Gözəl Bayramlı: «İnsan hüquq və azadlıqlarının pozulması heç bir ölkənin daxili işi ola bilməz»
“Insan hüquqları üzrə işçi qrupun fəaliyyətinin bərpasının faydası Azərbaycan cəmiyyəti, dövləti, vətəndaşları üçündür” – bunu “trend”ə sözügedən işçi qrupun üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
O bildirib ki, işçi qrupun fəaliyyəti Avropa Şurasında qondarma siyasi məhbus mövzusunun meydana atılması nəticəsində dayanıb: “Əlbəttə ki, belə formatda əməkdaşlıq artıq heç bir effekt vermirdi. Amma biz özümüz düşündük ki, nə Avropa Şurasının, nə də başqa beynəlxalq təşkilatların dediyi qeydlərə, tənqidlərə əhəmiyyət verməliyik, Azərbaycanın vətəndaş cəmiyyətində kifayət qədər sağlam düşüncəli insanlar var, onlar bəzən hakimiyyəti də, həyata keçirilən işləri də tənqid edirlər, amma Azərbaycanın dövlətçiliyi məsələsində, milli təhlükəsizlik məsələsində onların çox ciddi mövqeləri var. Qərara gəldik ki, bütün bunlara baxmayaraq, geniş spektrdə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməliyik və bunun faydası ancaq Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti, Azərbaycan vətəndaşları üçündür. Yəni, beynəlxalq təşkilatların hansısa bir rəyi, fikri ikinci dərəcəlidir. Ən başlıcası odur ki, əgər hansısa cəmiyyətdə bir fikir varsa, vətəndaş cəmiyyəti, qeyri-hökumat təşkilatı bir problemi qaldırırsa, ona çevik reaksiya vermək mümkün olsun”.
AXCP sədrinin müavini Gözəl Bayramlı Əli Hüseynlinin dediklərinə münasibət bildirərkən ilk növbədə təəssüfünü ifadə etdi. Gözəl xanım deyir ki, insan haqları, siyasi məhbuslar məsələsi təkcə Azərbaycanın problemi deyil. Çünki Azərbaycan konkret olaraq Avropa Şurasına üzv qəbul olunarkən üzərinə insan hüquqlarının müdafiəsi, siyasi məhbus probleminin həlli barədə öhdəlik götürüb.
“Bu problemlər əksər beynəlxalq strukturlarda müzakirə olunur. Siyasi məhbus problemi, insan haqlarının kobud şəkildə pozulması beynəlxalq təşkilatların müzakirə predmetinə çevrilib. Əslində, işçi qrupun fəaliyyəti beynəlxalq təpkiləri nəzərə alaraq xeyli vaxt idi ki, dayanmışdı. Siyasi məsələlərlə bağlı imitasiya siyasəti yürüdərək yenidən bunları gündəmə gətirirlər”, – deyə Gözəl Bayramlı bildirib.
AXCP yetkilisi onu da qeyd edib ki, insan hüquq və azadlıqları heç bir ölkənin daxili işi deyil və ola da bilməz: “Beynəlxalq aləmdə insan hüquq-azadlıqlarının pozulması məsələsində xalqlar qarşılıqlı şəkildə bir-birini müdafiə edir. Təəssüf ki, Azərbaycanın hazırkı hakimiyyəti bu haqda yanlış fikirdədir. Bunlar elə düşünür ki, yaratdıqları problem elə Azərbaycanda da qalmalı, demokratik dünyanın diqqətinə çatdırılmamalıdır. Azərbaycanda insan-hüquq azadlıqlarının pozulması, siyasi məhbus problemi təkcə bu ölkənin daxili işi ola bilməz. Bunu birdəfəlik bilməlidilər”.
Nigar