Ekspertlər bu qərarın təsadüfi olmadığın düşünür
ABŞ dövlət katibi Con Kerrinin Türkiyəyə gözlənilməz səfəri Vaşinqtonun son qərarları ilə bağlanır. Qlobal və regional məsələləri müzakirə etmək üçün Ankaraya səfər edən Kerrinin əsas məqsədinin IŞID-ə qarşı mübarizədə Türkiyənin dəstəyini almaq olduğu bildirilir. Çünki Con Kerrinin hazırkı turnesinin məhz “Islam Dövləti” qruplaşmasına qarşı beynəlxalq koalisiya yaratmaq məqsədi daşıdığı bildirilir.
Ekspertləri düşündürən daha bir mühüm məqam isə Türkiyənin ÿ IŞID -ə qarşı savaşı nəzərdə tutan sənədi imzalamaqdan imtina etməsidir. Ankara IŞID-ə qarşı birgə əməliyyatı nəzərdə tutan, ÿABŞ və Ərəb Birliyi ölkələrinin ortaq sənədini imzalamağı rədd edib.
ABŞ artıq Iraq və Suriyada törətdiyi vəhşiliklərlə tanınan terror qrupuna qarşı əməliyyatlarla bağlı qərar qəbul edib. IŞID-ə qarşı Yaxın Şərq ölkələrinin KIV-lərində də hərbi əməliyyatların başlanması haqqında məlumat verilib. Bu əməliyyatlara Səudiyyə Ərəbistanı da dəstək olacaq.
“Islam Dövləti”nə qarşı beynəlxalq koalisiyanın yaradılmasının hərbi işğalın və vəhşiliklərin qarşısının alınmasına kömək göstərəcəyi düşünülür.
Razi Nurullayev: “Türkiyənin IŞID-ə qarşı qoşulmamasına haqq qazandırmaq olar”
AXCP sədrinin müavini Razi Nurullayev hesab edir ki, Kerrinin Türkiyəyə səfəri Ankaranı ABŞ-ın IŞID-ə qarşı yaratdığı koalisiyaya qoşulmağa inandırmaqdır. R.Nurullayev düşünür ki, Türkiyənin IŞID-ə qarşı qoşulmamasına haqq qazandırmaq olar. Çünki Türkiyənin 50-yə yaxın diplomatı IŞID-in əlində girovluqdadır: “Türkiyə IŞID-ə qarşı hərbi əməliyyatlara başlayacağı qərarını verən kimi IŞID-in əlində olan türk diplomatların başları kəsilməyə başlayacaq. Bu isə ölkə daxilində siyasi gündəmin dəyişməsi deməkdir. Bu baxımdan Türkiyənin hazırkı hakimiyyəti koalisiyaya qoşulmaqdan ehtiyatlanır. Çünki Türkiyənin öz daxilində də buna qarşı olan xeyli insan var. Amma mən düşünürəm ki, Türkiyə bir müddət sonra bu koalisiyaya qoşulacaq. Hesab edirəm ki, Türkiyənin qeyri-rəsmi qərarı var ki, bu koalisiyada olmasa da, lazım olan bütün dəstəyi göstərəcək. Türkiyə ərazisində NATO-nun iki hərbi bazası var. Türkiyə artıq NATO qüvvələrinin bu bazalardan istifadə edilməsinə imkan verib”.
R.Nurullayev hesab edir ki, Türkiyənin ardınca ABŞ bu koalisiyaya Azərbaycanı da qoşmağa çalışacaq.
Vəfa Quluzadə: “Türkiyənin IŞID-ə qarşı əməliyyatlara dəstək verməməsinin səbəbi sünni faktoru ilə bağlıdır”
Politoloq Vəfa Quluzadə isə hesab edir ki, IŞID qruplaşmasının mahiyyəti tam açılmadığından ona qarşı savaşda da yanlışlıqlara yol verilə bilər. IŞID-in kütləvi bir hərəkat olduğunu deyən V.Quluzadə bildirdi ki, bir çox müsəlman ölkələrində IŞID-ə dəstək var: “Vaxtı ilə Iraqda hakimiyyətdə sünnilər idi. Səddam Hüseyn və onun yaxın qohum-əqrabası sünnilər idi. Iraqda isə əhalinin yarısı sünni, yarısı isə şiə idi. ABŞ-ın Iraqa hücumu zamanı sünni strukturu tam məhv edildi. Hazırda isə Iraqda şiələr hakimiyyətdədir. Hazırda şiə Iraqı ilə şiə dövlətləri, xüsusilə Iran əməkdaşlıq etməyə can atır. IŞID tamamilə sünni hərəkətidir. Regionda daha bir maraqlı məqam Suriya ilə bağlıdır. Suriyada sünnilərin əksəriyyət təşkil etdiyi ölkədə şiələr hakimiyyətdədir. Əsəd klanı şiədir. Ona görə hakimiyyətdən uzaqlaşan regionun sünniləri belə bir hərəkət yaradıb”.
Türkiyənin də IŞID-ə qarşı əməliyyatlara dəstək verməməsinin səbəbinin məhz sünni faktoru ilə bağlı olduğunu düşünən V.Quluzadə hesab edir ki, Türkiyənin bu hərəkətə qarşı çıxması ölkədaxilində birmənalı qiymətləndirilməyə bilər: “Kerri çalışacaq ki, Ərdoğanı inandırsın ki, IŞID-ə qarşı birgə mübarizə vacibdir. Türkiyə regionun ən güclü dövlətidir. Üstəlik Türkiyə Iraq və Suriya ilə həmsərhəd ölkədir. Türkiyənin prosesdən kənarda qalması ABŞ-ın mövqelərini zəiflədir”.
Xəyal