Şahmar Mövsümov dünya nəhənglərindən fərqli olaraq neftin qiymətinin qalxacağına ümid edir
Məhəmməd Talıblı: «Azərbaycanda dövlət investisiyalarının idarə olunmasında müəyyən problem var»
Azərbaycan Dövlət Neft Fondu (DNF) aktivlərinin 500 milyon dollarını Çin valyutasına – yuana yatırır. Bu barədə Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov Davos Forumunda iştirakı zamanı “Bloomberg” agentliyinə açıqlamasında deyib.
Ş.Mövsümov deyib ki, fond həmçinin aktivlərinin bir hissəsini Asiya ölkələrində daşınmaz əmlaka yatıracaq. Məqsəd fondun portfelinin diversifikasiya olunmasıdır.
“Ötən ilin sonlarında biz yuana nə qədər investisiya yatırmaq barədə kvotanı müəyyən etdik. Hazırda zəruri sənədlər hazırlanır və bu il biz 500 milyon dolları yuana yatıracaq” – deyə Mövsümov bildirib.
DNF prezidenti deyib ki, Azərbaycanın neft pullarının bir qismini də Yaponiya, Honkonq, Sinqapur və Çin kimi Asiya ölkələrində daşınmaz əmlaka yatırmağı planlaşdırır: “Biz hazırda əlimizdə olan aşağı gəlirli istiqrazları əvəzləmək üçün olduqca sadə aktivlər axtarırıq”.
Şahmar Mövsümov onu da deyib ki, hazırda Rusiya rublunun dəyərdən düşməsinə baxmayaraq fond rublla saxlanılan aktivlərini dəyişdirməyəcək: “Biz rublda invstisiyalarımızı saxlayacağıq. ”Vneştorqbank”a yatırdığımız investisiya çox uzunmüddətli və strateji mahiyyət daşıyır. Biz hesab edirik ki, “Vneştorqbank”da qalmalıyıq, bu, Rusiyanın ən iri banklarından biridir”.
Ş.Mövsümovun fikrincə, neftin qiymətləri ilin ikinci yarısında sabitləşəcək və əvvəlki mövqelərini bərpa edəcək. Onun sözlərinə görə, neftin bu cür kəskin ucuzlaşmasını heç kim gözləmirdi.
Ş.Mövsümovun sözlərinə görə, neftin ucuzlaşması Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin təxminən 3 milyard dollar azalmasına səbəb olacaq. O, əlavə edib ki, fondda cəmləşmiş vəsaitlər Azərbaycana çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək.
“Biz öz valyutamızı qoruya bilərik. Xərcləri azaltsaq da biz bunu iqtisadiyyatın real sektoruna zərər vurmadan, nəzarət olunan formada həyata keçiririk” – deyə Ş.Mövsümov bildirib.
Maraqlıdır ki, Neft Fondunun rəhbərliyi bütün beynəlxalq proqnozlara, tanınmış ekspertlərin rəylərinə rəğmən neftin qiymətinin ilin ortasında artacağını düşünür. Hətta bir müddət əvvəl “Lukoyl”in prezidenti Vahid Ələkbərov bildirmişdi ki, neftin bir barel üçün qiyməti bir neçə ay sonra hətta 25 dollara çata bilər.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, neftin qiymətinin yaxın zamanlarda hansı səviyyədə olacağını indidən söyləmək olmaz. M.Talıblının sözlərinə görə, Azərbaycan rəhbərliyi hətta aşağı qiymətlərlə neft ixrac edərkən belə xərcləri həmin gəlirlərə uyğun tənzimləməlidir. 2011-ci ildə Neft Fondunun strategiyasına dəyişiklik etdiyini deyən M.Talıblı vurğuladı ki, bundan sonra həm Rusiyada, həm də Fransada daşınmaz əmlakın alınması ilə bağlı qərar verdi. Hazırda Rusiyada iqtisadi durumun olduqca çətin olduğunu söyləyən M.Talıblı bildirdi ki, həmin dönəmdə Neft Fondu Moskvada əmlak alınmasına 105 milyon manat investisiya yönəltmişdi. Ona görə hazırkı tendensiyalar nəzərə alınarsa Rusiyada Azərbaycan Neft Fondunun əldə etdiyi əmlakın dəyərinin aşağı düşməsi müşahidə olunacaq: “Hazırda Neft Fondunun aktivləri boşalıb. Digər tərəfdən Neft Fonduna daxil olmalar da azalacaq. Çınki dünyada neftin qiyməti aşağı düşüb. Azərbaycanda dövlət investisiyalarının idarə olunmasında müəyyən problem var. Beynəlxalq Valyuta Fondu investisiyanın idarə olunması ilə bağlı araşdırma aparıb. Həmin araşdırmaya dünyanın yetmiş bir ölkəsi aid edilmişdi. Azərbaycan dövlət investisiyalarının idarə olunmasına görə 40-cı yerdə dururdu. Amma neftlə zəngin Orta Asiya ölkələrindən Qazaxıstan həmin reytinqdə 9-cu yerdə idi”.
M.Talıblının fikrincə, Neft Fondu özü üçün gərək orta xərc ssenarisi müəyyən etsin. Xərcləmələr gəlirlərə uyğun olmalıdır. “Azərbaycanın orta səviyyəli xərclər strategiyası olmalıdır. Azərbaycan dünyada neftin qiymətinin dəyişməsindən asılı olmayaraq müəyyən dövr üçün xərcləri maliyələşdirmək imkanı olmalıdır”.
Xəyal