İslam İnqilabının Mühafizə Korpusunun (SEPAH) rəsmisi deyib ki, yüksək səviyyəli İran generalı bu ilin yayında 70 nəfərlik heyətlə İraqda kürd döyüşçülərinə yardım etmək üçün Ərbil şəhərində olublar. Onlar şəhəri İslam Dövləti (İŞİD) yaraqlılarından qorumaq istiqamətində çalışıblar.
SEPAH generalı Əmir Əli Hacızadənin dediyinə görə, general Qasem Soleymani İŞİD-ə qarşı “cəsarətlə dayanmış” və Ərbilin müdafiəsində mühüm rol oynamışdır.
Hacızadənin dövlət televiziyasında dediyi bu sözlər İranın İraqda hərbi əməliyyatlarda iştirak etdiyini təsdiq edir.
Əvəllər İran iraqlılara hərbi sahədə ancaq məsləhətlər verdiyini bildirirdi.
Bu ilin avqust ayında İŞİD Ərbili tutmağa yaxın idi. Lakin kürd döyüşçüləri (Peşmergə) və ABŞ-ın hava zərbələri bunun qarşısını aldı.