İlahə Həşimli: «Atasını şüşə arxasından görüb ağlayır, onu dərmanla sakitləşdirirəm, heç olmasa bir dəfə açıq görüş versinlər»
Jurnalist və hüquq müdafiəçisi, MTN tərəfindən saxta ittihamlarla həbs olunan Pərviz Həşimliyə övladı ilə açıq görüş verilmir. Pərviz Həşimlinin xanımı Ilahə Həşimli “Azadlıq”a bildirib ki, jurnalisti yalnız şüşə arxasından görə bilirlər.
“Bu isə 6 yaşlı Zeynəbin sarsıntı keçirməsinə səbəb olur. Təsəvvür edin, uşaq neçə aydır atasını görə bilmir, indi onu görür amma qucaqlaya bilmir. Şüşə arxasından atasına baxıb ağlayır. Mən hər dəfə görüşdən qayıdandan sonra uşağı dərmanla sakitləşdirirəm. Bu sadəcə əzabdır. Heç olmasa bir dəfə açıq görüşə icazə versinlər, uşaq atasının qucaqlaya bilsin”, – deyə Ilahə Həşimli bildirib.
Pərviz Həşimlinin xanımı bildirib ki, bu məsələ ilə bağlı ərizə ilə ombudsman Elmira Süleymanovaya və Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət edib. “Onlardan xahiş etmişəm bu məsələdə kömək etsinlər. Lakin nəticəsi yoxdur. Mən bir daha qəzetiniz vasitəsilə bu şəxslərə, eyni zamanda millət vəkillərinə müraciət edirəm. Onlardan xahiş edirəm ki, 6 yaşlı uşağın atasını heç olmasa bir dəfə qucaqlaması üçün açıq görüşə icazə verilməsinə yardımçı olsunlar”.