Hakim nəzarətçilərə jurnalistlərə şərait yaradılmasını tapşırsa da, onun dediklərinə əməl olunmayıb
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Hakim Elşad Əliyevin sədrliyi ilə AXCP fəalı Murad Ədilovla bağlı növbəti məhkəmə prosesi keçirilib. Dünən keçirilən prosesdə əvvəlcə Baş Narkotiklərlə Mübarizə idarəsinə sorğu göndərilməsi ilə bağlı vəsatətə baxılıb.
Hakim idarənin rəisi general Həzi Aslanovun məhkəməyə göndərdiyi məktubda onlarda Murad Ədilovla bağlı əməliyyat məlumatının olması haqda qeydi əsas gətirərək sorğu gondərməyə ehtiyac olmadığını bildirib. Daha sonra Murad saxlanılan zaman dövlət hesabına ona təyin olunmuş vəkil Səxavət Məmmədlinin dindirilməsi barədə vəsatət müzakirə olunub. Bu haqda Səxavət Məmmədlinin məhkəməyə göndərdiyi məktub oxunub. Məktubda Səxavət Məmmədli “Vəkillik haqında” Qanunun 7-ci maddəsinə istinad edərək məhkəmədə şahid kimi dindirilməsinin qanunazidd olduğunu bildirib. Vəkil Yalçın Imanov bu barədə Murad Ədilovun fikrinin əsas götürülməsini məhkəmənin nəzərinə çatdırıb. Murad Ədilov Səxavət Məmmədlinin məhkəməyə çağrılması və vacib olan bir məqama aydınlıq gətirilməsini bildirərək onun məhkəmədə iştirakının təmin edilməsini xahiş edib. Hakimlər yerində müşavirə edərək Səxavət Məmmədlinin məhkəmədə iştirakının təmin edilməsi üçün onun özünə və Vəkillər Kollegiyasına məktub göndərilməsi barədə qərar çıxarıblar.
Daha sonra Hakim Elşad Əliyev əvvəlki proseslərdə verilmiş narkotik maddənin mənbəyi ilə bağlı istintaq işinin ayrılması və sahə müvəkkili Vaqif Sultanovun hadisə ərəfəsində telefon əlaqələrinin çıxarılması barəsindəki sorğularla əlaqədar vəsatətə münasibət bildirib. O qeyd edib ki, hər iki sorğuya hələ ki, cavab gəlməyib.
Vəkil Yalçın Imanov hakimdən baxılmamış saxlanılan bir vəsatətə də münasibət bidirməyi xahiş edib. Bu ekspertin dindirilməsinin təmin edilməsi ilə bağlı vəsatət olub. Vəkil bunun vacibliyini Murad Ədilovun üstündən və evindən götürülən narkotik maddənin miqdardakı uyğunsuzluqla (Murad Ədilovun evindən götürülən narkotikin miqdarı bəzi sənədlərdə 685 qram bəzilərində 660 qram, üzərindən “tapılan” narkotik isə bəzi sənədlərdə 7.7 qram, bəzilərində isə 3.3 qram göstərlib) və ekspertiza keçirilməsinin vaxtı ilə bağlı ziddiyyətlərlə əsaslandırıb. Hakimlər yerində müşavirə keçirərək bu vəsatəti təmin etməyiblər.
Yalçın Imanov hakimdən məhkəmə zalında jurnalistlərin olduğunu bildirərək onlara fotoşəkil çəkməyə icazə verilməsini xahiş edib. Hakim buna etiraz etməyərək prosesdən sonra buna şərait yaradılmasını məhkəmə nəzarətçisinin nəzarətinə çatdırıb. Lakin nəzarətçilər prosesdən sonra bunda imkan verməyib.
Proses mayın 14-nə saat 11:30-a təxirə salınıb.