İranın BMT-dəki daimi nümayəndəliyində çalışan diplomatı Bağır Əsədi tutulub. Diplomat bu ilin mart ayında tutulsa da, bu barədə məlumat yenicə yayılıb.
“Media forum” saytının məlumatına görə, mayın 2-də İranın “Xəbər” telekanalı Xarici İşlər Nazirliyinin bir rəsmisinə istinad edərək Bağır Əsədinin İranın hüquq mühafizə orqanları tərəfindən tutulduğunu təsdiqləyib, amma onun hazırda harada saxlandığı, nədə günahlandırıldığı açıqlanmayıb.
61 yaşlı Bağır Əsədinin tutulmasının səbəbi tam bilinməsə də, bu həbsin İranda qarşıdan gələn prezident seçkisi ilə əlaqədar olduğu təxmin edilir.
“Röyters” agentliyinin bildirdiyinə görə, Bağır Əsədi 2004-cü ildə, Məhəmməd Xatəminin prezidentliyi dövründə “Nyu-York Tayms” qəzetində məqalə çap etdirərək Xatəminin siyasi mövqeyini dəstəkləyib və İranda mühafizəkarların güclənə biləcəyi haqda xəbərdarlıq edib. Bağır Əsədi həmin məqaləsində yazıb ki, mühafizəkarlar güclənib hakimiyyəti tamamilə ələ keçirsə, həm insan hüquqlarına, həm də İran İslam Respublikasının əvvəlki ideyalarına laqeyd yanaşacaqlar.