Noyabrın 15-də Tiflisdə Rusiyanın təcavüzkar siyasətinə qarşı yürüş keçirilib.
“İşqala yox” şüarı ilə təşkil olunan aksiyanın məqsədi Rusiyanın Abxaziya ilə vahid ordu yaratmaq niyyətinə dünyanın diqqətini cəlb etmək, Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsini gündəmə gətirmək və bu məsələdə “dişsiz siyasətinə” görə hakimiyyətə etiraz etmək olub.
Aksiyanı Gürcüstanın Vahid Milli Hərəkatı təşkil edib.
Hərəkatın liderlərindən biri Qiqa Bokeriya bildirib ki, aksiyanı keçirməkdə məqsədləri ərazi bütövlüyünün pozulması və işğala qarşı Gürcüstan ictimaiyyətinin səssiz qalmadığını dünyaya göstərməkdir.
Bokeriya deyib ki, bu aksiya həm də Gürcütanın indiki hakimiyyətinə öz siyasətini dəyişmək və dövlətin təhlükəsizliyi üçün həqiqi addımlar atmaq üçün xəbərdarlıqdır.
Aksiyada neçə nəfərin iştirak etdiyi haqda hələlik məlumat olmasa da, təşkilatçılar 40 minlik yürüş olacağını bildirmişdilər.
Təşkilatçılar bəyan ediblər ki, hökumət insanların aksiyaya daha çox qatılmasına “kommunist metodları ilə” mane olub.
Noyabrın 15-də Londonda da Tiflisdəki yürüşlə həmrəylik aksiyası keçirilib.
Aksiya barədə daha ətraflı məlumat verməyə çalışacağıq.
azadliq.info