Dəmiryol Idarəsinin rəisinə ölkədən didərgin salınmış Natalya Kərimovadan tükürpədici məktub
Banka rəhbərlik edən Pərvanə Yusifova vətəndaşın obyektini, mənzilini necə ələ keçirib?
Gəncə şəhər sakini Natalya Kərimova dövlət başçısı Ilham Əliyevdən tutmuş, hüquq-mühafizə orqanlarının rəhbərlərinə qədər müvafiq dövlət strukturlarının hamısına məktub yazaraq, onları “Gəncəbank” rəhbərliyi tərəfindən başına gətirilən tükürpədici olaylar haqda məlumatlandırıb. Natalya Kərimovanın hüquqlarını müdafiə edən vəkil Ceyhun Yusifov müvəkkilinin başına açılan oyunlar haqda “Azadlıq”a da ətraflı məlumat verib. Vəkil bildirib ki, “Gəncəbank” rəhbərliyi Natalya Kərimovanın bütün əmlakını, o cümlədən gözəllik salonunu, evini zorla əlindən alıb, üstəlik, özünü də Azərbaycandan didərgin salıblar.
Cavid Qurbanova məktub…
Vəkil eyni zamanda, Natalya Kərimovanın müraciətini də “Azadlıq”a təqdim edib. O məktubunda yazır ki, başına açılan oyunlar “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Cəmil qızı Novruzovanın əli ilə həyata keçirilib.
Natalya Kərimova başına gələnlərlə bağlı “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova da ayrıca məktub yazıb. Ilk baxışdan qəribə görünür ki, bir bankın vətəndaşın başına açdığı oyunun Dövlət Dəmiryol Idarəsinin rəhbərinə nə aidiyyəti var? Məsələ burasındadır ki, “Gəncəbank”ın səhmlərinin bir hissəsi Cavid Qurbanova məxsusdur. Bu səbəbdən də Natalya Kərimova məhz ona müraciət edib. O, sözügedən məktubunda yazır: “2001-ci ildə Pərvanə Novruzova mülklərimi ələ keçirmək məqsədilə məni iki azyaşlı qızımın başına oyun açdırmaqla hədələyərək, ölkədən çıxmağa vadar etdi. Mən Azərbaycana qayıtmamışdan əvvəl araşdırdım və məlum oldu ki, bankın səhmlərinin bir hissəsi sizə məxsusdur. Düzdür, 2001-ci ildə sizin həmin bankda səhmləriniz olmayıb. Ancaq bu cür işlərlə məşğul olan bir qurumda sizin də pay sahibi olmağınız, doğrusu, məni çox təəccübləndirdi. Bəzən fikirləşirəm ki, bəlkə də sizin bütün baş verənlərdən xəbəriniz yoxdur. Sizdən isə sadəcə bir xahişim var ki, bu işin ədalətli şəkildə araşdırılmasında maraqlı olasınız. Kimsəsiz və sahibsiz bir qadının başına açılmış bu oyunlara göz yummayacağınıza ümid edirəm. O banka rəhbərlik edən şəxsin vətəndaşın başına hansı oyunlar açdığını bilmək istəyirsinizsə, xahiş edirəm, beş dəqiqə mənə vaxt ayırın və mən həmin dəhşətləri sizə danışım”.
“Gəncədə prokurorluq və polis Pərvanədən çəkinirdi…”
Natalya Kərimova “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzovanın onun biznesini, mülklərini hansı şəraitdə ələ keçirdiyini də açıqlayıb: “Mən milliyyətcə rusam. Mahir Kərimovla 1982-ci ildə ailə həyatı qurmuşuq, 2 qızım var. O dövrdə həyat yoldaşım hərbçi idi və biz Gəncədəki hərbi şəhərcikdə yaşayırdıq. Dağlıq Qarabağ müharibəsi başlayandan sonra həyat yoldaşım 1991-1994-cü illərdə Tərtər və digər rayonlarda döyüşlərdə iştirak edib. Atəşkəs elan olunduqdan sonra polis orqanlarında fəaliyyətə başlayıb. 1998-ci ildə Gəncə şəhər Icra Hakimiyyəti başçısının sərəncamı ilə Qarabağ müharibəsi iştirakçısı olan yoldaşıma sahibkarlıq fəaliyyəti göstərmək üçün Gəncə şəhəri, Heydər Əliyev prospekti 87 ünvanında torpaq sahəsi ayrıldı. Borc-xərc tapıb həmin ünvanda gözəllik salonu tikdirdik. Anam Yelena Drobışevskaya Rusiyadakı əmlakını sataraq Azərbaycana gəlmişdi. Obyektin tikintisinə xərclədiyimiz pulların böyük hissəsini də bizə anam vermişdi. 2000-ci ilin sentyabr-oktyabr aylarında gözəllik salonunu tam tikdirib başa çatdırdım. Adını da adıma uyğun ”Nataşa" salonu qoydum. Salonun rəsmi açılış mərasimi də keçirildi. Həmin açılışda Gəncənin rəsmi şəxsləri, o cümlədən icra başçısı E.Babayev və polis rəisi Qərib Həsənov da iştirak etmişdi. Açılışın videogörüntüləri hazırda əlimdədir. Həmin salondan 20-22 ailə dolanırdı. 1 il həmin salonu mən özüm işlətmişəm".
Natalya Kərimovanın sözlərinə görə, hazırda “Afrodita” adlanan gözəllik salonunun ön hissəsi hələ o dövrdə şüşədən olub və bu səbəbdən yay aylarında salon dözülməz həddə isti olurdu: “Hazırda ”Gəncəbank"ın Idarə Heyətinin sədri olan Pərvanə Novruzova 2001-ci ilin yayında salona gəldi. Salon çox isti idi. Pərvanə Novruzova kondisioner quraşdırmağı məsləhət gördü. Dedim ki, heç obyektin tikintisi üçün aldığım borcları hələ qaytarıb qurtarmamışam. Borcları ödəyəndən sonra kondisioner alacağam. O da qayıtdı ki, “bacın ölməyib, mən sənə pul verərəm, 5 il ərzində yavaş-yavaş qaytararsan. Pərvanə Novruzovanın bu addımı mənə yaxşılıq etmək məqsədilə atdığını düşündüm. Onun rəhbərlik elədiyi bankdan 5 illik kreditlə 5 min dollar pul götürdüm, girov kimi isə aldığım kondisionerləri qoymuşdum. Bir gün Pərvanə dedi ki, banka yoxlama gəlib, yoxlama başa çatana qədər həmin kredit müddətini 3 aylıq eləyək, təxminən bir həftə-on gün sonra yenə dəyişib 5 illik eləyərik. Aradan bir ay keçməmiş başımın üstümü kəsdi ki, nə olur olsun, pulu qaytar, 3 ay ərzində kredit bağlanmalıdır. Qaytarmasam, salonu əlimdən alacağını bildirdi. Bir gün sonra Pərvanə Novruzova və onunla birlikdə gəlmiş 3 maşın adam salona gəldi, onlar şüşələri sındırıb içəri daxil oldular. Pərvanə Novruzovanın özü ilə gətirdiyi qolçomaqlar mənə işgəncə verdilər. Məni və işçiləri çölə atıb, qapının kilidini dəyişib, obyektimi zorla əlimdən aldılar. O vaxt başıma gətirilənlər barədə müxtəlif dövlət strukturlarına yazdım, amma Pərvanənin çox nüfuzlu və təhlükəli adam olduğunu bildirərək, Gəncədəki dövlət idarələri şikayətlərimi qəbul etmədilər”.
“Qızımı zorlamaqla hədələyib, məni ölkədən çıxartdılar”
Nataşa Kərimova onu da qeyd edir ki, gözəllik salonunu əllərindən almaqla kifayətlənməyərək, dövlət orqanlarına şikayət etdiklərinə görə onları cəzalandırmaq üçün həyat yoldaşını şərləmək istəyiblər. Bu səbəbdən həyat yoldaşı ölkəni tərk etmək məcburiyyətində qalıb. Onun özü ölkədə qalsa da, zorakılıqlara tuş gəlib: “Bir gün salonun qarşısında olarkən Pərvanənin adamları məni zorla bir maşına mindirib Gəncədən kənara apardılar. Ölümlə hədələyib, həmin günün sonunadək bir zirzəmidə saxladılar. Gecə yarısı Gəncəyə qaytarıb tanımadığım bir yerdə tulladılar. Birtəhər gəlib evimə çıxdım. Azyaşlı qızım Esmira məni bu halda görüb qorxudan ağlamağa başladı. Qərib Həsənovunÿqarşısını kəsib, başıma gələnləri ona danışdım. O da dedi ki, ”bilirəm, o salon sənindi, açılışında mən də olmuşam, amma Pərvanə Novruzova çox təhlükəli adamdır. Çoxlu pulu var və məni də Gəncədən didərgin salar. Ən yaxşısı, get, cənab prezidentin qəbuluna düş, yoxsa ayrısının buna gücü çatası deyil". Rəisin dilindən bu sözləri eşitmək məni qorxuya saldı. Oradan çıxıb, birbaşa Gəncə şəhər prokurorunun qəbuluna gəldim. Orada məni prokurorun köməkçisi qəbul etdi. O da dedi ki, Pərvanə Novruzovaya bizim gücümüz çatmır. O, Gəncədə çox adamın başına bu cür oyun açır. Daxil olan şikayətləri qorxudan qeydiyyata belə ala bilmirlər. Həmin gün axşam məni evimdən məcburi qaydada çıxarıb Pərvanənin yanına apardılar. Dedi ki, “Nataşa, sən bu gün Qəribdi-nədi, nə bilim prokurordu-nədi, onun yanına getmisən. Sən bil ki, rəis yox, mən nə desəm, o olacaq”.
Natalya Kərimova deyir ki, onu bundan sonra da Gəncədə gizli işgəncə zirzəmisinə salıblar: “Yenə məni bir zirzəmiyə salıb olmazın işgəncə verdilər. Işgəncə verə-verə deyirdilər ki, hamı bizdən it kimi qorxur, sən bizə neyləyə bilərsən. Iki gün ac-susuz məni həmin zirzəmidə saxladılar. Sonra buraxdılar ki, get fikirləş, salonun sənədlərini Pərvanə xanımın adına keçir, sənədlərə imza at. Razılaşmadım. Çünki bilirdim ki, əvvəl-axır cənab prezident mərhum Heydər Əliyevin qəbuluna düşəcəm. Ancaq 2 gün sonra təkrar olaraq məni və azyaşlı qızım Esmiranı da bir maşına qoyub apardılar tamam başqa bir sahibsiz və yiyəsiz yerə. Orada Pərvanəni də gördüm. Dedi ki, bu ölkədə bank sahibi 2-3 nəfər adam var, biri də mənəm. Yanındakı adamlara azyaşlı qızımı zorlamaq əmri verdi. Mən əvvəlcə buna inanmadım. Düşündüm ki, bu qədər də qəddar olmazlar ki, azyaşlı uşağın başına oyun açsınlar. Sonra baxdım ki, qızımın əynindəki paltarı cırmağa başlayırlar. Belə olan halda, nə qədər yalvardımsa, mümkün olmadı ki, olmadı. Axırda bu cür hərəkətə dözə bilməyib məndən nə istəyirlərsə, onu eləyəcəyimi bildirdim. Pərvanə dedi ki, ”qızını da götür, bu ölkədən çıx, bu ölkədə sənə yer yoxdur". Azyaşlı qızımın başına oyun açacaqlarının real olduğunu, hüquq-mühafizə orqanlarının hərəkətsizliyini görüb ölkədən çıxmaq qərarı verdim. Pərvanənin qolçomaqları bizi Bakı Dəmiryol vağzalından yola saldılar".
***
O vaxtdan ölkəni tərk edən Natalya Kərimova bu yaxınlarda Azərbaycana qayıdaraq, haqqını tələb etmək qərarını verib və qeyd etdiyimiz kimi, onun hüquqlarını vəkil Ceyhun Yusifov müdafiə edir.
Ceyhun Yusifov deyir ki, üç kondisionerə görə gözəllik salonunun ələ keçirilməsi azmış kimi, Natalya Kərimova ölkədən didərgin salınandan sonra Pərvanə Novruzova onun evini də zəbt edib. Vaxtilə Natalyanın yaşadığı ev 2006-cı ildə Pərvanə Novruzovanın adına keçirilib: “Bu barədə məhkəmə qətnaməsində göstərilib ki, guya, Natalya mənzilini ona satmalıymış, Pərvanə Novruzova müəyyən qədər pul verib, amma son nəticədə Natalya mənzili satmadan çıxıb gedib. Amma ortaya heç bir sübut-dəlil yoxdur.
Gözəllik salonuna gəlincə, əgər bu obyekt bankda girov olubsa, bunun əsaslandırması haradadır? Mülki qanunvericiliyə görə, girov müqaviləsi notarial qaydada təsdiq olunmalı, həmçinin bu fakt daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmalı idi. Amma bnların heç biri olmayıb. Natalya Kərimovanı döyüb, əmlakı ələ keçirəndən sonra “Gözəl Esmira” firmasının möhürünü də götürüblər. Həmin möhur vasitəsilə bir saxta müqavilə tərtib ediblər. Bəs bunun notarial qaydada təsdiqi hanı? O müqavilədə Natalya Kərimovanın imzası haradadır? Üstəlik, daşınmaz əmlak girov qoyulanda mütləq şəxsin həyat yoldaşının da razılığı olmalıdır. Haradadır belə bir razılıq məktubu? Əlbəttə ki, bütün bunlar yoxdur. Çünki belə bir müqavilə olmayıb".
Vəkil onu da qeyd edir ki, 2001-ci ildə Pərvanə Novruzovanın gözəllik salonunda törətdiklərindən sonra fakt üzrə Gəncə şəhər prokurorluğunda CM-nin 158.2-ci (hüquqi şəxslərin binalarının toxunulmazlığını pozma, zor tətbiq etməklə) maddəsilə cinayət işi başlanıb.
Bundan başqa, Natalya Kərimova 2001-ci ildə sözügedən hadisələr zamanı hamilə olub və məruz qaldığı zorakılıq nəticəsində uşağını itirib. Bu barədə əlində konkret həkim rəyi də var. Amma sonradan Natalya Kərimovanın ölkəyə qayıtmasının qarşısını almaq üçün bu faktdan onun özünə qarşı istifadə etməyə qərar verilib: “Ölkədə olmamasından istifadə edərək, Natalyanın barəsində CM-nin 296 (bilə-bilə yalan xəbərçilik etmə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) maddələrilə cinayət işi başlanıb. Guya, Natalya Kərimovanın əldə etdiyi həkim rəyi saxtadır: ”Bu cinayət işi əslində, Natalyanın ölkəyə qayıtmasının, onun əmlakının əlindən alınması məsələsini mübahisələndirməsinin qarşısını almaq məqsədi daşyırdı".
Vəkil deyir ki, bu gün də sözügedən gözəllik salonu Pərvanə Novruzovanın adına olmaqla, onun istifadəsindədir: “Necə oldu ki, həmin obyekt onun adına keçdi? Üç kondisionerə görə çox işlək vəziyyətdə olan, maddi-texniki təczizatı yüksək olan, geniş ərazisi olan bir obyekti, eyni zamanda iki mənzili 3 kondisionerin əvəzi kimi almaq olarmı? Həmin salonun, mənzilin hansı qaydada Pərvanə Novruzovanın mülkiyyətinə keçməsilə bağlı araşdırma aparmışıq. Yaxın günlərdə mətbuat konfransı keçirib bütün bunları geniş ictimaiyyətə açdıracağıq”.
Aytən Məmmədova