Imtahan verən şagirdlərin 31.5 faizi «Ana dili» fənnindən «2» alıb
Artıq təkzibedilməz bir həqiqətdir ki, ölkə təhsilinin səviyyəsi ildən-ilə aşağı düşür. Təhsildəki bu acınacaqlı vəziyyəti rəsmilər də etraf edir. PA rəhbəri Ramiz Mehdiyev dəfələrlə etiraf edib ki, savadlı kadr tapmaqda çətinlik çəkirlər. TQDK-nın son açıqlamaları isə daha faciəvi reallığı ortaya qoydu. Məlum oldu ki, abituriyentlərin 65 faizi 200-dən az bal toplayıb. Eyni zamanda Azərbaycanın bütün bölgələri üzrə yazıb-oxumaq bacarığı olmayan şagirdlər olduğu ortaya çıxdı.
Martın 15-də keçirilmiş buraxılış imtahanlarının nəticəsi isə daha acınacaqlı olub. Azərbaycanda 2014-2015-cü tədris ili üzrə buraxılış imtahanı verən peşə liseylərinin şagirdlərinin 31,51 faizi (1519 nəfər) “Ana dili”, 58,02 faizi (2797 nəfər) “Riyaziyyat” fənnindən “iki” qiyməti alıb. Şagirdlərin yalnız 0,19 faizi “Ana dilindən, 0,19 faizi ”Riyaziyyat" fənnindən “beş” alıb. Bu barədə TQDK-nın mətbuat xidmətindən məlumat verib.
Həqiqətən də olduqca ağır vəziyyətdir. Azərbaycan hakimiyyəti uzun illər ərzində təhsil məsələsini ön plana keçirmədi. Müəllimlər ölkənin ən kasıb təbəqəsinin təmsilçisinə çevrildi, müəllim seçki saxtakarlığına cəlb olunaraq ucuzlaşdırıldı, şagirdlər rüşvətlə attestat almağın mümkünlüyünə şahidlik etdilər, repetitorluq zərurətə çevrildi. Artıq hər bir valideyn başa düşür ki, övladının normal təhsil ala bilməsi üçün repetitor yanına getməsi vacibdir. Çünki, məktəblər “gül pulu”, “təbaşir pulu”, “süpürgə pulu” yığılan məkana çevrilib. Bu ölkədə təhsil adına yalnız təhsil müəssisələri var. Hakimiyyət məktəb binaları tikməklə, təhsili inkişaf etdirdiyinin görüntüsünü yaratmaq istədi. Hansıki, milyonlarla manatın mənimsənilməsi hesabına tikilmiş məktəb binasının içində tədris yox idi. Məktəblər alver məkanına çevrildi. Bütün diqqət daha çox qazanmağa yönəldi. Müəllimlərin əmək haqqı 20 il müddətində 150-200 manata baryerini aşa bilmədi. Dərsliklər ciddi qüsurlarla nəşr edildi. Ümumiyyətlə, təhsilin inkişafı, orta məktəblərin standartlara uyğunlaşdırılması üçün heç bir əməli addım atılmadı.
Statistika göstərir ki, imtahanlarda yüksək nəticə göstərənlər, özəl liseylərin şagirdləridir. Bu isə onu göstərir ki, normal tədris mühiti olsa, hakimiyyət təhsilin inkişafında maraqlı olsa, müsbət nəticə əldə etmək mümkündür.
Bu da son nəticə. “Riyaziyyat” fənnindən “2" alanlar 58 faiz təşkil edir. ”Ana dili" fənnindən isə “2" alanlar 31 faizdən çoxdur.
Bu da analoqsuz inkişaf nağılının sonu. Bu da regionun lider dövlətinin təhsil nəticələri.
Göründüyü kimi, bu illər ərzində ölkənin yalnız maddi sərvətləri deyil, gələcəyi də oğurlanıb. Bəli, təhsil hər bir dövlətin gələcəyinin təminatıdır. Azərbaycan hakimiyyəti isə ölkəyə savadsız kadrlar ordusu miras qoyur.
Ən dəhşətlisi isə budur ki, bu qədər neqativ nəticələrin olmasına baxmayaraq, heç bir əməli addım atılmır. Normal ölkədə bu nəticələrə görə məsul şəxslər vəzifədən azad edilər, həyəcan təbili çalınardı.
Bir daha təsdiqlənir ki, normal təhsil yalnız normal ölkələrdə mümkündür. Korrupsiyalaşmış avtoritar rejimlərdə nəticə məhz belə olur.
Azad