Ali Məhkəmənin hakimi Əli Rüstəmovun yaşı ilə əlaqədar başa çatmış səlahiyyət müddəti uzadılıb. “Mediaforum”un bu barədə yaydığı məlumatda bildirilir ki, qərar dövlət başçısı Ilham Əliyevin təqdimatı ilə Milli Məclisin 28 oktyabr iclasında qəbul edilib.
Xatırladaq ki, 1949-cu ildə anadan olmuş Əli Rüstəmov 2000-ci ildən Ali Məhkəmənin hakimidir.
“Məhkəmələr və hakimlər haqqında” qanuna əsasən, hakimlər beş il müddətinə təyin olunurlar. Son yaş həddinə – 65 yaşına çatmış hakimin səlahiyyət müddəti Məhkəmə-Hüquq Şurasının təklifilə 70 yaşadək artırıla bilər.
Mövzunu “Azadlıq”a şərh edən tanınmış hüquqşünas Müzəffər Baxışov deyir ki, Məhkəmə-Hüquq Şurası hakimin 70 yaşa kimi işləməsini məqsədəuyğun hesab etsə, o halda, həmin yaş həddinin 70 yaşa qədər uzadılması üçün prezidentə və ya parlamentə müraciət edir: “Qərar qəbul olunarkən hakimin təcrübəsi, digər müsbət keyfiyyətləri orda nəzərə alınır. Nəzərə çatdırım ki, Ali Məhkəmənin hakimi olan Əli Rüstəmov Azərbaycandakı ləyaqətli hakimlərdən biridir. Yəni, mən onun təcrübəsindən 70 yaşa qədər istifadə edilməsini müsbət hal kimi qiymətləndirirəm. Əli Rüstəmov hakim kimi çox ədalətli insandır. Azərbaycanın indiki vəziyyətində, əksər hakimlərin şəxsi maraqlarından çıxış edərək qərarlar qəbul etməsini nəzərə alaraq, onun kimi şərəfli və obyektiv insanın 70 yaşa kimi hakim vəzifəsində işləməsi daha məqsədəuyğundur”.
Nigar