Rusiya mətbuatı Minsk istehsalı olan kolbasada “Afrika taunu” aşkarlandığı barədə məlumat yayıb. Məlumata görə, donuz ətindən hazırlanmış kolbasada 5 dəfə sınaq aparılıb və 4-də xəstəlik aşkar edilib. Bundan sonra məhsulun satışına qadağa qoyulub.
Ümumrusiya Elmi Tədqiqat İnstitutunun apardığı sınaqlar da xəstəliyin mövcudluğunu təsdiq edib. Hazırda Rusiya tərəfi Belarusdan bu faktların araşdırılmasını tələb edir.
Həmçinin, Rusiya Belarusdan göndərilən bütün ət məhsullarına qarşı monitorinqləri gücləndirib. Rusiyanın əsas baytarlıq inspektoru Yevgeni Nepoklonov bu fakt üzrə belaruslu həmkarı ilə təcili danışıqlar keçirib.
Xatırladaq ki, bir gün əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın ərzaq məhsullarının, o cümlədən kolbasanın keyfiyyətini tənqid edib. Lukaşenko bu məhsulların keyfiyyətcə Belarus məhsullarından geri qaldığını deyib: “Belarus keyfiyyəti xeyli yüksəkdir. Bizim kolbasalarda tualet kağizi yoxdur. Rusiya müəssisələrində isə tualet kağızı və müxtəlif əlavələr var. Ət cəmi 60 faizdir. Xalqa belə şeylər yedirdirlər”.