Yanvarın 21-də AXCP Sabirabad rayon şöbəsinin fəalı Sahib Rüstəmli polisə çağırılıb. Bu haqda “Azadlıq” radiosuna Sahib Rüstəmlinin özü məlumat verib. Fəalın sözlərinə görə, rayon polis şöbəsində onu təxribatda təhrikdə ittiham ediblər:
“Birinci dəfə yanvarın 20-si axşam da çağırmışdılar. Dedilər ki, guya mən digər AXCP üzvü Mirağa Abbasova təklif etmişəm ki, 25 sutkalıq həbsinə etiraz olaraq, ”molotov kokteyli”ÿhazırlayıb polis şöbəsinə atsın. Guya biz də bunu çəkib dünyaya göstərəcəkmişik. Polislərin bildirdiyinə görə, Mirağa Abbasovun atası bu haqda polisə şikayət edib. Mirağa Abbasov təxminən bir həftədir sutkalıq həbsdən çıxıb və bu müddətdə biz görüşməmişik. Polisdə mənim saxlanmağımla bağlı qərar verdilər. Hətta, qayışımı, ayaqqabılarımın bağlarını da açdılar ki, müvəqqəti saxlanma yerinə aparsınlar. Sonradan fikirlərini dəyişdilər və dedilər ki, get, sabah gəl. Bu gün getdim, yenə eyni ittihamları səsləndirdilər”.
Sahib Rüstəmli deyir ki, ikinci gün polisdə onu hədə-qorxu ilə qarşılayıblar:
“Polis rəisinin müavini qəbul etdi. Hədə-qorxu gələ-gələ dedi ki, səni tutacağıq. Bildirdi ki, gənclər birliyi yaratmaqla dövlətçilik əleyhinə çıxıram. Mən də bildirdim ki, bizim fəaliyyət qanun çərçivəsindədir. Dedim ki, polisin bu hərəkəti siyasətə qarışmaqdır. Polis isə siyasətə qarışa bilməz. O da dedi ki, biz dövlətçiliyi qoruyuruq. Sonda dedi ki, 1-2 günə AXCP yerli şöbəsinin sədri Səttar Şahlarovla məni prokurorluğa çağırıb, bu məsələni araşdıracaqlar. Hesab edirəm ki, bütün bunlar mənə və partiyanın yerli təşkilatına qarşı təxribatdır”.
Sabirabad Rayon Polis Şöbəsinin rəisi Əlifağa Kazımov Sahib Rüstəmlinin polisə hansı səbəbdən çağırılması ilə bağlı “Azadlıq” radiosunun suallarını cavablandırmaqdan imtina etdi.