Türkiyə ordusu fevralın 22-ə keçən gecə «Süleyman şah» türbəsinin təhlükəsiziliyinin təmin edilməsi məqsədi ilə Türkiyə sərhədindən 37 km məsafədə olan Suriya ərazisinə girib. Əməliyyat gedişində Süleyman şahın balzamlanmış cənazəsi və bərpa tələb edən əmanətlərin olduğu məqbərəni qoruyan 40 türk hərbçisi Suriya ərazisində daha təhlükəsiz bir əraziyə köçürülüb. AKP haimiyyəti bu yerdəyişməni uğur kimi təqdim etsələr də, ölkənin əsas müxalifət liderləri fərqli düşünür.
Türkiyə prezidenti Ərdoğan əməliyyatı belə dəyərləndirib:
“Əməliyyat, dövlətimizin qərarı ilə müvəffəqiyyətli bir şəkildə tamamlanmışdır. “Süleyman şah” türbəsi əsgərlərimiz tərəfindən nəzarət altına alınıb və Suriya sərhədləri daxilində olmaqla 200 metr Eşme bölgəsinə tərəf gətirilib. Daha əvvəl də iki dəfə yeri dəyişdirilmiş olan “Süleyman şah” türbəsi və türbəni mühafizə edən Hörmət polis bölməsi, bundan sonra da beynəlxalq hüquq və müqavilələr çərçivəsində yeni məkanında bayrağımızı dalgalandırmağa və əcdadımızın xatirəsini yaşatmağa davam edəcək”,-deyə president Ərdoğan bildirib.
MHP başqanı Dövlət Baxçalı isə baş verənlərə kəskin etiraz edərək, bu addımın Türkiyənin nüfuzuna böyük zərbə olduğunu bildirib:
"Vətənimizin müqəddəs bir hissəsi, “Süleyman şah” türbəsi və Hörmət polis bölməsi dünən axşam saatlarında AKP hökuməti tərəfindən qorxaqca üzüstə buraxılmışdır. AKP-nin millətimizin şərəfini, dövlətimizin etibarını iki qəpiklik etməsi yüngül üstündən keçiləcək bir hadisə deyil. Əziz əcdadımız Süleyman Şahın ruhu təhqir edilmiş, keçmiş əsirlər linç edilmiş, millətimizin ehtişam və qüdrəti yerin dibinə gömülmüşdür. Yaşananlar Türkiyənin orbitini dəyişdirəcək, milli davamlılıq və birliyi dərindən sarsıdacaq",-deyə MHP lideri bildirib.
CHP başqanı Kamal Kılıçdaroğlu da dünən keçirilən əməliyyata sərt reaksiya verib. Kılıcdaroğlu özünün “Twitter” hesabında baş verənləri belə dəyərləndirib:
"Güclü dövlət, qarşılaşdığı ilk təhdidə torpaqlarını buraxıb qaçmaz, terroristlərə gərəkən cavabı verər. Bu, Türkiyə üçün çox utancvericidir. Süleyman Şahdan qaçma təlimatını verənlər, sabah bu ölkədən də qaçacaq. Lakin Türkiyəyə yaşattığınız hər cür utancın hesabını soracağam", deyə Klıcdaroğlu bildirib.
azadliq.info