«220 manatla 25 nəfər ailə üzvümü necə dolandırım»
Prezident Ilham Əliyev, Qaçqın və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, ƏƏSMN və əksər mətbuat orqanlarına müraciət edən Xocalıdan olan məcburi köçkün Qərənfil Sadıqova üzləşdiyi problemdən bəhs edir. Bərdə rayonu, 105 saylı texniki peşə liseyində məskunlaşan şəhid anası, həmçinin 8 uşaq anasıdır. Nəvələriylə birlikdə 25 nəfərlik ailəyə malik olan Q.Sadıqova 2015-ci ilin yanvar-fevral ayında qanunverici və rəhbər orqanların səlahiyyətli şəxslərinə şikayət ərizəsi yazdığını bildirir:
“Görünür, şəhid ailəsi, məcburi köçkün, pulsuz və kasıb olduğum üçün məmurlar ərizəmə baxmır. Bəs onlar mənim yerimdə olsaydı, nə edərdilər? 220 manat təqaüd pulu almaqla 25 nəfər ailə üzvümü bu illərdə dolandırmaq asanmı olub? Prezidentin vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılıb cavab verilməsi barədə məlum sərəncamı var. Bəs nə üçün məmurlar bu sərəncama əməl etmir?
Həyat yoldaşım Vaqif Sadıqov 22.08.91-ci ildə Xocalı rayonunda erməni qaniçənləri tərəfindən qətlə yetirilib. 8 övladımın altısı oğlan, ikisi qızdır. Biz 1991-ci ildən Xocalıdan köçkün düşmüşük. Həmin vaxtdan Bərdə rayonunda texniki peşə liseyində məskunlaşmışıq. Övladlarımın 7-si ailə həyatı qurub. Onlar da peşə liseyində yaşayırlar. Yaşayışımız ağır idi. Böyük oğlum Ilyas Sadıqov işsizlikdən ailəsini saxlamaq üçün cinayətkar aləmin təsiri altına düşüb narkotik maddə satdı. Buna görə də onu həbs etdilər. 2014-cü ildə oğlum həbsdəykən vəfat etdi. Indi onun uşaqlarına da mən baxıram. Kiçik oğlum Tapdıq Sadıqov çörəkpulu ucbatından harda gəldi, ağır şəraitdə, dözülməz hava şəraitində də işləyirdi. Axırda o, vərəm xəstəliyinə tutub 2014-cü ildə dünyasını dəyişdi. Onun da uşaqları mənim öhdəmdədir.
Cənab prezident, nazirlər və baş redaktorlar! Mənim övladlarım, gəlinlərim və nəvələrim heç bir yerdə iş tapıb işləyə bilmirlər. Hara müraciət ediriksə, bizə iş vermir, iş olmadığını əsas gətirirlər. Hətta sosial yardım və icarəyə torpaq sahəsi də vermirlər. 25 nəfər ailə üzvümün hamısı aldığım 220 manat təqaüd puluna baxırsa, hansı yaşayışdan danışmaq olar? Bu təqaüd puluyla bir belə ailəni saxlamaq olarmı? Bu heç onların çörəyinin pulunu ödəmir. Rayonda sosial yardımı, icarə torpaqlarını, dükan yerini vəzifəli, pullu adamlara verirlər. Bizi icra başçısı Vidadi Isayev də qəbul etmir. Qəbula gedəndə qapıda duran polis əməkdaşı içəri keçməyə mane olur. Dərdimizi kimə deməliyik? Qorxuram, qalan övladlarım da gözüm baxa-baxa məhv olub gedər. Necə yaşamalıyıq ki, məhv olmayaq? Getdiyimiz yerlərdə şikayətimizə baxmırlar. Rayondakı məmurlar yalnız öz güzəranlarını düşünür, bizi adam yerinə qoymurlar. Həyat yoldaşı şəhid olmuş, iki oğlunu itirmiş, 25 nəfər evsiz, işsiz, pulsuz, ömrü 24 il məcburi köçkünlükdə keçən bu böyük ailə nə etməlidir?
Şəhid ailəsi kimi xahiş edirəm, övladlarıma yaxın yerlərdə özlərini dolandırmaq üçün mağaza tikməyə torpaq sahəsi, əkib-becərməyə 10 hektar torpaq sahəsi və ya sosial yardım verilməsinə köməklik göstərəsiniz. Çünki bizim daha başqa əlacımız yoxdur, yaşayıb dolana bilmirik, şikayətimizə də baxan yoxdur. Dövlət başçısından xahiş edirik ki, Bərdə rayonuna növbəti səfəri zamanı bizi qəbul etsin".
Sosial şöbə