«Azərişıq»ın açıqlaması «Azərenerji» rəhbərliyinin indiyə qədər dediklərinin yalan olduğunu üzə çıxardı
Dövlət başçısının sərəncamı ilə “Azərenerji”nin bazasında yeni yaradılan “Azərişıq” ASC təhvil-təslim işlərinə hələ davam etdirməkdədir. Amma bu arada rəsmi mətbuatda gedən bəzi məlumatlar maraq doğurur. Məlumatlarda xüsusilə onun altı cızılır ki, “Azərenerji”nin texniki bazası köhnəlmiş və sıradan çıxmış olub.
“Azərişıq” artıq bəyan edir ki, istehlakçıların elektrik enerjisi ilə davamlı təminatı istiqamətində mövcud olan qaçılmaz problemlərin də aradan qaldırılmasına start verilib. Ölkənin bütün rayon mərkəzlərində qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin (KTM) yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılıb. Yeni güc mərkəzləri həm görünüş baxımından əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlükləri olmaqla yeni, müasir KTM-lərdir.ÿ
Bu işlərlə yanaşı, uzun illər istismar olunan ağac dayaqlar da yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşmüş, heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖIN) izolyasiyalı kabellərlə dəyişdirilir. Bu tədbirlər abonentlərin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək.
Yeni KTM-lər isə quraşdırılmazdan qabaq həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək tələbata uyğun güc mərkəzləri seçilir.
Qeyd edək ki, “Azərişıq” “Azərenerji” ASC-dən təhvil-təslim işlərini sərəncama əsasən aprelin 10-dək başa çatdırmalıdır.
“Azərişıq”ın mövqeyindən belə bəlli olur ki, hazırda ölkənin elektrik enerjisi ilə təchizatı istiqamətində durum acınacaqlıdır. O zaman sual olunur ki, “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevin vaxtilə bu sahənin inkişafı ilə bağlı verdiyi bəyanatları necə başa düşmək olar. “Barmek”dən sonra bu sahəyə xərclənən dövlət vəsaitlərinin aqibəti necə oldu?
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, “Azərenerji” bir neçə istiqamətdən maliyyə əldə edirdi. Amma bütün bunlara baxmayaraq, “Azərenerji” vəsait çatışmamazlığından gileylənirdi: “Dövlətin ən iri şirkətlərindən hesab olunan ”Azərenerji" şirkəti təkcə göstərdiyi xidmətə görə vəsait qazanmırdı. Eyni zamanda dövlət büdcəsindən iri məbləğdə dotasiya alırdı. Böyük məbləğdə olan investisiya layihələrinin həyata keçirilməsindən sonra yenə də hansısa vəsaitlərin azlığından şikayət edilirdi. Xatırlayırsınızsa, Tarif Şurası tənzimlənən qiymətlərin artırılmasını bu səbəblə əlaqələndirirdi: Yeni qiymət artımı keyfiyyətin daha da yüksəldilməsinə xidmət məqsədilə edilir".
M.Talıblının sözlərinə görə, “Azərenerji”nin təfitişində 2 məqamı nəzərə almaq lazımdır. Məhz bu məqamlar nəzərə aldıqdan sonra bu quruma daxil olan və qurumdan büdcəyə edən maliyyə vəsaitləri barəsində fikir yürütmək olar: “Nəzərə alınmalı məqamlardan birincisi ”Azərenerji"nin vaxtilə satdığı xidmət qarşılığında yığımın səviyyəsi və dövlət büdcəsinə hansı həcmdə vəsaitin daxil olmasıdır. Ikinci məqam isə dövlət büdcəsindən alınmış dotasiyanın şəffaf və təyinatlı xərclənməsi üzərində maliyyə trayektoriyasının təqib edilməsidir".
Hikmət