Siyavuş Novruzov müəllimlərin maaşının arıtırılmasının «çarə»sini tapıb
Ölkədə həddindən artıq həlli zəruri olan problemlər var və bu problemlər 21 ildir ki, həllini tapmır. Nəinki həllini tapmır, hətta bu istiqamətdə irəliləyiş də yoxdur. Belə problemlərin önündə sosial problemlər dayanır və sosial problemlər də əmək haqlarının azlığı ilə izah edilir. Heç kim inkar etmir ki, təqaüdçünün, müəllimin, həkimin əmək haqqı çox azdır və zəruri ehtiyacları ödəmir. Bu problem isə özlüyündə digər problemləri yaradır.
Məsələn, 120-150 manat maaş alan müəllim zəruri ehtiyaclarını ödəmək üçün “repetitor”luq edir, öz biliyini sinifdən xaricdə xərcləməyə daha çox maraqlı olur və nəticədə təhsil sahəsində böyük uçurumlar yaranır. Yəni ölkənin əsas sahələrinə bu qədər laqeydlik stimulu öldürür və ümumi geriləmə ilə müşahidə olunur.
Hakimiyyət isə bu məsələləri həll etməmək üçün uzun illərdi bəhanələr gətirməklə kifayətlənir. Bir qayda olaraq müəllimin, həkimin maaşının artırılmasından söhbət düşəndə deputatlar “ölkədə inflyasiya yaranar” şüarı ilə silahlanırlar.
Bugünlərdə “modern.az” saytına açıqlama verən YAP-çı deputat Siyavuş Novruzov da bu məsələyə toxunaraq bildirib ki, “Akademiyanın institutları birləşdirilsin, orta məktəblərdə müəllimlər ixtisar edilsin, maaşlar artırılsın”.
Göründüyü kimi, bunların təfəkküründə maaş artımı ixtisarlardan asılıdır. Həm də akademiya, məktəblərdəki ixtisarlardan.
Niyə məmurların maaşının azaldılması hesabına, gərəksiz investisiya layihələrinin ləğv edilməsi hesabına maaşlar artırılmır? Necə olur ki, bir məmurun 21 yaşlı oğlunun hotelləri, şirkətləri, villaları ara-arda düzüləndə yox, müəllimin maaşı artanda inflyasiya baş verir?
Bəli, hakimiyyətin məntiqinə görə, maaş o zaman arta bilər ki, işsizlik də artsın. Yəni işdən azad edilən insanların sonrakı taleyi bunları maraqlandırmır. Fransadan tutmuş, Rumıniyaya qədər dünyanın hər yerində dəyəri milyonlarla ölçülən xeyriyyə işləri görülür və buna milyonlar xərclənir. Yaxud, Azərbaycandan ofşorlara 48 milyard dollar daşındığı üzə çıxır. Bu pullarla nəinki müəllimin maaşını artırmaq olar, hətta müəllimlərə mənzil də vermək olar.
Əslində, büdcə xərcləmələrinə nəzər salanda bu ölkədə təhsilə, səhiyyəyə necə qiymət verildiyi aydın görünür. Siyavuş Novruzovun canfəşanlıqla müdafiə etdiyi hakimiyyətdən fərqli olaraq, AXC hakimiyyəti dövründə məhdud büdcə ilə müəllimlər kommunal xərclərdən azad edilmişdi. Həmin dövrdə icra başçısı müəllimdən az maaş alırdı.
Bu necə analoqsuz inkişafdır, bu necə uğurlu iqtisadiyyatdır ki, müəllimin maaşına 5-10 manat artım edildiyi təqdirdə fəlakətə uğrayır?
Ümumi mənzərə onu deməyə əsas verir ki, mövcud hakimiyyət üçün təhsil, elm, müəllim sonuncu dərəcəli məsələdir və bu problemlərin heç vaxt həllini tapmaması problem yaratmır.
Bu gün ölkədə kifayət qədər qurumlar, komitələr var ki, onların ayrı-ayırılıqda fəaliyyət göstərməsinə ehtiyac yoxdur və bu qurumlar yalnız büdcəni seyrəltəməyə xidmət edir. Elmlər Akademiyasında ixtisar aparmaq əvəzinə, bu strukturları ləğv etmək lazımdır.
Amma Siyavuş Novruzovu da qınamaq olmur. PA rəhbəri özü etiraf edir ki, Elmlər Akademiyası bazara dönüb, elmi adlar tapşırıq əsasında verilir, təhsil sistemi çöküb.
Yəqin Siyavuş Novruzov bazarların ləğv olunub, vahid “yarmarka” yaratmağın tərəfdarıdır.
S.Novruz