“Allah yalan deyənin evini yıxsın, balasını öldürsün…”
AXCP fəalı Murad Ədilovun işi üzrə keçirilən hər məhkəmə iclası onu şərləyənlərin ifşası ilə yadda qalır. Bu baxımdan, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclas da kifayət qədər maraqlı olub.
Budəfəki iclasda Sabirabad Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi Vüsal Şəbəndiyev ifadə verib. O bildirib ki, Murad Ədilovla bağlı əməliyyatı Bakıdan gəlmiş Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşı Elman adlı şəxsin rəhbərliyi altında həyata keçiriblər. Şəbəndiyev iddia edib ki, Murad Ədilovun narkotiklərin dövriyyəsilə məşğul olduğu haqda məlumat alıblar və həmin məlumatlar əsasında əməliyyat keçirərək, onu yaşadığı Xəlfəli kəndinin girəcəyində saxlayıblar.
Murad Ədilov Vüsal Şəbəndiyevin dediklərinin tamamilə yalan, şər-böhtan olduğunu bildirib. Yeri gəlmişkən, Şəbəndiyev ifadə verərkən Murad bir neçə dəfə “Allah yalan deyənin evini yıxsın, balasını öldürsün” deyərək onun yalan danışdığına işarə edib.
Murad Ədilovun vəkili Yalçın Imanov Vüsal Şəbəndiyevə ünvanladığı suallar isə onun ifadəsilə bağlı ziddiyyətli məqamları ortaya çıxarıb. Məsələn, vəkil Şəbəndiyevdən soruşub ki, əgər doğrudan da Murad Ədilov kəndin girəcəyində həbs olunmuşdusa və protokolda göstərildiyi kimi, saxlanılarkən üstündə narkotik aşkarlanmışdısa, niyə o birbaşa yaşadığı evə yox, polis şöbəsinə aparılıb? Vəkil qeyd edib ki, Murad Ədilov saxlanıldıqdan 2 saat sonra onun evində axtarış aparmaq məntiqsizdir və suallar doğurur. Məntiqlə, Muradın yaşadığı evdə narkotik olsaydı belə, bu müddətdə o, gizlədilməli idi. Vəkil Şəbəndiyevdən bu detalları niyə nəzərə almadıqlarını soruşsa da, qarşı tərəf sualı cavablandıra bilməyib.
Ümumiyyətlə, məhkəmə prosesinin gedişində əməliyyatı həyata keçirmiş polislərin ifşası, baş verənlərin tamamilə qurama olmasını sübut edən faktların ortaya qoyulması işi aparan hakimin də narahatlığına səbəb olub. Hər halda, proses zamanı hakimin müdafiə tərəfinə münasibətdə nümayiş etdirdiyi aqressivlik, ziddiyyətlərin üzə çıxmasına əngəl olmaq cəhdi belə deməyə əsas verir.
Vəkil Yalçın Imanov Murad Ədilov saxlanılarkən ona işgəncə verilməsi məsələsinə də toxunub. Şəməndiyev gözlənildiyi kimi, bunu inkar edib. Murad Ədilov Şəməndiyevin yalan danışdığını, məhz onun otağında Sabirabadın polis rəisinin müavini Əlifağa Kazımov və digər 4 nəfər tərəfindən dəhşətli işgəncələrə məruz qaldığını bildirib.
Sonda çıxış edən Murad Ədilov bir daha bəyan edib ki, ona qarşı sürülən ittihamlar tamamilə absurddur. O, özünün siyasi fəaliyyəti, eləcə də qardaşı – AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilovun hökumətin ünvanına tənqidi çıxış və yazıları ilə əlaqədar şərləndiyini bildirib. Qeyd edib ki, həbs olunarkən polis şöbəsində onun özünə də bunu deyiblər.
Bu iş üzrə məhkəmə prosesi martın 13-də davam edəcək.
Aytən