“İŞİD-lə İslam dini arasında heç bir əlaqə yoxdur”
«Qərb onları ciddiyə almamaqla böyük səhvə yol verir»
«Videoroliklərdə olduğu kimi, hər dəqiqə baş kəsilmir, əhali korrupsiyalaşmamış bu dövlətdən çox razıdır»
IŞID (Iraq Şam Islam Dövləti) son illər dünyada ən çox səs yaradan silahlı qruplaşmalardan biri, bəlkə də birincisidir. Bir çoxları onu dünyanın ən təhlükəli terror təşkilatı hesab etsə də, IŞID sıralarına hər gün yüzlərlə insan qoşulur. Maraqlısı odur ki, bura təkcə müsəlman dövlətlərindən deyil, Avropanın aparıcı ölkələrindən də könüllülər gəlir. Dünya mediası IŞID-i əsasən törətdiyi işgəncələr və qətllərlə bağlı gündəmə gətirir.
“IŞID-ə qalib gəlmək üçün təkcə hərbi güc kifayət etmir”
Alman jurnalist Cürgen Todenhöfer isə IŞID-in nəzartində olan ərazilərə səfər edərək bu qruplaşma ilə bağlı yayılan xəbərlərin hansının mif, hansının gerçək olduğuna aydınlıq gətirmək istəyib. 10 gün davam edən səfərdən sonra jurnalist bu qənaətə gəlib ki, IŞIDI-i ciddiyə almayanlar böyük səhvə yol verirlər. Todenhöferin fikrincə, IŞID-ə qalib gəlmək üçün təkcə hərbi güc kifayət etmir.
Vaxtilə bundestaqın deputatı olan, indi əsasən yazarlıqla məşğul olan Todenhöfer Qərbin Yaxın Şərqdəki siyasətinin əsas tənqidçilərindəndir. Ötən ilin dekabrında IŞID-in Iraqdakı ərazisinə səfəriylə Todenhöfer Qərb jurnalistləri arasında ilkə imza atıb. Qayıdandan sonra “Islam Dövlətində 10 gün” kitabını qələmə alan jurnalist alman mətbuatına müsahibəsində IŞID-lə bağlı təəssüratlarını bölüşüb.
“IŞID-i özümüz yaratmışıq”
Todenhöfer hesab edir ki, IŞID müasir dövrün olduqca təhlükəli terror qruplaşmasıdır: “Terrora qarşı savaşmaqla bu cür terrorçu qrupları özümüz yaratmış olduq. Biri ilə elə Iraqdakı IŞID nümunəsi. 11 sentyabrdan sonra Əfqanıstandakı mağaralarda minə yaxın döyüşçü gizlənmişdi. Amma indi bizim qarşımızda 100 min terrorçu var. Bizim strategiyamız terrorizmin miqyasının böyüməsinə səbəb oldu. Mən bu adamların arasında 10 gün vaxt keçirmişəm. Onların peşəkarlığına və fanatizminə şahid olmuşam. Bütün bunlardan sonra Almaniya hökumətinə yalnız onu deyə bilərəm ki, çalışın, Iraq və Suriyada siyasi çözümə nail olun. Bu isə sünni məzhəbindən olanlara daha çox hüquq vermək deməkdir.
“Ora getsəniz, öz dininizə zərər verəcəksiniz”
Mən onu da müəyyən etdim ki, “Islam dövləti”nin baxışları ilə Islam dini arasında heç bir ortaq əlaqə yoxdur. Qərbdəki və dünyadakı bütün gənclərə səslənirəm ki, ora getməyin. Bu qruplaşmanın Islam dininə aidiyyəti yoxdur. Siz orada öz dininizə zərər verəcəksiniz. Məntiqlə götürsək, bu, antiislam dövlətidir. Adı da elə “Antiislam Dövləti” olmalı idi".
Alman jurnalist orada məlum təbliğat videroliklərindəki mənzərəyə rast gəlmədiyini deyir: “Videoroliklərdə olduğu kimi, hər dəqiqə kiminsə başı kəsilmir. Mosul kifayət qədər normal görünür. Küçələrdə daima hərəkət var. Dükan və bazarlarda insanlar sərbəst alış-veriş edirlər. Burada IŞID-ə aid heç nə görə bilməzsiniz. Sadəcə, arada bayraqları dalğalandırılır. Avtomobillərin nömrə hissəsində Islam Dövləti yazısı var. Polislər IŞID-in verdiyi sadə görünüşlü uniforma geyinirlər. Mən vaxtilə hakim də işləmişəm və dövlət hüququnu təmsil edən kifayət qədər peşəkar adamla ünsiyyətdə olmuşam. Qəbul olunmuş vahid bir fikir var – IŞID müəyyən bir ərazini idarə edən de-fakto dövlətdir. Ölkə ərazisinin əksər hissəsində əhali bunu belə qəbul edir. Bu dövlət döyüşçülərdən ibarət olmayan polis, vətəndaş mübahisələrini həll edən məhkəmə sisteminə sahibdir.
“Hər şey tez və pulsuz həll olunur”
Insanlar korrupsiyalaşmamış bu dövləti çox tərifləyir. Insanlar belə deyir: “Burada hər şey tez və pulsuz həll olunur. Əvvəl pul da verirdik, hələ uzun müddət də gözləyirdik”. Dövlət vergilərin toplanmasına nəzarət edir. Səhiyyə sistemi mövcuddur, xəstəxanalar işləyir. Sadəcə dərman çatışmazlığı var. Amma istənilən halda bu, funksional bir dövlətdir. Mən Mosulda Iraqdakı müharibədən əvvəl – 2002-ci ildə də olmuşdum. Ikisi arasında prinsipial fərq görə bilmirəm. Amma bir şey qeyd etməliyəm ki, əvvəllər Mosul xristian məhəllələri, çoxmədəniyyətli rayonları ilə məşhur idi. Bax, bu məsələdə əvvəlki Mosulla indiki arasında fərq var. Bunun da səbəbi odur ki, bütün şiələr, xristianlar, yezidlər oradan ya qovulublar, ya da özləri qaçıblar. Onların əvvəl yaşadıqları yerləri ziyarət etməsəz, bu detalı görə bilməzsiz".
“IŞID-ə qoşulanlar hansısa ağıldankəmlər deyil”
Cürgen Todenhöfer dünyanın müxətlif ölklərindən insanların bu qruplaşmaya niyə könüllü şəkildə qoşulduğunu da araşdırmağa çalışıb: “Sərhədin yaxınlığındakı düşərgədə olmaq imkanım yarandı. Oradakı məntəqələrin birini gəzdim. Öyrəndim ki, hər gün ora 50-dən artıq insan gəlir. Bu sadəcə belə məntəqələrdən biridir. Insanlar bura böyük həvəslə gəlirlər. Özü də gələnlər hansısa ağıldankəmlər deyil. Onların arasında yüksək intellektli insanlar var. Məsələn, bir gənc Karib adalarından gəlmişdi. Olduqca şıq geyimdə idi və ”Ray-Ban" markalı eynək taxmışdı. Ondan burada nə işinin olduğunu soruşdum. Dedi ki, bu yaxınlarda hüquq üzrə ikinci dövlət imtahanından keçib və məhkəmədə işləmək hüququ qazanıb. Amma IŞID üçün vuruşmaq istəyir. Mosul küçələrində hündür, arıq bir sarışın gənclə rastlaşıb ondan da eyni şeyi soruşdum. Məlum oldu ki, isveçli imiş. Dedi, burada ömrünün ən gözəl illərini yaşayır. Orada beyinləri çox gözəl şəkildə “yuyurlar”.
“IŞID Britaniya boyda əraziyə nəzarət edir”
“Islam dövləti” təkcə böyük güc sahibi deyil. Həm də Britaniya ilə müqayisə olunacaq həcmdə əraziyə nəzarət edir. Bir qrup gəncə IŞID olduqca cəlbedici görünür. Gənclər çox yaxşı görürlər ki, burada necə baş kəsirlər, yandırırlar, işgəncə verirlər. Amma deyirlər ki, bunu etmək üçün ciddi səbəblər var. Deyirlər ki, zəif genişürəkli ola bilməz, o, qəddar olmalıdır. Bu vəhşi və təhlükəli bir yanaşmadır".
Sonda alman jurnalist IŞID üzərində hansı halda qələbə qazanıla biləcəyindən danışıb: “Birmənalı şəkildə siyasi çözüm lazımdır. Hərbi variant yolverilməzdir. Amerikalıların döyüşlərdə qazanılan uğurlar barədə hesabatlarının da heç bir mənası yoxdur. Məsələn, onlar bir şəhəri ”təmizlədiklərini" elan edəndən bir neçə saat sonra IŞID başqa bir şəhəri ələ keçirir.
“IŞID üzərində qələbə xəbərlərinə inanmayın”
Özü də daha böyüyünü. Mən IŞID üzərində qələbə qazanılması barədə yayılan xəbərlərə inanmamağı tövsiyə edirəm. Bu məsələni yalnız əhalinin sünni hissəsini Iraqın siyasi həyatına inteqrasiya etdirmək yoluyla həll etmək olar. Onlar da əhalinin 35 faizini təşkil edirlər. Bu cür milli barışıq olmadan heç nəyə nail olunmayacaq".
Gültəkin