Ərdoğan qisas əməliyyatına başladı
«Bu savaş Gülən şəbəkəsini zəiflətmək üçündür və prezident seçkilərindən sonra da davam edəcək»
Ötən gecə Türkiyə polisi mərkəzi Istanbul olan 22 qəsəbədə əməliyyat keçirib. Türkiyə mətbuatının yazdığına görə, 200-ə yaxın ünvanda aparılan axtarışların hədəfi ötən il dekabrın 17-də həyata keçirilən “Rüşvət əməliyyatı”nı gerçəkləşdirən polislər olub.
Əməliyyat nəticəsində 34 polis əməkdaşı saxlanılıb. Saxlanılanlar arasında Istanbul Terrorla Mücadilə Müdiri Ömər Kösə, Istanbul TEM-in sabiq şöbə müdiri Yurt Atayün də var.
Istanbulun Baş Prokurorluğu açıqlamasında bildirib ki, istintaq əməliyyatları 2010-cu ildən başlayaraq davam etdirilir və artıq araşdırmalar başa çatmaq üzrədir. Eyni zamanda bildirilir ki, casusluqda şübhəli bilinən 76 polis əməkdaşı saxlanılıb. Saxlanılan şəxslər qeyri-qanuni şəkildə dinləmə həyata keçirməkdə ittiham olunur. Bildirilir ki, bu şəxslər xüsusi qurğudan istifadə edərək, baş nazir, nazir və MIT əməkdaşlarının səs yazılarını qeydə alıblar.
“Milliyyet” qəzetinin yazdığına görə, Ankara, Izmir, Şanlıurfa, Diyarbəkir, Antalya, Vanda da şübhəli şəxs qismində saxlanılanlar var.
Baş nazir Ərdoğan mətbuata açıqlamasında bildirib ki, məhkəmənin qərarını bilmədən heç nə deyə bilməyəcək. Ancaq baş nazir bu əməliyyatların paralel dövlətlə bağlı olduğunu da inkar etməyib.
Bəzi ekspertlər hesab edir ki, Türkiyədə yenidən start götürən həbslər, Ərdoğanın Gülən şəbəkəsinə qarşı növbəti zərbəsidir. Belə ki, prezident seçkilərinin yaxınlaşdığı bir vaxtda, Ərdoğan “nurçu” şəbəkəni özü üçün təhlükə hesab edir və bütün vasitələrlə bu şəbəkənin fəaliyyətini məhdudlaşdırmağa çalışır.
Siyasi ekspert Elxan Şahinoğlu bildirdi ki, Türkiyədə yenidən vüsət almış həbslərin Gülən şəbəkəsinə qarşı olması mümkündür: “Türkiyədə belə əməliyyatlar müəyyən dövrlərdə keçirilib və rüşvət alan polislər həbs olunub. Əgər həqiqətən də bu əməliyyatlarda gizli dinləmələr aşkar olunubsa, bu əməli törədən polislər məsuliyyətə cəlb olunmalıdır. Ancaq bu ehtimal da var ki, yeni həbslər Fətullah Gülən şəbəkəsinin zəiflədilməsinə xidmət edir. Çünki, Ərdoğan seçkiqabağı çıxışlarında təkrar edir ki, ölkədə paralel yapı var və bu şəbəkə dövlət üçün təhlükəlidir. Ona görə də bu istiqamətdə təmizləmə əməliyyatı aparılması inandırıcıdır”.
Ekspert onu da əlavə etdi ki, Fətullah Gülənin seçkilərdə Ərdoğana maneə törətməsi real görünmür: “Gülən şəbəkəsi bələdiyyə seçkilərində də çalışdı ki, Ərdoğanın reytinqini aşağı salsın və mövqelərinə zərbə vursun. Ancaq Ərdoğan bələdiyyə seçkilərində yüksək qələbə qazandı. Bu nümunə göstərdi ki, Gülən şəbəkəsi deyilən qədər də güclü deyil. Indi də Gülənçilər anlayırlar ki, prezident seçkilərində Ərdoğanla rəqabət apara bilməyəcəklər. Ərdoğan isə, bacardığı qədər Gülən şəbəkəsinə zərbə endirir və prezident seçiləcəyi təqdirdə də bu savaşı davam etdirəcək”.
Akif