Vəkillər cinayət işinin materialları ilə tanış olacaq
Həbsdə olan hüquq müdafiəçisi, vicdan məhbusu Intiqam Əliyevin işi üzrə istintaq başa çatıb. Bu barədə “Azadlıq”a Intiqam Əliyevin hüquqlarını müdafiə edən vəkil Elton Quliyev məlumat verərək bildirib ki, istintaqın yekunlaşması haqda qərar artıq onlara elan olunub. Yaxın günlərdə müdafiəçilər cinayət işinin materialları ilə tanış olacaq.
Intiqam Əliyevin hüquqlarını Elton Quliyevlə yanaşı, vəkil Cavad Cavadov da müdafiə edir.
Xatırladaq ki, ölkənin tanınmış və peşəkar hüquqşünaslarından olan Intiqam Əliyev bu il avqustun 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələrilə ittiham irəli sürülmüşdü. Istintaq başa çatan ərəfədə CM-nin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi də ittihamlara əlavə olundu.
Yerli və beynəlxalq ictimaiyyət isə hesab edir ki, Intiqam Əliyevin insan haqlarının müdafiəsi sahəsində fəaliyyətinə, xüsusən, Avropa Məhkəməsinə göndərdiyi şikayətlərə görə siyasi sifarişlə cəzalandırılır. Təsadüfi deyil ki, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Intiqam Əliyevi “vicdan məhbusu” elan edib.
Aytən