Hökumət öz günahını vətəndaşların cibinə girməklə yumağa çalışır
Xəbər verdiyimiz kimi, benzinin qiymətinin aşağı salınması məsələsində deputatlar arasında fikir ayrılığı yaranıb. Milli Məclisin Iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov parlamentin iclasında benzinin qiymətinin aşağı salınmasını təklif edib. Deputat təklifini dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi ilə əsaslandırıb. Deyib ki, neftin ucuzlaşması ilə əlaqədar Rusiya, Türkiyə, Gürcüstanda benzinin qiymətində ciddi enmələr baş verir: “Tarif Şurası bu məsələyə baxmalıdır. Hesab edirəm ki, ölkədə benzinin qiymətinin tənzimlənməsinə ehtiyac var”.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə dünya bazarında neftin ucuzlaşmasına görə Azərbaycanda benzinin satış qiymətinin aşağı salınmasına tərəfdar olmadığını deyib. O, Azərbaycanda benzinin qiymətinin aşağı salınması üçün ciddi araşdırmalar aparılmalı və digər makroiqtisadi göstəricilərin təhlil edilməli olduğunu söyləyib. Deputat bildirib ki, əməkhaqqı azalmırsa, inflyasiya yoxdursa, istehlak qiymətlərinin dinamikasında sabitlik varsa, onda benzinin ucuzlaşdırılmasına ehtiyac yoxdur: “Dünya bazarında neft ucuzlaşıb deyə, Azərbaycanda benzinin qiymətini aşağı sala bilmərik. Bəzi ölkələr bunu ediblər. Amma həmin ölkələrdəki inkişaf səviyyəsinə, baş verən iqtisadi durumlara baxmaq lazımdır”.
Amma Ziyad Səmədzadədən fərqli olaraq, ekspertlər isə hesab edir ki, xammalın qiymətində ucuzlaşma varsa, deməli, benzinin qiymətinə də yenidən baxılmalıdır. Neft məhsulları içində təxminən 50 faizdən çox payı olan dizelin qiyməti də aşağı salınmalıdır. Həmçinin enerji daşıyıcıları, sürtkü materialları, mazut, elektrik enerjisi, su, qaz və digər məhsulların qiymətinə də yenidən baxılmalıdır.
Xatırladaq ki, dünya bazarında neftin bir barelinin qiyməti təxminən 110 dollardan 59 dollara düşüb. Deməli, neft məhsullarının istesalı üçün lazım olan xammalın qiyməti düşübsə, avtomatik həmin məhsulların da qiyməti ucuzlaşmalıdır.
Azərbaycanın ixracatının təxminən 90 faizini neft və neft məhsullarıdır. Neftin qiyməti ucuzlaşanda təbii ki, ölkənin gəliri də azalır. Ölkədə qeyri-neft sektoru inkişaf etmədiyindən, büdcə birbaşa neftdən asılı olduğundan, bu halda, kəsir yaranır. Hökumət də benzin ucuz başa gəlməsinə baxmayaraq, onu öz vətəndaşlarına başqa ölkələrdə olduğundan xeyli baha satmaqla, bu yolla azalan gəlirləri artırmağa çalışır. Başqa sözlə, hökumət öz günahını vətəndaşların cibinə girməklə yumağa çalışır.
Nigar