Qadın sahibkar Rəna Abdullayeva başına gətirilənləri «Azadlıq»a danışır
“Yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz”.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
“Son illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına 1 milyard 200 milyon manat güzəştli kredit verilmişdir”. Bu sitat son müşavirələrdən birində səsləndirilib. Rəsmi rəqəmlərdir. Buna şübhə yoxdur. Şübhə yalnız həmin 1 milyard 200 milyon manat kreditin hansı iş adamlarına verilməsindədir. Azərbaycanda heç bir problemsiz istənilən deputat, nazir “iş adamı” sayıla bilər. Əslində onlar toplumda məmurdan çox elə iş adamı-biznesmen-oliqarx kimi tanınırlar və sabah kimsə araşdırma aparıb ortaya qoysa ki, verilən həmin kreditin ən azı 1 milyardı elə dolayısıyla bu “iş adamları”na verilib, təəccüblənmərik.
Sahibkarın şikayətçiyə çevrilməkliyi
“Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Adamlar var ki, böyük təsərrüfatı olsa da, Fonddan kredit ala bilmir. Səbəblər və problemlər çoxdur. Fonddan kredit almaq problemini kənara qoyub regionlardakı çətinliklərə işıq salaq. Onlardan ən başlıcası yerlərdəki sahibkarlara məmurların “obyekt” kimi baxmasıdır. “Başçının qonağı gəlib, yola ver”, “Rəis deyir komissiyanı yola salsın” tipli sifarişlər sahibkarları boğaza yığıb. Rayonlarda icra hakimiyyətlərinin “daxili imkanlar hesabına” gördüyü işlər də sahibkarların boynundadır. Bu qədər ağırlığa boyun tab gətirmir, sahibkar ya boynunu yana əyir, ya da ağırlığı boynundan atmaq istəyir, onda səlahiyyət yiyələri başqa yola əl atır, sahibkarı əyməyə, sındırmağa, müflis eləməyə girişir. Qanunsa həmişə qanunsuzluq edənlərə “dayaq durur”. Ədalət məhkəmələri isə ədalətsiz sifariş verənlərin istəyinə uyğun hökm çıxarır, həm də Azərbaycan Respublikası adından…
Şəki şəhər sakini Rəna Abdullayeva 1999-cu ildən sahibkar kimi çalışır. Ali təhsilli kənd təsərrüfatı mütəxəssisi, alim-aqronomdur. Uzun müddət Şəki Tütün Fermentləşdirmə zavodunda müxtəlif vəzifələrdə işləyib. Zavod-fabriklər dağıdılandan sonra sahibkarlıq fəaliyyətinə keçib. Dediyinə görə, xeyli adamı işlə təmin edib, ailələrini dolandrmağa şərait yaradıb. Bu illərdə dövlətdən də narazılığı olmayıb. Həmişə dəstək gördüyünü deyir(Prezidentə müraciətində belə yazıb – R.H.). Ancaq dövlətin siyasətini aparan məmurların son çağlar yersiz müdaxilələri bu sahibkar xanımı peşəsini dəyişməyə məcbur edib. Rəna xanım indi sahibkarlıqla deyil, müxtəlif qurumlara şikayətlər yazmaqla məşğuldur. Öncə ölkə başçısına şikayətlər yazıb, ənənəvi olaraq bu şikayətlər oradan başqa quruma – daha dəqiq desək, Daxili Işlər Nazirliyinə göndərilib. Niyə DIN? Bu suala cavab üçün gərək ötənlərə üz tutaq. Axı, Rəna xanımın şikayəti həm də polislərdəndi…
Bərpa üçün rəis müavinindən icazə…
“Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir”.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
“Mənim Şəkinin Qoxmuq kəndində müəssisəm var. 2007-ci ildə Şəkini sel basanda ən çox ziyan çəkənlərdən oldum. Bunu Fövqəladə Hallar Komissiyası da qeydə alıb və aktlaşdırıb. Maddi imkanım olmadığından müəssisəmdə selin dağıtdıqlarını uzun müddət bərpa edə bilməmişəm. Dövlətdən də kömək istəməmişəm, haqqım olsa belə. Ötən il noyabrın 22-də müəssisədə bərpa işlərinə başladım. Elə o gündən polis özbaşınalığı ilə qarşılaşdım. Əvvəlcə Qüdrət Rəsulov adlı polis müəssisəyə ”baş çəkib" və orda işləyən ustalara hədə-qorxu gəlib. Sonra evimə zəng vuraraq hökmən Şəki Şəhər Polis Şöbəsinin rəis müavini Rizvan Ramazanovun qəbuluna gəlməyimi və bərpa işləri üçün ondan icazə almağımı(?!) tələb etdi" deyə Rəna Abdullayeva dövlət başçısına yolladığı müraciətində yazır. Rəsmi çağırış göndərilməməsinə baxmayaraq Rəna xanım müavinin qəbuluna gedir və xoş olmayan rəftarla qarşılaşır. Şöbəyə çağırılan qadının özünü sərbəst aparması, polisdən qorxmaması(?!), hər şeyin qanun çərçivəsində olmasını tələb etməsi rəis müavininin xoşuna gəlmir, “dikbaşlıq” ürəyincə olmur. Bir sözlə, Rəna xanımla “söhbət” alınmır. Müəssisədə bərpa işlərinin davam etdirilməsi xəbəri rəis müavininə çatdıqda o, yenidən polisləri (bu dəfə daha çox) əraziyə göndərir. Işlərin dayadırılması və Rəna xanımın şöbəyə gətirilməsi tələb edilir. “Evimizə polisləri göndərmişdi maşınla, görünür, alınmayan söhbətimizin heyfini bu şəkildə çıxmaq istəyirdi. Rayon yerində bir qadının polis maşınında şöbəyə aparılmasının nə demək olduğunun izahına ehtiyac yox. Polislərə onlarla getməyəcəyimi dedim və öz maşınımla şöbəyə yollandım. Mən ora çatanda bəlli oldu ki, müavin ”yerində yoxdur". Gözləməliyəm. Bu da polisin şərtləriylə razılaşmayanlara qarşı olan ənənəvi üsul idi. Mənə hədə-qorxu gələrək izahat yazmağımı tələb etdilər. Izahat yazmağın səbəbini soruşduqda, polis işçiləri Maqsud Məsimov və Qüdrət Rəsulov mənə qapını göstərdilər, “izahat yazmayınca səni buradan buraxan deyilik”- dedilər. Səbəb onların istədiyi rüşvəti verməməyim idi. Şəkər və hipertoniya xəstəsiyəm. Bunu bilə-bilə polislər rəis müavini Rizvan Ramazanovun qeyri-rəsmi əmrini icra edib məni 4 saata yaxın şöbədə saxladılar. Onların bu qanunsuz hərəkətindən nazirə şikayət edəcəyimi desəm də, “biz heç kimdən qorxmuruq, nə bilirsən, onu da et” cavabını verdilər"- yazır Rəna xanım Ramil Usubova müraciətində.
Nazirə müraciətisə Rəna xanım “Sizin təmizliyinizə, dürüstlüyünüzə, obyektivliyinizə inanaraq… xahiş edirəm Şəki polisində olan özbaşınalığa qarşı ciddi tədbir görəsiniz” sözlərilə bitirir.
Ənənəvi sonluqdur. Şikayətçilərin çoxu yazdıqları müraciəti beləcə təriflə bitirir və ümid edir ki, tərifdən razı qalan məmur tədbir görəcək. Rəna xanımın da ümidi qısa zamanda puç olur (başqa şikayətçilərin ümidi kimi).
“Tərəfimizdən araşdırılmış… təsdiqini tapmamışdır”
Daxili işlər naziri Ramil Usubova yolladığı müraciətə 10.12.2014-cü ildə nazirliyin baş ictimai təhlükəsizlik idarəsinin rəis müavini Oqtay Kərimov cavab verir: “Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə ünvanlanmış müraciətiniz araşdırılıb müvafiq tədbir görülməsi üçün Şəki şəhər-rayon polis şöbəsinə göndərilmişdir. Hörmətlə, rəis müavini Oqtay Kərimov”.
Görünür, nazirlik “ciddi” tapşırıq verdiyindən elə həmin günlərdə – 16.12.2014-cü il tarixində Şəki şəhər-rayon polis şöbəsindən Rəna xanıma məktub gəlir, həm də hörmətli…
“Hörmətli Rəna Abdullayeva!
Sizin Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə ünvanladığınız ərizəniz tərəfimizdən araşdırılmış və ərizənizdə yazdıqlarınız öz təsdiqini tapmamışdır. Bununla belə, polis əməkdaşları bundan sonra da vətəndaşlarla nəzakətlə rəftar etmələri, hüquq və mənafelərinə hörmətlə yanaşmaları barədə xəbərdar olunmuşdur. Hörmətlə, rəis, polis polkovniki Eldar Ilyasov".
Yuxarıda Şəkinin polis rəisinin Rəna xanımın şikayətiylə bağlı mövqeyini verdik, şübhə yoxdur ki, həmin cavab nazirliyə də göndərilib. Ancaq nazirlik məsələni “diqqətdə saxlamaqda” davam edir, Şəkinin polis rəisinin göndərdiyi “ərizəniz tərəfimizdən araşdırılmış və ərizənizdə yazdıqlarınız öz təsdiqini tapmamışdır” cavaba baxmayaraq, nazirlik vətəndaşa sayğı sərgiləyir, həm də sonsuz sevgiylə…
27.12.2014-cü ildə Rəna xanım DIN-dən daha bir məktub alır, bu məktub nazirliyin Daxili Təhqiqatlar Idarəsindən gəlir. “Hörmətli Rəna Qədir qızı, Şəki ŞRPŞ əməkdaşlarının hərəkətləri barədə daxil olmuş müraciətiniz baxılması üçün DIN-in Baş Ictimai Təhlükəsizlik Idarəsinə göndərilmişdir.
Müraciətinizə baxılmasının nəticəsi barədə həmin Baş Idarədən Sizə əlavə məlumat veriləcəkdir. Hörmətlə, rəis vəzifəsini müvəqqəti icra edən Elnur Mehdiyev".
Prezidentə ünvanlanan müraciət də “tədbir görülmək üçün” DIN-ə göndərilir. Daxili işlər nazirliyi baş ictimai təhlükəsizlik idarəsinin rəis müavini Hikmət Eyvazov mübarək imzasıyla 01.01.2015-ci ildə Rəna Abdullayevaya cavab verir: “Azərbaycan Respublikası Prezident Administrasiyasına ünvanlanmış müraciətiniz araşdırılıb müvafiq tədbir görülməsi üçün Şəki şəhər-rayon polis şöbəsinə göndərilmişdir. Hörmətlə, rəis müavini Hikmət Eyvazov”.
Göründüyü kimi, yuxarı instansiyalar da şikayətçini şikayətçi olduğu qurumun üstünə göndərir, nəticə də göz önündədir, Şəki polisinin şikayətçiyə cavabına diqqət edin: “…ərizənizdə yazdıqlarınız öz təsdiqini tapmamışdır”.
Ancaq şikayətlər izsiz ötüşmür, nəticəsi olur… Rəna xanım və oğlu hər biri 600 manat cərimə edilir. Rəna xanımın prezidentə müraciətindən: “…Oğlum Camal və mən Şəki polisinin şantajı nəticəsində qorxu və həyəcan içində yaşayırıq. Icra başçısı E.Yusubova dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir tədbir görülmür, əksinə, 15 dekabr 2014-cü ildə mənə və oğluma eyni məzmunlu məktub gəldi. Şəki icra başçısının 01.12.2014 tarixli 1/291 saylı sərəncamı əsas gətirilərək hər birimiz ayrı-ayrılıqda 600 manat cərimə olunduğumuzu bildik. Bu məktuba qədər bizə inzibati xəta ”törətdiyimizlə" bağlı heç bir məlumat verilməmişdi. Məktublardan öyrəndik ki, oğlum ona məxsus “Camal” firmasının istifadəsində olan torpaq sahəsində “Avtomobil təmiri emalatxanası”nın tikinti işlərini “müvafiq razılıq olmadan” aparmaqla Inzibati Xətalar Məcəlləsinin 294.1 madəsində nəzərdə tutulan əməli törədib.
Mənim cərimə olunmağıma səbəbsə Qoxmuq kəndindən keçən Şəki-Qax avtomobil yolunun kənarındakı tikintimdə, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən binada bərpa-təmir işləri aparmağımdır. Yəni Inzibati Xətalar Məcəlləsinin 194.2 maddəsində nəzərdə tutulan əməli törətdiyim… üçün.
Şəkidə qanunsuz tikililər aparıldığı və o tikintilərə rəhbərliyin münasibəti rayonda hər kəsə bəllidir. O da bəllidir ki, indiyə qədər Şəkidə heç bir qanunsuz tikili sökülməyib və həmişə iddiaçı tərəfin “maraqları” təmin edilib" – deyə Rəna xanım müraciətində yazır.
2 ton armatur, həm də Ukrayna istehsalı…
“Sahibkarlığın dəstəklənməsi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir”.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
“Bizə hücumun arxasında məmurların marağının təmin olunmaması dayanır. Təzyiqləri durdurması üçün icra başçısının qəbuluna getdim. O da söz verdi ki, problemlər yoluna qoyulacaq, işçilərinə məni incitməməyi də tapşırdı. Başçının qəbulundan çıxandan sonra hüquq şöbəsinin müdiri Əhmədiyyə Bəşirovla görüşdüm. O, problemin həlli yolunu göstərdi, 2 ton armatur almaqla məsələnin çözüləcəyini dedi. Hansı mağazadan almağımı da nişan verdi. Həm də Ukrayna istehsalı olan armatur almalı olduğumu dedi. Getdim, mağazanın sahibindən Ukrayna istehsalı olan armaturun qiymətini soruşdum. Güldü: ”Rəna xanım, “Ağ ev”dən gəlirsən"- dedi (Şəkidə icra hakimiyyətinin binasına hamı “Ağ ev” deyir). Sən demə, 2 ton 20 min manat deməkmiş. Səhəri gün yenə icra hakimiyyətinə getdim. Başçı qəbula vaxtı olmadığını, harasa tələsdiyini dedi və məni yenə “tapşırdı”. Bu dəfə təsərrüfat şöbəsində məsləhətçi, başçının əsas adamı sayılan Nizami Ismayılovla görüşdüm. Məbləğin hədsiz çox olduğunu, buna heç bir halda imkanım çatmadığını dedim. O da başımın “ağrımaması” üçün deyilənlərlə razılaşmağımı “məsləhət” bildi.
Nəticə yuxarıda sadladıqlarım oldu. “Başağrılarım” hələ də davam edir. Obyekti ekskovatorla dağıtdılar, üstəlik, cərimə də elədilər, “sahibkarlığa qayğı”dan sonra ailəmiz də işsiz qalıb, bizimlə çalışan başqa ailələr də…"
Rövşən Hacıbəyli
P.S.Dövlət başçısından gətirdiyimiz sitatları təkrar-təkrar oxuyun, hörmətli sahibkarlar. P.P.S.Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.