ABŞ və Kuba liderləri 56 ildən sonra ilk dəfə bir araya gəldi
Panamada ABŞ prezidenti Barak Obama ilə Kuba prezidenti Raul Kastro arasında tarixi görüş baş tutub. Bu, ABŞ və Kuba liderlərinin 1959-cu ildən bu yana ilk birbaşa görüşdür. Son görüş o vaxtkı prezidentlər Fidel Kastro ilə Riçard Nikson arasında olmuşdu.
Görüş zamanı Obama Kubanın bundan sonrakı taleyi ilə bağlı yekun qərarını açıqlamayıb. ABŞ prezidenti bildirib ki, Kubanı terrora sponsorluq edən ölkələrin siyahısından çıxarıb-çıxarmamaq barədə düşünəcək. BBC-nin məlumatına görə, bu məsləhət Obamaya aprelin 10-da ABŞ Dövlət Departamenti tərəfindən verilib: «Bu da o deməkdir ki, ABŞ lideri Kuba ilə diplomatik əlaqələri bərpa etmək məsələsində hələ ki tərəddüdlüdür».
Görüşdən sonra prezidentlər jurnalistlərin qarşısına çıxaraq şəkil çəkdiriblər. BBC-nin müşahidələrinə görə, hər iki prezidentin üzündə narahat ifadə olub. Lakin onlar tez-tez bir-birinə tərəf əyilərək bunu hiss etdirməməyə çalışıblar. Obama bildirib ki, kubalı həmkarı ilə aralarında açıq və səmərəli söhbət olub. Kuba lideri isə görüş zamanı ABŞ prezidentinin ona dediyi bütün sözlərlə razılaşdığını bildirib. BBC belə bir mövqeyin R.Kastro üçün xarakterik olmadığını, onun bu cavabının sensassion olduğunu deyir.
Raul Kastro açıqlayıb ki, görüşdə bəzi razılığa gəlinməyən məqamlarla da bağlı anlaşma əldə olunub: «Biz hər şeyi müzakirə etməyə hazırıq. Sadəcə səbir lazımdır».
Obama əlavə edib ki, görüşdə tərəflər arasındakı fikir ayrılıqları barədə də açıq danışılıb: «Cəmiyyətin necə formalaşmalı olduğu haqda fikirlərimiz fərqlidir. Mən açıq şəkildə bildirdim ki, biz demokratiya,
insan haqları, sərbəst toplaşmaq və söz azadlığı kimi, məsələlərdən danışmağa davam edəcəyik».
ABŞ prezidenti həmkarına təşəkkür edərək əmin olduğunu bildirib ki, Kuba ilə münasibətlərində yeni səhifə açmaq və yeni nəyisə sınaqdan keçirməyin vaxtı çatıb: «Biz razılığa gəlməyə bilərik. Amma bu da hörmət çərçivəsində və sivil şəkildə olacaq». Buna cavab olaraq Raul Kastro Birləşmiş Ştatlarla münasibətlərdə inkişafa nail olmaq istədiklərini deyib.
Gültəkin