Jurnalistin işi üzrə apellyasiya məhkəməsinin vaxtı bəlli oldu
“Azadlıq” qəzetinin şərlənərək həbs olunmuş əməkdaşı, eləcə də “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin işi üzrə apellyasiya məhkəməsinin vaxtı bəlli olub. Bu barədə “Azadlıq”a Seymur Həzinin vəkili Adil İsmayılov məlumat verərək bildirib ki, apellyasiya şikayəti üzrə ilkin baxış iclası martın 31-i, saat 11.30-a təqin olunub. Apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyilə baxılacaq.
Xatırladaq ki, Seymur Həzi ötən il avqustun 29-da həbs olunub. O, yaşadığı Ceyranbatan qəsəbəsindən Bakıya işə gələrkən avtobus dayanacağı yaxınlığında Məhərrəm Həsənov adlı şəxsin hücumuna məruz qalıb. Lakin həmin vaxt ətrafda olan polislər Seymur Həzinin özünü tutaraq Abşeron Rayon Polis İdarəsinə aparılıb. İdarədə Seymur Həziyə qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.
Bu iş üzrə Abşeron Rayon Məhkəməsində təxminən iki ay davam edən prosesdə Seymur Həzi və vəkilləri hadisənin əvvəlcədən planlaşdırılmış təxribat olduğunu, Məhərrəm Həsənovun məqsədli şəkildə ora göndərildiyini, cinayət işinin materiallarındakı saxtakarlığı konkret faktlarla sübut etdilər. Buna baxmayaraq, məhkəmənin hakimi Şövkət Nəcəfova Seymur Həzinin 5 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxardı. Həmin hökmdən narazı qalan vəkillər apellyasiya şikayəti verib.
Aytən