Şəhid atası Şirzad Abdullayevlə bağlı ilginc faktlar açıqladı
“İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Milli Kömək Fondunun rəhbəri Şirzad Abdullayev Azərbaycanca sahibkarlığın inkişafına əngəl olur”. Bu sözləri şəhid atası Əli Hüseynov ölkə başçısı İlham Əliyevə müraciətində yazıb. Əli Hüseynov bildirir ki, oğlu fermer təsərrüfatı qurmaq üçün “Azəriqazbank”dan kredit götürmək istəyir. Lakin Şirzad Abdullayev buna mane olur: “Şirzad Abdullayev başımıza oyun açır. Biz məcbur olub oktyabr ayında sizə və nazir Şahin Mustafayevə müraciət etdik. Şahin Mustafayevi Allaha and verdirdik ki, bizi qəbul etsin. Amma bizi nazirliyin şöbə müdiri Ayaz müəllim qəbul etdi. O bildirdi ki, kredit götürə bilərsiniz, lakin bank sənədlərinizi Fonda yollamalıdır. Bu barədə bankın rəhbərliyinə teleqram vurduq. Onlar nazirliyin Mahir adlı şöbə müdiri ilə əlaqə saxlayıblar. Həmin şəxs isə bildirib ki, Hüseynovların sənədlərini bizə göndərməyin. Çünki Şirzad Abdullayev şəhid ailəsindən 15-20 faiz “şapka”nı ala bilməyib. Mən dərhal bu barədə Ayaz müəllimi məlumatlandırdım. O, isə dedi ki, bankdan rəsmi cavab alın və sonra yanıma gəlin.
Cənab prezident, əminəm ki, Şirzad Abdullayev banka tapşırıb ki, Hüseynovların sənədləri ilə bağlı bir bəhanə tapın və onlara “yox” cavabı yollayın. Buna görə də sizə mətbuat vasitəsilə müraciət etməyə məcbur oldum.
Şahin Mustfayev hər gün işə gəlsə də, bizi qəbul etmir. Bilir ki, işçisi həqiqətən də şəhid ailəsindən “şapka” istəyib. Siz tapşırmısınız ki, sahibkarlara yardım edilsin. Amma biz bunun əksini görürük. Bundan başqa mən həm də şəhid atasıyam. Demisiz ki, şəhid ailələrinə hörmət edin, problemlərinin həllinə yardım göstərin. Amma mən 2 ay 10 gündür ki, heç bir yardım və hörmət görmürəm, şikayətimə baxan yoxdur. Təəssüf ki, bəzi məmurlar sizin göstərişlərinizin əksini edir, kobud surətdə qanunları pozur, sahibkarların, şəhid ailələrinin hüquqlarını pozur”.
Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb. Bununla belə yazıda adı hallanan şəxslərin də mövqeyini dərcə etməyə hazır olduğumuzu bildiririk.