Etirazçılar oturaq aksiyalara başlayır, polis zorakılığı və kütləvi həbslər davam edir
ABŞ, Avropa Birliyi və ATƏT-dən reaksiya gəldi; Sarkisyan Brüsselə yola düşdü
Ermənistanda iyunun 19-dan başlayan etiraz dalğası səngimək bilmir. Etirazçılar avqustun 1-dən elektrik enerjisinin 16 faiz bahalaşmasına qarşı çıxaraq qərarın dərhal ləğvini tələb edirlər. Iyunun 23-də səhər saatlarında paytaxt Yerevanda keçirilən kütləvi aksiya polis müdaxiləsindən sonra dağıdılsa da, dünən şəhərin “Azadlıq” meydanına minlərlə insan toplaşıb.
Polis yenə aksiyaya müdaxilə etdi
Polislər bu dəfə də aksiyaya müdaxilə ediblər və 250-dək adam saxlanılaraq bölmələrə aparılıb. Aksiya iştirakçıları polisin etirazçılara qarşı güc tətbiq etməsini pisləyərək mübarizəni sonadək davam etdirmək əzmində olduqlarını bildiriblər. Etirazçılardan biri çıxışında vətəndaşları itaətsizlik aksiyasına başlamağa və işıqpullarını ödəməməyə çağırıb. Aksiya “Baqramyan” xiyabanında yürüşlə davam etdirilib. Xiyabanda etirazçılarla polis üz-üzə gəlib. Polislər aksiyaçıların Prezident Sarayına getməsinə imkan verməyiblər. Yerevanın polis rəisinin müavini Valeri Osipyan elan edib ki, saxlanılmış 250-dək aksiyaçı evə buraxılıb. O, etirazçıları dağılışmağa çağırıb. Çağırışa məhəl qoymayan aksiyaçılar etirazlarını davam etdiriblər. Etirazlar zamanı xəsarət alan xeyli adam öz xahişi ilə xəstəxaları tərk edərək yenidən aksiyaya qoşulub. Onlar əsasən aksiyanın təşkilatçısı olan “Talana yox” hərəkatının üzvləridir.
ABŞ səfirliyi bəyanat verdi
Ermənistandakı ABŞ səfirliyi bəyan edib ki, aksiyaçılara qarşı zor tətbiq edilməsindən və polis bölmələrində fiziki təzəyiqə yol verilməsi barədə xəbərlərdən narahatdır. ABŞ səfirliyi Ermənistan hökumətini polisin aşırı güc istifadə etməsi hallarını ətraflı araşdırmağa çağırıb.ÿ
Rusiya nə düşünür?
Rusiyanın Ermənistandakı səfiri Ivan Volınkin də etirazlarla bağlı mövqeyini açıqlayıb. Volınkin bildirib ki, Rusiya Ermənistanı stabil ölkə kimi görmək istəyir: “Mən əminəm ki, problem hüquqi müstəvidə həll olunmalıdır. Bu məsləni dəyirmi masa ətrafında müzakirə etmək lazımdır. Ermənistan prezidenti bunu bir neçə dəfə təklif edib. Biz Ermənistanda stabillik görmək istəyirik. Çünki bir ölkə yalnız bu şərtlər altında inkişaf edə bilər”.
Prezidentlə görüş baş tutacaqmı?
Ermənistan prezidenti Serj Sarkisyanla görüş təklifini müzakirə edən etiraz aksiyasının Koordinasiya Qrupu nümayəndə heyətinin tərkibi ilə bağlı razılığa gələ bilməyib.ÿBundan başqa, nümayişçilərin çoxu prezidentin təşəbbüsü ilə ortaya atılan görüş ideyasına neqativ yanaşdıqlarını bildiriblər.
Dünən həmçinin Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə gənclərin oturaq aksiyaya başladığı barədə xəbərlər yayılıb. Gənclər həmvətənlərini ölkənin digər şəhərlərində də analoji aksiyalar təşkil etməyə çağırıblar. Günorta saatlarında “Baqramyan” prospektində gərgin anlar yaşanıb. Polis aksiyaçılara qarşı su şırnaqlarından istifadə edib. Lakin etirazçılar oturaq aksiyaya başlayaraq geri çəkilməyblər. Vəziyyətin belə olduğunu görən xüsusi təyinatlı polis dəstələri onları sürüyərək polis maşınlarına doldurublar.
Hazırda həbsdə olan Ermənistanın tanınmış aktyoru Vardan Petrosyan etirazçılarla həmrəylik nümayiş etdirdiyini və bu məqsədlə aclıq aksiyaçına başladığını elan edib. Aktyorun vəkili Nikolay Baqdasaryan bildirib ki, müdafiə etdiyi şəxs özünü yaxşı hissə etməsə də, aclığı davam etdirməkdə israrlıdır: “Özünü çox pis hiss edir. Amma nə etmək olar, bu onun qəti qərarıdır”.
“Facebook”dan 10 min nəfərlik dəstək
Ölkənin keçmiş və indiki deputatları, həmçinin artistlər, şou-biznes nümayəndələri və ziyalılar polislə aksiyaçılar arasında canlı sədd çəkiblər. Müxalifətdən olan deputat Nikol Pashinyan bundan əvvəl özünün “Facebook” səhifəsində belə bir təşəbbüs irəli sürmüşdü. “Azad demokratlar” Partiyasının sədri Khachatur Kokobelyan jurnalitlərə bildirib ki, məqsəd, nümayişçilərin taktikasına mane olmaq yox, zorakılığa yol verməməkdir. Hadisə yerinə hakim Respublika Partiyasının nümayəndələri də gəlib. Amma onların gəlişi aksiyaçıların etirazına səbəb olub. Aksiyaçılar yenidən prezident Serj Sarkisyandan elektrik enerjisinin bahalaşması barədə qərarı ləğv etməyi tələb ediblər. Onlar baş nazirdən və parlament sədrindən cavab gözlədiklərini bildiriblər. Hadisə yerinə əlavə dubinkalı və dəmir şitli qüvvələr yeridilib. Ölkə prokurorluğu məlum etirazlarla bağlı xuliqanlıq və ictimai asayişin pozulması ittihamları ilə cinayət işi başladıb.
Etirazçılardan Yegin Nersisiyan aksiyalara ara verilməyəcəyini bildirib: “Etirazlar əlbəttə ki, davam edəcək. Bizi döyməklə etirazların qarşısını ala bilməyəcəklər. “Sevimli polislərimiz” tərəfindən döyülməyimiz birinci dəfə deyil. Amma bu dəfə polislər daha sərt olublar”.
Belarusun insan haqları müdafiəçisi Ales Byalyatski deyir ki, hər bir iqtisadi böhran arxasınca siyasi böhran gətirir: “Ermənistanda minlərlə insan təkcə elektrik enerjisinin bahalaşmasına yox, həm də cəmiyyətdəki ümumi gərginlik və hakimiyyətin siyasi idarəetməsinə etiraz edir”.
Şəffaf araşdırma tələb olunur
Bu günlər ərzində hadisələri işıqlandıran bir neçə jurnalist saxlanılıb və ya döyülüb. Bir çoxunun avadanlığı sındırılıb, çəkdikləri kadrlar əllərindən alınıb. “Azadlıq” radiosunun baş redaktoru Nenad Pejic radionun erməni xidmətinin jurnalistlərinə və digər mətbuat orqanlarının əməkdaşlarına güc tətbiq olunmasına etirazını bildirib. Ermənistandakı ABŞ səfirliyi də jurnalistlərə qarşı polis zorakılığını pisləyib, hadisənin tam və şəffaf şəkildə araşdırılmasına ehtiyac olduğunu deyib. ATƏT və Avropa Birliyinin Yerevan nümayəndəlikləri də bənzər bəyanatlar veriblər. Və hakimiyyətlə ictimaiyyət arasında dialoqun vacibliyini vurğulayıblar.
Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, baş verənləri diqqətlə izləyir: “Ermənistan bizim ən yaxın tərəfdaşımızdır. Ümid edirik ki, qanunun tələblərinə ciddi əməl olunacaq və vəziyyət düzələcək”. Ermənistan Milli Konqres Partiyası polisin davranışına etiraz edərək parlamentin sessiyasının boykot edib(”Azadlıq” radiosu).
Hadisələrin qızğın vaxtında Ermənistan prezidenti Serj Sarkisyan Brüsselə işgüzar səfərə yollanıb. Dünən axşam başlayan səfər çərçivəsində Sarkisyanın Avropa Xalq Partiyasının sammitində iştirak edəcəyi bildirilir.
Axşam saatlarında müxalifət funksionerlərindən Armen Mkrtçyan bildirib ki, Sarkisyanla görüşmək fikrində deyillər və bu təşəbbüsün şou olduğunu düşünürlər. Tələblərində heç bir dəyişiklik olmadığını bəyan edən Mkrtçyan etirazçıların gecəni “Baqramyan” prospektində keçirəcəyini bəyan edib.