Pentaqondan da Rusiyaya sərt mesaj göndərildi
“ABŞ Ukraynaya maye qaz nəqli ilə bu ölkənin Rusiyadan enerji asılılığını azaltmağa kömək edəcək” – bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri Ed Roys Kiyevdə keçirilən mətbuat konfransında məlumat verib.
“Biz Ukraynaya enerji yardımından danışırıq, bizim Luizianada əlavə gücümüz var. Biz ABŞ-dan təbii maye qaz nəql edə bilərik, o cümlədən Avropada terminalların tikintisini sürətləndirə bilərik ki, Avropa bu qazı ala bilsin”, – deyə Roys bildirib.
Bundan başqa, o qeyd edib ki, Azərbaycandan da qaz boru kəməri çəkiləcək, bununla Avropanı qazla təmin etmək mümkün olacaq: “Biz Azərbaycan tərəfi ilə də bu proqram haqqında danışacağıq”.
Konqresmen əlavə edib ki, əgər qaz yataqları səmərəli işləsə, Ukrayna 2020-ci ilə qədər öz təlabatının 50 faizini çıxara biləcək: “Bütün bu strategiyaların kombinasiyası Ukraynaya ayağa qalxmağa yardım edəcək, Ukraynanın ”Qazprom”dan asılılığını azaldacaq”.
ABŞ Rusiyaya görə Avropada hərbi birləşmələrini artırıb
Bu arada, ABŞ-ın Müdafiə Nazirliyi Rusiyanı hədələyib. Pentaqonun sözçüsü Con Kirb bildirib ki, Rusiya ordu birləşmələrini Ukrayna ilə sərhəddə saxlamaqla həm bu ölkədə, həm də Avropada situasiyanın stabilləşməsinin qarşısını alır: “Biz Ukraynada gərginliyin aşağı salınması üçün Moskva tərəfindən hər hansı addımın atılmasının şahidi olmamışıq. Rusiyanın Ukrayna ilə sərhəddən ordularını çəkməsi bu istiqamətdə böyük addım olardı. Bu, Ukraynanın suverenliyinə də hörmətin nümayişi kimi qiymətləndirilə bilərdi”.
Pentaqonun sözçüsü əlavə edib ki, Rusiyanın Ukraynadakı addımları ABŞ-ı Mərkəzi və Şərqi Avropada yerləşən NATO hərbi birləşmələrinin sayını artırmağa vadar edib.
“Ukraynada tamaşanı ABŞ idarə edir”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, ölkəsinin Ukraynada maraqlarına, 2008-ci ildə Cənubi Osetiyada olduğu kimi ziyan dəysə, onda Rusiya əvəzini çıxacaq. “Əgər bizə hücum olsa, biz cavab verəcəyik”, – deyə nazir Rusiya televiziyasına müsahibəsində bildirib.
Lavrov deyib ki, Ukraynada tamaşanı ABŞ idarə edir.ÿO, misal çəkib ki, Kiyev separtaçılara qarşı hərbi əməliyyatın yenidən başlanmasını məhz ABŞ-ın vitse-prezidenti Co Bayden Ukraynada olarkən elan etdi. Lavrov Ukrayna böhranının səbəbini ABŞ-ın geosiyasi mübarizədə geri çəkilmək istəməməsində görür. Yeri gəlmişkən, Ukrayna Daxili Işlər Nazirliyi məlumat yayıb ki, bu qurumun xüsusi təyinatlıları Svyatoqorsk şəhərini separatçıların qanunsuz hərbi qruplaşmasından azad edib.