Oktyabrın 23-də Yasamal Rayon Məhkəməsi vəkil Əlayif Həsənovun işi üzrə xüsusi ittihamı icraata qəbul edib.
Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla bir kamerada saxlanan Azərbaycan vətəndaşı Nuriyyə Hüseynova Əlayif Həsənovu böhtan və təhqirdə günahkar bilərək xüsusi ittiham qaydasında məhkəməyə verib. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də işə cəlb olunub.
Bir müddət öncə Əlayif Həsənov müdafiəçisi olduğu Leyla Yunusa istinadla mediaya bildirib ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir, qohumlarının gətirdiyi bəzi şeyləri onun əlindən alır, içəridə söyüş söyür, istirahət etməsinə, yuyunmasına imkan vermir. Bu açıqlama “Azadlıq” qəzetində də dərc olunub.
Hazırda Fransada yaşayan Qənimət Zahid oktyabrın 27-də “Media forum” saytının suallarını cavablandırıb.
– Sizə məhkəmə çəkişməsinə cəlb olunmağınız barədə məlumat verilibmi?
– Mətbuatdan xəbər tutmuşam. Ötən il də iki nazir mənim həbsim üçün məhkəməyə müraciət etmişdi. O zaman da mətbuatdan xəbər tutmuşdum ki, belə bir olay var.
– Məhkəmənin sizin haqda çıxardığı qərara münasibətiniz necədir?
– Bu cür mənasız iddianın məhkəmədə qəbul edilməsi məni təəccübləndirmir. Həm Əlayif Həsənova qarşı, həm də mənə qarşı iddianın heç bir anlamı yoxdur. Əlayif Həsənova qarşı iddia təşkil edilib və məqsəd Leyla Yunusun müdafiəsini zəiflətməkdir.
– Barənizdə həbs qərarı verilsə, hansı addımlar atacaqsız?
– Belə bir qərar verilsə, ya özüm gələrəm, ya da yerimə bir nəfər göndərərəm. Amma dərhal da qeyd edim ki, “Azadlıq”da gedən materialların əksəriyyəti, o cümlədən də sözügedən məhkəmə çəkişməsinə səbəb olan yazı məhz mənim redaktəmdən keçərək qəzetə qoyulub. Buna görə də ya özüm gəlib təcridxanaya girməliyəm, ya da yerimə adam göndərmək mümkündürsə, bunu edərəm.
– Vəkiliniz varmı?
– Əlayif bəy özü vəkildir. Yəqin ki, mənim də müdafiəmlə məşğul olar.