“Buranı KQB əməkdaşları ilə doldurmusuz; Bu “kloun”…”
Sülh və Demokratiya İnstitutunun rəhbəri, tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun məhkəməsi davam edir. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsidir.
Bugünkü məhkəmə iclasında daha dörd nəfər şahid dindirilib, onların arasında hazırda həbsdə olan tanınmış jurnalist, “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun keçmiş həyat yoldaşı da olub.
Yunusların işi üzrə bugünkü məhkəmə iclası da əvvəlkilər kimi, yarımqapalı şəraitdə keçirilib. Prosesi izləməyə gələn xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər, tanınmış ictimai-siyasi xadimlərin böyük əksəriyyəti məhkəmə zalına buraxılmayıb. Məhkəmə zalına ümumilikdə 7-8 nəfər buraxılıb ki, bu da ciddi narazılığa səbəb olub. Prosesi izləməyə buraxılmayanlar məhkəmənin açıqlığı prinsipinin pozulmasına etiraz ediblər. “Hakimiyyət iddia edir ki, Leyla Yunus dövlətə xəyanət edib, pullar mənimsəyib. Bəs onda niyə məhkəməyə adamları niyə buraxmırlar ki, iştirak edək, öz gözümüzlə görək? Deməli, bütün bunlar yalandır, ona görə də prosesi gizli keçirməyə çalışırlar”, – deyə onlar etirazlarını bildiriblər.
Məhkəmə iclası başlayan kimi Leyla Yunus özü də zalın məqsədli şəkildə naməlum şəxslərlə doldurulub, prosesi izləmək istəyənlərin içəri buraxılmamasına etirazını bildirib və baş verənləri faşizm dövrünün məhkəmələrilə müqayisə edib: “Yenə də buranı KQB əməkdaşları, məhkəmə işçiləri ilə doldurub, adamları içəri buraxmırsız. Bu zaldakıların yarıdan çoxunun bu işdən ümumiyyətlə, xəbəri yoxdur. Faşizm siyasətinə son qoyun”.
Bugünkü məhkəmə iclasında dindirilən ilk şahid Yunusların sürücüsü İlqar Ağayev olub. O bildirib ki, fərdi qaydada xidmət göstərib: “Lazım olanda çağırırdılar, aparıb-gətirirdim. Elə olurdu ki, heç çağırmırdılar, məsələn, yayda. Bir aya bəzən 300-350 manat alırdım…”
Digər şahid Adilə Manafova “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” adlı təşkilatın təsisçilərindən olub. O bildirib ki, təşkilatın son beş ildə heç bir iş görmədiyini nəzərə alaraq, ötən il təsisçilərin iştirakı ilə iclas keçirib, bu qurumu bağlamaq qərarına gəliblər.
Qeyd edək ki, təşkilatın rəhbəri Rəna Səfərəliyeva, sədr müavini isə Leyla Yunus olub. Adilə Manafova vəkillərin suallarını cavablandırarkən təşkilatın fəaliyyət göstərdiyi dövrdə görülən işlər barədə də danışıb: “Bizim təşkilatda dəqiq vəzifə bölgüsü vardı. Mən ekoloji məsələlərlə məşğul idim. Rəna Səfərəliyeva təhsil məsələlərinə cavabdeh idi. Leyla xanım Dağlıq Qarabağ münaqişəsinin həllilə məşğul olurdu. Bu problemin həlli istiqamətində böyük işlər görmüşdü. O, arqumentləşdirilmiş tarixi faktları təhlil edirdi. Dağlıq Qarabağ, oradan didərgin düşən məcburi köçkünlər barədə dəqiq arqumentlər gətirirdi. Erməni nümayəndə heyəti həmişə onun fəaliyyətindən çəkinirdi, göstərdiyi faktlar qarşısında heç bir arqument gətirə bilmirdilər…”.
Bu yerdə iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Fərid Nağıyev vəkillərin suallarının və verilən cavabların ittihamın mahiyyətinə aidiyyəti olmadığını bildirərək, etiraz edib. Leyla Yunusun vəkili prokurorun iradına belə cavab verib: “Necə olur, siz Təhmasib Novruzov kimi şahidi gətirib danışdırırsız… Dövlətə xəyanət ittihamının şahidlərini də bu işə daxil etmisiz. Mahiyyəti üzrə deyil, bəs niyə eləmisiz?”.
Dindirmənin davamında prokuror Adilə Manafovadan Leyla Yunusun “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” təşkilatı vasitəsilə 2006-cı ildən sonra 23 qrant müqaviləsi qeydiyyatdan keçirdiyi, təşkilatın hesabına təxminən 800 min dollar vəsait daxil olması haqda məlumatı olub-olmadığını soruşub. Adilə Manafova “xəbərim yoxdur” cavabını verib.
Qeyd edək ki, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” təşkilatı iş üzrə zərərçəkmiş qismində tanınıb. Məhkəmədə iştirak edən Şöhrət Allahmanov da “zərərçəkmişin maraqlarının təmsilçisi” kimi prosesə qatılır. Təşkilatın rəhbəri Rəna Səfərəliyeva ötən məhkəmə iclasında dindirilərkən özünü zərərçəkmiş hesab etdiyini demişdi. Bu məqamla əlaqədar Leyla Yunusun şahid Adilə Səfərəliyevaya sualları olub:
– Bildirdiniz ki, ötən ilin iyununda təşkilatın buraxılmasını müzakirə etmək üçün iclas keçirmisiz. Həmin iclasda Leyla Yunusun təşkilata ziyan vurması müzakirə olunubmu?
– Xeyr.
– Təsisçilərdən kimsə deyibmi ki, Leyla Yunus təşkilata və ya bizə ziyan vurub?
– Xeyr.
– Bunu (Şöhrət Allahmanovu göstərir – red.) tanıyırsan?
– Xeyr.
– Bu “dejurnıy” burada o təşkilatın maraqlarını təmsil edir. Təsisçilərdən biri kimi sən bunu bilirsənmi?
– Xeyr.
Şahidin bu cavablarından sonra Leyla Yunus bildirib ki, ona qarşı CM-nin 178-ci maddəsilə ittiham düzüb-qoşmaq üçün bu cür saxtakarlıqdan istifadə olunub: “Artıq bir ildən çoxdur ki, mövcud olmayan təşkilatdan istifadə edib 178-ci maddəni zorla quraşdırmısız. Bu “klounu” da…”
Hakim:
– Təhqir eləməyin…
Leyla Yunus:
– O, “kloun”dan da betərdi…
Leyla Yunus daha sonra şahidlə sual-cavabı davam etdirib:
– Siz razısınızmı ki, bu “kloun” təsisçi kimi sizi təmsil etsin burada?
– Xeyr. Bunun bir mənası da yoxdur axı…
Adilə Manafova Şöhrət Allahmanova müraciət edərək, onun “Azrbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” cəmiyyəti adından təmsilçilik üçün kim tərəfindən dəvət olunduğunu soruşub. Hakim onun sözünü kəsərək, şahidin sual vermək hüququ olmadığını bildirib.
Adilə Manafova dindirmə zamanı onu da qeyd edib ki, ötən il yığıncaq keçirib, cəmiyyətin fəaliyyətinin dayandırılması haqda protokol tərtib edərək, bu işin rəsmiləşdirilməsini Rəna Səfərəliyevaya həvalə ediblər.
Vəkil Elçin Qəmbərov Səfərəliyevanın bu işi başa çatdırmamasını səhlənkarlıq kimi qiymətləndirib: “Faktiki bu adam ya bilərəkdən, ya da bilməyərəkdən səhlənkarlıq edib, kollektiv tapşırığa əməl etməyib”.
Növbəti şahid Zemfira İsmayılova da adıçəkilən təşkilatın təsisçiləri sırasındadır. Lakin o, bu təşkilatın yaranması, fəaliyyəti haqda xəbərsiz olduğunu bildirib. Şahidin sözlərinə görə, yalnız keçən il Rəna Səfərəliyeva ona zəng edərək, cəmiyyətin buraxılması barədə sənədə imza atılmasını istəyib. O da həmin sənədi imzalayıb: “Biz Leyla xanımla Xalq Cəbhəsi hərəkatı dövründə görüşürdük. Leyla xanımın təşkilatına çoxlu ziyalı qadınlar, kişilər gəlirdi. Bizə o vaxt mənəvi kömək lazım idi. Leyla xanım da görüşlər təşkil edirdi, gedirdik ki, özümüzü tək hiss eləməyək. Sonra Leyla xanımın təşkilatının sıraları daha da sıxlaşdı. Biz özümüzü lazımsız hiss eləməyə başladıq. Ona görə daha gedib-gəlmədik. 20 il olar ki, Leyla xanımla görüşməmişik”.
Elə Leyla Yunus da Zemfira İsmayılovanı xatırlamadığını deyib.
İsmayılova prokurorun suallarını cavablandırarkən bildirib ki, adı cəmiyyətin təsisçiləri sırasına daxil edilsə də, özü bundan xəbərsiz olub. Zemfira İsmayılova 1994-cü ilə aid təsis sənədindəki imzaya baxaraq, ona məxsus olmadığını deyib.
“Rəna Səfərəliyevanı tanıyıram. Keçən il məni çağırdı, dedi ki, “belə bir cəmiyyət var, onu bağlayırıq, təsisçilər arasında sən də varsan”. Dedim ki, sizə lazımdırsa, kömək üçün qol çəkərəm. Cəkdim də…”, – deyə İsmayılova bildirib.
Leyla Yunus əvvəlki şahidə verdiyi sualı Zemfira İsmayılovaya da ünvanlayıb. O da cavabında bildirib ki, ötənilki toplantıda Leyla Yunusun təşkilata və ya təsisçilərdən hər hansı birinə ziyan vurması haqda heç bir söhbət olmayıb.
Bugünkü məhkəmə iclasında dindirilən sonuncu şahid hazırda həbsdə olan jurnalist Rauf Mirqədirovun keçmiş həyat yoldaşı Zərifə Hacıyeva olub. O heç ifadə verməyə başlamamış Leyla və Arif Yunuslara qarşı aqressiv münasibətini nümayiş etdirib. Hakimin “Leyla və Arif Yunusovları tanıyırsınızmı? Onlarla hər hansı qohumluq münasibətiniz və ya ədavətiniz, düşmənçiliyiniz varmı?” sualına Hacıyeva belə cavab verib: “Onlar bütün Azərbaycanın düşmənidir”.
Zərifə Hacıyeva ifadəsində göstərib ki, Rauf Mirqədirovla 2011-ci ildə boşanıblar: “Rauf onlarla görüşürdü, Yerevana gedirdilər. Narazılıq edirdim, deyirdi ki, sülhməramlı səfərlərdi. Buna görə o qədər söz-söhbətimiz olub ki… Həyat yoldaşım idi də, qorxurdum ki, ölər-eləyər. Raufa zəng eləyirdilər, necə, hara gedəcəklərini müzakirə eləyirdilər”.
Hakim Leyla və Arif Yunuslardan şahidə sualları olub-olmadığını soruşub.
“Mənim sualım vardı, amma vermirəm. Başa düşürəm, ailə boşanıb, bunun problemləri var…”, – deyə Arif Yunus bildirib.
İş üzrə məhkəmə prosesi avqustun 3-də davam edəcək.
Aytən Məmmədova