Kremlin əsas ideoloqlarından biri Rusiyanın məğlub olduğunu yazdı
“ABŞ-nın atdığı addımlar nəticəsində Putin geri çəkildi və… Rusiya üçün çox pis nəticələrə səbəb olacaq prosesin əsası qoyuldu”
Rusiyada imperyalist qüvvələrin ideoloqu kimi tanınmış Aleksandr Duqin sensasiyon yazıyla çıxış edib. Duqin, “facebook” səhifəsindəki yazısına “Putini xilas etməli” başlığı verib. O, həmişə olduğu kimi, Rusiyayla Qərb arasında ziddiyyətin antaqonist xarakter daşıdığını və ölüm-dirim mübarizəsi olduğunu xatırladıb.
Əvvəllər olduğu kimi, yenə də təkrarlayıb ki, Ukrayna hadisələrini ABŞ törədib və bütün bunlar Rusiyaya və ruslara qarşıdır, məhz buna görə Rusiya Krımı özünə birləşdirməyə məcbur oldu. O, təəssüf hissiylə qeyd edir ki, Putin Ukraynanın cənub-şərqini – “Novorossiya”nı Ukraynadan ayırmağa nail ola bilmədi.
“ABŞ-nın atdığı addımlar nəticəsində Putin geri çəkildi və Ukraynanın Cənub-Şərqindəki qüvvələri dəstəkləyə bilmədi. Biz hücum etmək yerinə, faktiki geri çəkilməyə məcbur olduq və bununla da Rusiya üçün çox pis nəticələrə səbəb olacaq prosesin əsasını qoyduq. Putinin Ukraynanın Cənub-Şərqinə qoşun yeridə bilməməsi əslində, Rusiyanın məğlubiyyəti oldu. Qərb qarşısında qorxu Rusiya hökümətini bu addımı atmağa məcbur etdi. Ukraynaya qoşun yeridilməməsinin çox ağır nəticələrini proqnozlaşdırmaq o qədər də çətin deyil. Rusiyanın bundan sonra geri çəkilməsi, ölkədə dövlət çevrilişinə və Putinin devrilməsinə səbəb ola bilər. Artıq Rusiyada Putinlə bağlı məyus olma halları müşahidə olunur. Artıq Putin çox bic planlar düşünən və hər şeyi bilən adam kimi qəbul olunmur. Putin hətta bəzi beynəlxalq məsələlərə bağlı tərəddüd mövqeyində durur və onu belə mövqedə durduğuna görə dəstəkləmək heç də yaxşı çıxış yolu deyil. Elə bir vəziyyət yaranıb ki, xarici və daxili qüvvələrin saray çevrilişi etməsi və hətta Putinin fiziki məhvi də qətiyyən istisna olunmur. Üstəlik, Rusiya tarixində belə hallar az olmayıb. Bütün bunlara baxmayaraq, biz riskə getməli, Putinə arxa olub, onun yaxın və uzaq düşmənlərinə qarşı ölüm-dirim savaşına girməliyik. O bizə nə göstəriş verəcək, nə də işarə. Məsələ burasındadır ki, ya başqa işlərlə məğul olduğundan, ya da “altıncı kalon”un onu çaşdırdığından, bizə yol göstərə bilməyəcək. Heç nəyə baxmadan, biz təcili Novorossiya, Rusiya, Avrasiya Ittifaqı uğrunda həqiqi vətənpərvər Putinçi qüvvəni forlmalaşdırmalıyıq”, – deyə Duqin yazır.
Onun yazısı “Putin uğrunda” sözləri ilə bitir.
Duqinin fikrincə, “altıncı kalon” Putini dəstəkləyən, eyni zamanda Rusiyada Qərb dəyərlərini bərqərar olmasını istəyən şəxslərdir.
Duqin hesab edir ki, bu adamları Rusiyanın düşmənləri kateqoriyasına aid etmək üçün hər cür əsas var.
azadliq.info