bildik.
Lakin Bağdada uşaqlarımla yerüstü nəqliyyatla gəldiyimdən onların təyyarə səfərinə icazəni əvvəlcədən əldə etməmişdim.
Silahlı qruplar
Allahın köməkliyilə məsələ öz həllini tapdı, Mosuldan Bağdada gələn dostumuz özü ilə icazə arayışını gətirdi.
Nəhayət iyunun 20-i gecə biz Mosula dönə bildik. Küçələrdə gəzişən silahlı dəstələr adamı vahimələndirirdi.
Gecə-gündüz 3 gün ərzində oruc tutub dua etdim.
Yeni şəraitə öyrənədək evdən bayıra çıxmırdım, dəhşətli anlar yaddaşımdan silinməyəcək.
Mosul barədə məlumat
İraqın ikinci ən böyük şəhəri sayılır
2014-cü ilin iyun ayından İD-nin nəzarətinə keçib
İD nəzarətinə keçənə qədər şəhərdə 1.8 milyon əhali yaşayıb, İD gələndən sonra isə 500,000 adam şəhəri tərk edib.
Şəhər əhalisinin əksəriyyətini sünni ərəblər təşkil edir, bununla yanaşı şəhərdə kürd, türkmən və xristian azlıqları da var. (BBC azeri)