Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi Beynəlxalq Qırmızı Xaç Komitəsini Leyla Yunusa və digər xəstə siyasi məhbuslara baş çəkməyə, habelə onların sağlamlıq vəziyyətini nəzarət altına götürməyə çağırıb. Bu barədə Komitənin yaydığı bəyanatında deyilir:
“Yerli və beynəlxalq ictimaiyyətin təkidli tələblərinə baxmayaraq Əliyev rejimi siyasi məhbusları azadlığa buraxmaq əvəzinə müxtəlif vədlər verir, İşçi Qrupu yaradaraq vaxt qazanmağa və gözdən pərdə asmağa çalışır. Eyni zamanda yeni qanunsuz həbslər həyata keçirir, həbsdə olan siyasi məhbusların saxlanma şəraitinin yaxşılaşması, onların sağlamlığı ilə bağlı lazımı addımlar atmır.
Təəssüflə qeyd etmək lazımdır ki, qanunsuz həbsdə saxlanılan tanınmış hüquq müdafiəçisi Leyla Yunusun və digər siyasi məhbusların sağlıq durumlarının nəzarət altında saxlanması və bu istiqamətdə onlara gərəkən yardımların edilməsi barədə dəfələrlə edilən həyacan dolu xəbərdarlıqlara Azərbaycan hakimiyyətinin vaxtında lazımi reaksiya verməməsi hazırda vəziyyəti kritik həddə çatdırıb.
Belə ki, Bakı istintaq Təcridxanasında saxlanılan Leyla Yunusun yaxınlarının və vəkillərinin verdiyi məlumata görə onun hazırda sağlıq durumu vaxtında edilməyən tibbi yardımlara və həkim nəzarətindən kənarda qalmasına görə təhlükəli həddə çatıb. Mədəsində kəskin ağrılar var, dişləri və saçları tökülür. Şəkəri normadan çox artıqdır. Təzyiqi yüksəkdir, gözləri pis görür. Zəifləyib, yeriməyə və ayaq üstə durmağa çətinlik çəkir. Ayaqları şişib və 12 kq arıqlayıb. Naməlum səbəblərdən qarnında və əvvəllər məruz qaldığı əməliyyat yerlərində güclü ağrılar hiss edir.
Yaxınları Leyla Yunusda Hepatit C-nin aktivləşdiyini və qara ciyərdəki proseslərin serroza apardığını ehtimal edir.
Vəziyyət o qədər təhlükəli həddə çatıb ki, L.Yunus özü ilin sonuna qədər yaşayacağına ümid etmədiyini bildirib və vəsiyyətini edib.
Həbsdə olan siyasi məhbuslardan İntiqam Əliyevin, İlqar Məmmədovun, Tofiq Yaqublunun, Əvəz Zeynallının və digərlərinin də səhhətlərində ciddi problemlər var. Hətta İlqar Məmmədov narahatlığı və ağrıları səbəbindən xəstəxanaya yerləşdirilib. Təəssüf doğruran haldır ki, hakimiyyət həbsdə saxladığı siyasi məhbusların vaxtında və lazımi şəkildə müalicə olunmasına müvafiq şərait yaratmır. Əksinə onların xəstəliyini ört- basdır edir, məhbusların özünə və ictimaiyyətə bu barədə yanlış məlumat verir.
Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi hakimiyyətin başda Leya Yunus olmaqla həbsdə olan siyasi məhbuslara lazımi tibbi yardım göstərməməsini qeyri- insanı hərəkət və qisasçılıq cəhdi kimi qiymətləndirir.
Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi Qırmızı Xaç Cəmiyyətini Leyla Yunusa və digər tibbi yardıma ehtiyacı olan siyasi məhbuslara baş çəkməyə, onların sağlıq durumunu nəzarətə götürməyə çağırır.
Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi bir daha hakimiyyəti həbsdə olan bütün siyasi məhbusları qeyd- şərtsiz azadlığa buraxmağı tələb edir və bəyan edir ki, qanunsuz həbsdə olan məhbusların səhhətində yaranacaq hər hansı xoşa gəlməz duruma görə Əliyev rejimi məsuliyyət daşıyır”.