Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivi 76-cı məhəllədə məskunlaşmış Laçın rayonu Qarakeş kəndindən məcburi köçkün Həmidova Samirə Həmid qızı “Azadlıq”a müraciət edərək Sumqayıt şəhər Memarlıq Idarəsinin Kənan adlı əməkdaşının özbaşınalığından şikayətlənir. Köçkün soydaşımızın Sumqayıt şəhər Prokurorluğuna, Polis Idarəsinə verdiyi şikayəti nəticəsiz qalıb. O, çarəsizlikdən qəzetimiz vasitəsilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edir.
Samirə xanımın Memarlıq və Şəhərsalma Idarəsinin Kənan adlı əməkdaşından Sumqayıt Şəhər Prokurorluğuna və Polis Idarəsinə şikayətindən sonra Memarlıq Idarəsindən köhnə tarixə sənədlər tərtib edərək ona verir. Sonradan Memarlıq Idarəsi səhvini (köhnə tarixə verilən sənət cinayət tərkibi daşıyır) anlayaraq həmin sənədi geri alır.
Samirə xanım H.Əliyev fondunun prezidenti Mehriban Əliyevaya şikayət məktubunda yazır: “Hörmətli Mehriban xanım, mərhum Heydər Əliyevin ”Qaçqınlara toxunmayın" deyimi artıq aktuallığını itirib. Laçın rayonu Qarakeş kəndindən məcburi köçkün olaraq Sumqayıt şəhəri, Yaşıl dərə 76-cı məhəllədə dəmir budkada (“Zil” maşınının kuzovu, banı) məskunlaşmışam. Biz bura köçkün gəlib məskunlaşarkən heç işıq xətti, su yox idi. Güc-bəla qəpik-qəpik yığaraq yaşadığımız budkanın qabağından 3×2-yə bir otaq tikib mətbəx kimi istifadə edirdim.
Sumqayıtın Memarlıq idarəsindən Kənan adlı biri gəlib mənə yaşadığımız yerin qanunsuz olduğunu bildirdi. O, yerin sənədləşdirilməsi üçün bizdən 3000 (üç min) manat pul istədi. Mənim isə buna imkanım olmadı. Bankdan 2500 (iki min beş yüz) manat pul götürdüm. Övladım xəstə olduğu üçün 1000 manatını ona xərclədim. Avqust ayında isə 1500 manatı Kənana verdim. Bundan artığa imkanım olmadığını bildirdim. O isə əlavə 1000 manat da tələb etdi.
Qaçqın olaraq himayəmdə xəstə övladımın olmasını, heç bir yerdə işləmədiyimi nəzərə almayan Kənan bizə xəbər etmədən, bildiriş vermədən 10 mart 2015-ci il tarixdə ekskovator və traktor göndərib kiçik komamı dağıtdı.
Çox yalvarsam da fikir vermədilər. Zəhmətlə, qəpik-qəpik qazanaraq tikdiyim evimi gözlərimin qarşısında uçurtdular. Mənə külli miqdarda maddi və mənəvi ziyan vurdular. Iki maşından çox daşımı oğurladılar. 11 mart 2015-ci il tarixdə yenidən Sumqayıt şəhər Memarlıq Idarəsinə getdim. Kənana bildirdim ki, bir az səbirli olardın, pulunu bankdan götürüb verəcəkdim. Kənan da mənə bildirdi ki, artıq gecdi, o evdən çıx. O mənə dedi ki, sənin sübutun yoxdu, mənə heç kim heç nə edə bilməz, mən vəzifə borcumu yerinə yetirirəm. Kimə istəyirsən şikayət et. Burada qanunsuz məskunlaşmısınız.
Hörmətli Mehriban xanım, yuxarıda yazdıqlarımı, maddi durumumun ağır olmasını, məcburi köçkün olmağımı, himayəmdə xəstə övladımın olmasını nəzərə alıb mənə qarşı haqsızlıq edənlərin cəzalandırılması haqqında Sumqayıt Şəhər Prokurorluğuna ciddi tapşırıq verməyinizi xahiş edirəm".
Kamil