«Amerika Suriyada Rusiyaya meydan oxumağı düşünür»
Vəfa Quluzadə: «Yaxın Şərqdə də yaşananlar Qərb-Rusiya qarşıdurmasının təzahürüdür»
Son zamanlar ABŞ rəhbərliyində qəbul olunan qərarlar Vaşinqtonun Yaxın Şərqdəki problemi həll etmək niyyətində olduğunu deməyə əsas verir. Amerikanın əsas hədəfi isə Suriyadakı Əsəd problemini həll etməkdir. ABŞ-ın qarşısına qoyduğu daha bir hədəf kimi isə İŞİD məsələsi göstərilir. Müzakirələr hazırda elə səviyyəyə çatıb ki, hətta BMT icazəsi olmadan ABŞ-ın Suriyaya ordu yeritmək niyyəti açıq görünməkdədir. Bəzi məlumatlara görə, Obama administrasiyası terrorla mübarizə strategiyası çərçivəsində İŞİD-ə qarşı daha sərt tədbirlərə əl atmaq üçün Konqresə məktub göndərməyə hazırlaşır. Konqres təkliflər paketini təsdiq edərsə, ABŞ ordusu İraq və Suriyaya girəcək.
Pentaqon rəhbəri Çak Heygel isə bildirib ki, Konqresdən terrorla mübarizə fonduna ayrıca 5, o cümlədən Suriya müxalifətinə 1.5 milyard dollar maliyyə ayrılması barədə müraciət ünvanlanıb.
Bəs, ABŞ-ın Yaxın Şərqin problemlərini güc yolu ilə çözmək niyyəti nəticə verə bilərmi?
Politoloq Vəfa Quluzadə hesab edir ki, Yaxın Şərqdəki hazırkı duruma həssas yanaşılmalıdır. Regiondakı problemlərin həllində yerli xalqların maraqlarının da mütləq nəzərə alınmasını vacib sayan V.Quluzadə bildirdi ki, bu məqam olmadan regiondakı sülh və stabillik də dayanıqlı ola bilməz: «Xarici qüvvələr heç zaman Yaxın Şərqin problemlərini yerli xalqın maraqlarına tam uyğun şəkildə həll etməyəcəkdir. Əslində Yaxın Şərqin problemlərinin dərinləşməsi regiona müdaxilələrdən sonra başladı. Mən demirəm ki, Yaxın Şərqdə durum əvvəllər də normal olub. Amma burada proseslər müəyyən axara düşərək cərəyan edirdi. İraq, suriya, Misirin öz idarəçiliyi var idi. İŞİD-in real gücü və yayıldığı miqyas tam təsəvvür edilmir. Yanlışlıq ciddi fəsadlara səbəb ola bilər».
Hazırda dünyada böyük geosiyasi mübarizənin getdiyini deyən V.Quluzadə vurğuladı ki, Yaxın Şərqdə də yaşananlar Qərb-Rusiya qarşıdurmasının təzahürüdür. Suriyada Əsəd rejiminin hələ də mövcudluğunu saxlamasının Rusiyanın qələbəsi sayan V.Quluzadə bildirdi ki, Ukraynada baş verənlərdən sonra Qərb Rusiyanı regiondan çıxarmağa çalışır. Bu baxımdan ABŞ-ın regiona müdaxiləsini təsadüfi saymayan V.Quluzadə düşünür ki, ABŞ Suriyada Rusiyaya meydan oxumağı düşünür. «Dünyada böyük qüvvələr arasında döyüş gedir. Məhz bu dövlətlərin maraqlarının qarışığı Yaxın Şərqdə bu cür durumun yaranmasına gətirib çıxarıb», deyə V.Quluzadə vurğuladı.
Xəyal