Türkiyədə Israil Əleyhinə kampaniya davam edir. AKP hökuməti rəsmi Təl-Əvivin Fələstinə qarşı təcavüzünü terror kimi qiymətləndirr və günahsız insanları soyqırımı adlandırıb.
Türkiyə və Israil şirkətləri qarşılıqlı boykot qərarı verdilər
Israilin Qəzzada hərbi əməliyyatlar keçirməsi Türkiyə hökuməti tərəfindən kəskin tənqid olunub və Türkiyənin bu münasibəti iki ölkə arasında müəyyən qarşıdurma yaradıb. Artıq hər iki ölkədə qarşılıqlı boykotlar başlayıb. Belə ki, Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi Qəzza sektorunda hərbi əməliyyatların keçirilməsini dəstəkləyən Israil şirkətlərini boykot etməyə çağırıb. Bir neçə şəhər bələdiyyələri də bu kampaniyaya qoşulub. Türkiyənin qeyri-hökumət təşkilatları da (QHT) Qəzza sekorunda hərbi əməliyyatların keçirilməsinə cavab olaraq Israil şirkətlərini boykot etməyə çağırıb. Israilin supermarket şəbəkələrindən olan “Rami Levi” və “Blue Square” isə türk mallarının satışına qadağa qoyub. Hər iki iri marketlər şəbəkəsi Türkiyədən gətirilən məhsulların ucuz olmasına baxmayaraq onların satışından imtina edib.
Türk Hava Yolları isə mövcud şərtləri dəyərləndirərək Təl-Əviv səfərlərini 24 saat dayandırıb. THY-dən bildirilib ki, vətəndaşların təhlükəsizliyini nəzərə alaraq Israiliə hava uçuşlarını müəyyən müddətə dayandırılır və vəziyyətə uyğun olaraq uşuşlara qərar veriləcək.
Israilin zülmünə susmayacağıq
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan TBMM-də çıxışı zamanı bildirib ki, Israil hökuməti Israil-Fələstin münaqişəsinin hərbi yolla həll olunmayacağını bilməlidir. Baş nazir qeyd edib ki, Qəzzadakı qətliamlar dərhal dayandırılmalı və tərəflər arasında atəşkəs əldə olunmalıdır: “Dünya uşaqların ölümünü sadəcə seyr edir. Dövlətlər bu qeyri-insani qətliama göz yumduğu üçün, insanlar küçələrə çıxır. Biz susaq, susdurulsaq itirən yalnız Qəzza olmayacaq, həm də Türkiyənin müstəqilliyi olacaq. Biz, bu tələlərə düşməyəcəyik və sinəmizi sipər edəcəyik. Uşaqlar üçün, analar üçün səsimizi yüksəltməyə davam edəcəyik. Israilin zülmünə, Qəzzanın fəlakətinə səsini çıxartmayan bir ölkə başçısı tapıb, Türkiyəni susdurmaq istəyirlər. Əvvəllər olduğu kimi Türkiyəni barmaq sallamaqla istədiyiniz istiqamətə çevirə bilməyəcəksiniz”.
AKP-dən olan millət vəkili Cuma Içten isə, çıxışı zamanı tribunaya “Israil terrorçudur” afişası asıb.
ABŞ Ərdoğanın açıqlamasına etiraz etdi
Türkiyə mətbuatının yazdığına görə ötən gün BMT-nin baş katibi Ərdoğana zəng vuraraq atəşkəsin əldə edilməsi üçün Türkiyənin dəstək verməsini xahiş edib. Ərdoğan isə, atəşkəsin tərfdarı olduğunu və bunun üçün əlindən gələni edəcəyini bildirib.
ABŞ Dövlət Katibinin sözçüsü Marie Harf isə, Ərdoğanın Israillə bağlı açıqlamalarını zərərli adlandırıb: “Bu kimi açıqlamalar təcavüzkar və qorxulu mənzərə yaradır. Çox açıq söyləmək lazımdır ki, bu tipli fikirlər Türkiyənin beynəlxalq imicinə mənfi təsir göstərir. Türkiyə belə qorxulu fikirlər səsləndirmədən də münaqişəyə təsirini göstərə bilər”.
Ərdoğana qarşı növbəti ittiham
Türkiyənin “Aydınlık” qəzetinin yazdığına görə, Türkiyədən Israilə daha bir ticarət gəmisi göndərilib. Statistika Təşkilatının (TÜIK) rəsmi məlumatlarına əsasən Israil bu ilin mart və aprel aylarında Türkiyədən 124 ton 562 litr həcmində qırıcı təyyarə yanacağı idxal edib. Hesablamalara görə bu yanacaq Israilin hərbi hava qüvvələrinin sərəncamında olan azı 25 F-16 qırıcısının havaya qalxması və Qəzza bombardmanında iştirak edib geri qayıtması üçün kifayət edir.
Ərdoğan isə, mətbuata açıqlamasında bildirib ki, “Aydınlık” qəzetinin yazdıqları yalandır və təhrif olunub: “Israil təyyarəsi gələr və yanacağını alıb gedər. Bu hər yerdə belədir. Təyyarə getdiyi yerdə texniki baxışdan keçər, yanacağını alar və yoluna davam edər. Eyni şəkildə hər həftə bizim də 40-dan artıq təyyarəmiz Israilə gedir və yanacaq doldurur. Mütəxəssislər də təsdiqləyə bilər ki, Israildən gələn təyyarə mütləq Türkiyədən yanacaq götürməlidir”.