Vəfa Quluzadə: «Kremlin təzadlı qərarları hakimiyyətin ümumiyyətlə qərar qəbul etmək bacarığını itirdiyini deməyə əsas verir»
Rusiya prezidenti Vladimir Putinin Minskdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşü bir sıra aspektlərdən maraq doğurur. Putin jurnalistlərə açıqlama verərkən bir sıra təzad dolu fikirlər söyləyib. Putin bildirib ki, Rusiya Ukraynadakı vəziyyətin tənzimlənməsinə dair şərt irəli sürməyib və sürə də bilməz: “Biz Rusiyada oturub, atəşkəs üçün şərtlər barədə, Kiyev, Donetsk, Luqansk arasında hər hansı razılaşma barədə danışa bilmərik – bu, bizim işimiz deyil, bu, Ukraynanın işidir. Biz yalnız bu mühüm və vacib proses üçün etibar mühiti yarada bilərik. Bu haqda danışdıq. Tezliklə atəşkəsin elan olunması, qan axıdılmasının dayandırılması və siyasi həll yoluna keçid barədə, Ukraynanın ölkənin cənub-şərqində üzləşdiyi bütün problemlər baədə danışdıq. Bu sülh prosesi başlayarsa, Rusiya əlindən gələni edəcək. Düşünürük ki, bu prosesə mümkün qədər tez başlamaq lazımdır”.
Putinin açıqlamalarındakı təzadlar maraq doğurur. Bu cür təzadlı mövqe nədən xəbər verir?
Politoloq Vəfa Quluzadənin fikrincə, Putinin bu cür davranışlarına şərh vermək, onların səbəblərini izah etmək çətindir. Çünki Kremlin təzadlı qərarları hakimiyyətin ümumiyyətlə qərar qəbul etmək bacarığını itirdiyini deməyə əsas verir: «Ukraynanın prezidenti ilə Putinin normal görüşməsi, əl sıxması və daha sonra müsbət bəyanatlar verməsi bir sıra suallar yaradır. Amma Putin eyni zamanda Ukraynaya silah göndərir, oradakı separatçıları dəstəkləyir. Rusiyanın Ukraynada apardığı müharibənin əsas özəlliyi onun gizli olmasındadır. Rusiya etiraf etmir ki, müharibəni o aparır. Ona görə baş verənlərdə təəccüblü məqamlar yetərincədir».
V.Quluzadə hesab edir ki, Putin artıq anlamalıdır ki, Ukraynanı yolundan döndürmək mənasız və perspektiv vəd etməyən işdir: «Putin yürütdüyü siyasətin Rusiyaya ziyan verdiyini anlasa və geri çəkilsə o zaman proseslərdə nəsə irəliləyişə nail olunacağına ümid etmək olar».
Xəyal