Əli Kərimli: «Eldəniz Quliyevin məhkəməyə çəkilməsi prinsipial ziyalılara təzyiq cəhdidir»
Tanınmış ziyalı, Milli Şuranın Koordinasiya Mərkəzinin Eldəniz Quliyevlə Daxili işlər naziri Ramil Usubov arasındakı məhkəmə prosesi dünənə təyin olunsa da, iclas baş tutmayıb. Buna səbəb isə Eldəniz Quliyevin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqovun məhkəmədə iştirak etməməsi olub. Bu iş üzrə məhkəmənin növbəti iclası oktyabrın 29-u saat 16:00-a təyin edib.
AXCP sədri Əli Kərimli “moderator.az”a açıqlamasında Eldəniz Quliyevin Ramil Usubovla məhkəmə çəkişməsi sonucunda həbs edilə bilməsi ehtimalını şərh edib. Əli Kərimli bildirib ki, hakimiyyət tərəfindən belə bir addımın atılması bütövlükdə Azərbaycan üçün arzuedilməz nəticələrə səbəb ola bilər: “Eldəniz bəyə qarşı məhkəmə prosesinin başladılmasının özü absurddur. Eldəniz bəyin açıqlamalarında, yazılarında heç bir qanun pozuntusu yoxdur. Mən bunu yalnız siyasətçi kimi deyil, həm də bir hüquqşünas kimi deyirəm. Heç bir ciddi adam bu məhkəmə işinin hansısa perspektivə malik olduğunu düşünməz. Eldəniz bəyin məhkəməyə çəkilməsi Azərbaycanın prinsipial ziyalılarına təzyiq göstərmək cəhdidir. Milli Şura, Xalq Cəbhəsi olaraq, Eldəniz bəyə dəstək veririk. Özüm də onun məhkəməsində iştirak etmişəm. Eldəniz bəyin bütün məhkəmələrində Xalq Cəbhəsinin fəalları iştirak edirlər. Milli Şura birmənalı şəkildə bu məsələdə Eldəniz bəyin arxasındadır. Ümid edirəm ki, Azərbaycan hakimiyyətinin təmsilçiləri başlatdıqları bu absurd işi başa çatdırmayacaqlar. Başa düşəcəklər ki, bu işin heç bir perspektivi yoxdur. Eldəniz bəyə hər hansı cəzanın verilməsinə dair hökm Azərbaycan üçün ciddi təhlükəyə çevrilə bilər. Ümid edirəm ki, onlar bu səhv yolu sona qədər getməyəcəklər. Buna ümidliyəm…”